İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Bakıda dünya kuboku yarışları

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışları keçirilir. Builki yarışda ümumilikdə 48 ölkədən 173 idmançı iştirak edir.

Dörd gün davam edəcək yarışların ilk iki günündə təsnifat, sonrakı iki günündə isə final mərhələləri keçiriləcək. Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" kuboku da təqdim olunacaq.

Turnirin birinci günündə kişilər sərbəst hərəkətlər, paralel qollar, halqalar, qadınlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzrə təsnifat yarışlarında güclərini sınayıblar. Turnirdə ölkəmizi Samirə Qəhrəmanova, Nazənin Teymurova, Nikita Simonov və İvan Tixonov təmsil edir.

Nazənin Teymurova yarışın birinci günündə dayaqlı tullanma hərəkətlərdə çıxışını təqdim edib. Gimnastımızın çıxışı hakimlər tərəfindən 12,833 xalla qiymətləndirilib.

 

Ölkəmizi təmsil edəcək idmançılar məlum oldu

Martın 20-də Türkiyənin paytaxtı Ankarada start götürəcək muay-tay üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan idmançıları bəlli olub. Yeniyetmələr, gənclər və kişilər arasında təşkil olunacaq yarışda ölkəmizi 21 idmançı təmsil edəcək. Avropa çempionatında Azərbaycanın beynəlxalq dərəcəli 3 hakimi - Fərid Qarayev, Həmidə Xəlilova və Vüqar Əsədov iştirak edəcəklər. Martın 29-dək davam edəcək yarış bu il Polşada keçiriləcək III Avropa Oyunlarına lisenziya xarakteri daşıyır.

 

Şahmatçımız beynəlxalq turnirdə iştirak edir

Özbəkistanın paytaxtı Daşkənddə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan beynəlxalq şahmat turniri keçirilir. Yarışda 10 ölkədən 111 şahmatçı mübarizə aparır. Turnirdə ölkəmizi Gülnar Məmmədova təmsil edir. Üç turdan sonra aktivində 3 xal olan Valentina Qunina turnir cədvəlinə başçılıq edir. Şahmatçımız Gülnar Məmmədova 2,5 xalla 3-9-cu yerləri bölüşür. Yarışın baş hakimi həmyerlimiz İlahə Qədimovadır.

 

Ölkə birinciliyi keçiriləcək

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası martın 11-də Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində "Gənclər Kuboku" adı altında ölkə birinciliyi keçirəcək. Turnirdə Mingəçevir və Bakıdan olan 2005-2010-cu il təvəllüdlü 80 yeniyetmə və gənc idmançı mübarizə aparacaq. Avarçəkənlər akademik, kayak və kanoe növlərində yarışacaqlar. "Gənclər Kuboku"nda fərqlənən idmançılar mayın 4-dən 7-dək keçiriləcək "Prezident Kuboku" beynəlxalq reqatasında iştirak hüququ qazanacaqlar.

Nərgiz İSMAYILOVA,

"Respublika".