İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Ölkəmizi 12 cüdoçu təmsil edəcək

Martın 11-12-də İtaliyanın paytaxtı Romada cüdo üzrə açıq Avropa kuboku yarışları keçiriləcək. 

turnirdə ölkəmizi 12 cüdoçu – Rəşad Yelkiyev, Kənan İsmayılov (hər ikisi 60 kq), İsmayıl İbrahimov, Tofiq Əliyev (hər ikisi 66 kq), Telman Vəliyev, İbrahim Əliyev, Zaməddin Poladov (hər üçü 73 kq), Məhərrəm İmamverdiyev (81 kq), İbrahim Ağakişiyev (90 kq), Adil Kərimli, Ruslan Nəsirli və Aslan Mirzəyev (hər üçü 100 kq) təmsil edəcək.

Turnirdə 37 ölkədən 427 cüdoçu birincilik uğrunda mübarizə aparacaq.

 

 

Paraüzgüçülərimiz dünya seriyasında yarışacaqlar

Martın 7-dən 13-dək İtaliyanın Liqnano Sabbiadoro şəhərində paraüzgüçülük üzrə dünya seriyası yarışları keçiriləcək. 

Azərbaycan Milli Paralimpiya Komitəsinin məlumatında deyilir ki, yarışda milli komandamızın üzvləri də iştirak edəcəklər. 

Turnir iştirakçılara “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandıracaq.

Qeyd edək ki, yarışdan əvvəl Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq idmançılar üçün tibbi təsnifat keçiriləcək. Tibbi təsnifatdan uğurla keçmiş idmançılar yarışda iştirak hüququ əldə edəcəklər. 

 

 

 Gimnastlarımız Almaniyada üç gümüş medal qazanıblar

Gənc bədii gimnastlarımız Almaniyanın Fellbax-Şmiden şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Qrup hərəkətləri yığmamız turniri üç gümüş medalla başa vurub. 

Yarışda ölkəmizi təmsil edən Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovanın yer aldığı qrup hərəkətləri komandamız çoxnövçülüklə yanaşı, 5 ip və 5 topla hərəkətlərin icrasında fəxri kürsünün ikinci pilləsində yer alıblar.

 

 

Təmsilçimiz beynəlxalq hakimlik dərəcəsinə layiq görülüb

İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən akrobatika gimnastikası üzrə hakimlik imtahanlarında təmsilçimiz Lalə Hüseynova ilk dəfə beynəlxalq dördüncü hakimlik dərəcəsi əldə edib.

Qaydalara əsasən, hər Olimpiadadan sonrakı yeni Olimpiya dövründə gimnastika idman növləri üzrə qaydalara dəyişikliklər edildiyi üçün hakimlər sahib olduqları hakimlik dərəcələrini hər dörd ildən bir təsdiqləməli və ya daha yüksək dərəcə almalıdırlar.

Nərgiz İSMAYILOVA,

“Respublika”.