DÖVLƏT SUVERENLİYİ: Qərbi Azərbaycan kontekstində tarixi-hüquqi-siyasi təhlil
Tarix

DÖVLƏT SUVERENLİYİ: Qərbi Azərbaycan kontekstində tarixi-hüquqi-siyasi təhlil

(əvvəli 10 və 11 mart tarixli sayımızda)

1919-cu il noyabrın 23-də Azərbaycanın Baş naziri N.Usubbəyov və Ermənistanın Baş naziri A.Xatisov ölkələr arasında sülh müqaviləsi imzaladılar. Bununla da müqaviləyə müvafiq olaraq Azərbaycan öz hərbi hissələrini Zəngəzurdan çıxardı, Ermənistan isə əksinə, dərhal öz qoşunlarını ora göndərməklə yalnız müqaviləni deyil, bütövlükdə bölgədə sabitliyi pozdu. Həmin ərəfədə Bakıdakı ingilis hərbi jurnalist Robert Scotland Liddell Londona göndərdiyi məktubda bildirir ki, "23 noyabr müqaviləsindən günlər keçməmiş ermənilər xainliklə Zəngəzurda müsəlman kəndlərinə basqınlar edir, qısa müddət ərzində 40-dan çox kəndi viran qoyub, əhalini isə məhv ediblər...". Azərbaycanın Baş naziri N.Usubbəyov Zəngəzurdakı son hadisələrə toxunaraq, 8 dekabr 1919-cu ildə Ali Komissar Vilyam Qaskelə müraciətində öz narahatlığını bildirmişdir. O, Zəngəzurun erməni əhalisinin terrorçuları dəstəkləməsi, silahlanması, onların yenidən iğtişaş və münaqişə törədəcəkləri, həmçinin bu vəziyyətin bölgədə anarxiya yaradacağı barədə dəqiq fikirlər söyləmiş, yerli erməni quldur dəstələrindən bütün silah-sursatı yığıb götürmək üçün 5 gündən gec olmayaraq Zəngəzur qəzasına ABŞ hərbi zabitlərindən ibarət komissiya göndərməyi təklif etmişdir. Eyni zamanda, Azərbaycan hökuməti xəbərdarlıq etmişdir ki, əks halda, cinayət və terror törədən erməni daşnaklarını Zəngəzurda dinc yaşamaq prinsiplərinə əməl etməyə məcbur etmək üçün konkret addımlar atılacaq. Britaniya öz qoşunlarını Azərbaycandan çıxardıqdan dərhal sonra Bakıya gələn Böyük Britaniyanın Moskvadakı keçmiş baş konsulu, Zaqafqaziya Ali Komissarı Oliver Uordrop erməni hərbi qüvvələrinin 23 noyabr 1919-cu il müqaviləsini pozduğunu bildirdi.

Rus diplomatı general Mayevski "Ermənilərin törətdiyi kütləvi qırğınlar" kitabında öz xatirələrində qeyd edirdi ki, ibtidai məktəblərdən tutmuş ali məktəblərə qədər bütün erməni məktəbləri Avropa paytaxtlarında ifrat dərəcəyə çatdırılmış erməni təbliğatçılarının qızğın fəaliyyət meydanına çevrilmişdir. Vətənpərvərlik ruhunda mədhiyyə və mahnılar, kəskin satira və təmsillər müəllimlər vasitəsilə yeniyetmələrin qəlbinə düşür, onlarda müsəlmanların "mənfur" hakimiyyətinə qarşı qəzəb, kin-küdurət hissi heç kimə məlum olmayan gələcəyin fantastik illüziyalarının bütöv bir silsiləsini alovlandırırdı. Beləliklə, qısa vaxt ərzində onların yaratdığı illüziyanın müdafiəsi üçün qanlı qırğınlara hazır olan qudurğan, inadkar gənclər yarandı…

Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən O.Uordrop 1919-cu ilin oktyabrından 1920-ci ilin aprelinə qədər erməni qoşunlarının İrəvan və Yelizavetpol quberniyalarında dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri qanlı cinayətlər barədə Londona məlumat göndərmişdir. Həmin məlumatlardan alınan nəticəni aşağıdakı kimi ümumiləşdirmək olar: Müttəfiqlərin, yəni Qərb dövlətlərinin Cənubi Qafqazın müstəqil respublikaları ilə münasibətlərində təmiz, dəqiq siyasi xətt olmamışdır. Bu səbəbdən də Qərb dövlətlərinin diplomatik-siyasi dairələri arasında xalqların taleyinə açıq biganəlik göstərilmişdir. Bu amillər Cənubi Qafqaz respublikalarının siyasi müstəqilliklərini itirməsinə, yəni sovet Rusiyası tərəfindən işğal edilməsinə şərait yaratmışdır.

Azərbaycan hökumətinin Qarabağ və Zəngəzuru müdafiə tədbirləri

O.Uordropun 15 dekabr 1919-cu il tarixli hesabatında yazılırdı: "Azərbaycanın baş naziri erməni hərbi artilleriya dəstələrini Zəngəzur kəndlərində qırğın törətməkdə ittiham edərək teleqram göndərdi". 15.12.1919-cu il.

"Hələ də Zəngəzurda erməni təcavüzü barədə məlumatlar var. Bu hadisələr insanların əhvali-ruhiyyəsini getdikcə daha da pisləşdirir, onlar hökumətdən təcili tədbirlər görməsini tələb edir... Mənim İrəvana səfərimin əsas məqsədi Zəngəzurdan hərbi qüvvələrin və artilleriyanın çıxarılması üçün Ermənistanın Baş nazirinə təzyiq etmək və günahkarları cəzalandırmaq idi. Mən artıq Zati-alilərinə məktub göndərmişəm, ermənilərin təcavüzünə görə Əlahəzrət hökumətinə (Britaniyaya) Ermənistana yardım göstərməməyi tövsiyə edirəm". 28.01.1920-ci il.

Bu hesabat özündə bir sıra proseslərin faktologiyasını ehtiva edir. Əsas fakt isə ondan ibarətdir ki, Britaniya erməni daşnaklarına daim yardım göstərmişdir. Əks təqdirdə, yuxarıdakı hesabatda "Ermənistana yardım göstərməməyi tövsiyə edirəm" təkidi qələmə alına bilməzdi.

1919-cu il dekabrın 14-dən 21-dək Tiflisdə iki ölkə arasında bütün kritik məsələlərin həllinə dair növbəti Ermənistan-Azərbaycan sülh konfransı keçirilmişdir. Konfransın ən vacib mövzusu respublikalar arasında mübahisəli ərazi problemi idi. Lakin tərəflər arasında müəyyən bir anlaşma mümkün olmadı. Belə ki, Ermənistan tərəfi ümumiyyətlə qeyri-konstruktiv mövqe tutaraq Azərbaycan ərazilərinə iddia etmiş və buna dair müvəqqəti delimitasiya tələbi ilə çıxış etmişdir. Əslində bu, Azərbaycan hökuməti üçün təəccüblü deyildi. Çünki İrəvanın güzəştə gedilməsindən sonrakı proseslər göstərmişdir ki, heç vaxt qane olmayacaq separatçı köçəri etnosun məkrli məqsədi nədir, həmin məqsəddən doğulan iddiaları bitib-tükənməyəcək. Yeri gəlmişkən, yüz ildən artıqdır ki, məkrli məqsəd və iddialar hələ də davam edir.

 Paris Sülh Konfransında "erməni məsələsi" vacib bir məsələ kimi gündəlikdə idi. Məsələnin qoyuluşu daşnakların istədiyi kimi nəticələnsəydi, onlar nəinki Qarabağ və Zəngəzur torpaqları, Ermənistanın birinci baş naziri H.Kaçaznuninin dediyi kimi, "Aralıq dənizindən Qara dənizə, Qarabağ dağlarından Ərəbistan səhralarına qədər" uzanan sərhədləri olan "böyük Ermənistan" fantaziyalarına iddialı olacaqdılar... 

1920-ci ildə general Həbib bəy Səlimovun komandanlığı altında Şuşa və Əsgəranda hərbi qərargah yaradılaraq ağır döyüşlərdən sonra Qarabağ general-qubernatorluğunun hakimiyyəti yenidən bərpa edilmişdir. "Ara bir az sakitləşən kimi Şuşanı yenə gördüm. Şəhərin türk məhəlləsində yığınlarından başqa bir şey qalmamışdı. Bütün evlər yandırılmış, onların sahibləri isə öldürülmüşdü. Eyni hal Xankəndidəki türk məhəlləsinin də başına gətirilmişdi… Bakıda ermənilər ingilislərin yardımı ilə bu böyük neft şəhərini ələ keçirdilər və şəhərin türk əhalisindən 25.000 nəfərini qırdılar" (L.R.Hartvill. İnsanlar belədir. ABŞ, İndianapolis. "Bobbs Meril kompani" nəşriyyatı, 1928).

Geri oturdulan erməni separatçılarını idarə edən Ermənistan hökuməti iki istiqamətdə fəaliyyətə başlamışdır: hərbi və diplomatik.

Zəngəzur və Qarabağ ərazisini Azərbaycandan qoparmaq üçün yenidən silahlanmağa dair planlar və əlaqələr qururdular. Bu, baş nazir A.Xatisov və xarici işlər naziri H.Ohancanyan arasındakı məxfi yazışmalarda da öz əksini tapmışdır. A.Mikoyanın 1919-cu ildə Leninə yazdığı məktubda qeyd olunurdu ki, erməni hökumətinin daşnak agentləri Qarabağı Ermənistana birləşdirməyə çalışırlar. Bu, Qarabağ əhalisinin Bakıdakı həyat mənbəyindən məhrum olmaq, heç zaman heç nə ilə əlaqəsi olmayan İrəvanla bağlanmaq deməkdir. Lakin erməni kəndliləri V qurultayda Azərbaycanı tanımağı və ona birləşməyi qərara aldılar.

Bolşevik hökuməti Cənubi Qafqaza ordu yeritməsini təşviq edərək Azərbaycana qarşı apardığı təxribatlarda üstünlük qazanmağa çalışırdı. Nəhayət, 1920-ci ildə Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan arasında Sülh konfransı başladı, üç gün davam edən tədbirdə Qazax, Qarabağ, Zəngəzur, Ordubad və Naxçıvan istiqamətində ermənilərin müsəlmanlara hərbi təcavüzlərinin dərhal dayandırılmasına dair qərar qəbul edildi. Lakin bununla belə, bağlanan bütün müqavilələr nəticəsiz olmaqla Azərbaycan mütəmadi olaraq ermənilərin təcavüzünə məruz qaldı. Hansı ki, elə həmin ərəfədə Şaumyanın rəhbərliyi ilə işğalçı bolşeviklərin hərbi zirehli gəmisi Xəzərdə dayanıb ilk atəş mərmisini Təzəpir məscidinin minarəsinə atdı...

Sovet hakimiyyəti dövründə Zəngəzur üzərində diplomatik ziddiyyətlər

Cümhuriyyətin süqutu nəticəsində Azərbaycan dövlətinin Kremlə tabe edilməsi, mövcud Azərbaycan SSR-in ərazisinə qarşı edilən hər hansı bir dəyişiklik Azərbaycanın dövlət suverenliyinə zidd olan bir proses idi. Başqa sözlə, məlum tarixdə Azərbaycana köçürülən erməni kütləsini əhali kimi formalaşdırmaq siyasəti nəticəsində Ermənistanın RSFSR tərkibində respublika statusuna malik olması üçün Azərbaycanın tarixi torpaqları Ermənistana verilmişdir.

1920-ci ildən etibarən bolşeviklərin maraqlarına uyğun olaraq daşnakların Azərbaycan torpaqlarına iddiaları mərkəzi hökumətin Qafqazdakı planlarını asanlaşdırır, eyni zamanda, birincinin addımları ikinciyə yol açırdı və bu qarşılıqlı əlverişli proses nəticəsində Azərbaycanda dövlət suverenliyi ilə yanaşı, xalq suverenliyi də pozulurdu. Ona görə ki, suverenlik müasir dünyada ən aktual problem olaraq dünya dövlətlərinin dünəni, bu günü, sabahı barədə taleyüklü məsələləri əhatə edir. Beynəlxalq hüququn prinsiplərinə əsasən dövlət suverenliyi xalq suverenliyinin, xalq suverenliyi isə şəxsiyyət suverenliyinin üzərində bərqərar olur.

Ərazi bütövlüyünə təcavüz edilən bir dövlətin təbii ki, özünümüdafiə imkanları yox idi. Bunun isə iki səbəbi vardı: müstəqilliyini itirdiyinə görə milli ordusu və ya silahlı qüvvələri dağıdılmışdır; Siyasi sistemdə kifayət qədər xalqa özgələşmiş, antimilli və ögey münasibətli aktorlar yer almışdır. İkinci səbəb daha güclü idi. Ona görə ki, N.Nərimanov kimi təmiz məqsədli insanın olmasına baxmayaraq, reallıqda ölkənin taleyi Xalq komissarları Sovetinin sədri Leninin təyinatı ilə 1920-ci ilin yayından etibarən Azərbaycanda siyasi sistemin ixtiyarı S.Orconikidzenin əlində idi. Bununla belə, qərarların qəbuluna V.N.Çiçerin və onun qruplaşması daha çox təsir göstərirdi.

Tarixi Azərbaycan torpaqlarının bir hissəsi olan Zəngəzur mahalının mübahisəli ərazi kimi elan edilməsi Georgi Çiçerinin 1920-ci ildə Kremlin Ermənistandakı nümayəndəsi Lerqana olan teleqramda qeyd edilirdi: "Zəngəzur mübahisəli ərazi kimi tanınır". Həmin Çiçerin ki, eyni tarixdə Ermənistan xarici işlər naziri Ohancanyana göndərdiyi teleqramda "Sovet Rusiyasının Qafqazda bütün fəaliyyəti erməni xalqının əmin-amanlıq şəraitində yaşamasına dostcasına yardım göstərmək məqsədi daşıyır" fikrini əsas kimi götürmüşdür. Mərkəzi hökumətin göstərişi ilə Zəngəzurun mübahisəli ərazi kimi tanınması, əslində həmin ərazinin ermənilərə verilməsinin ideoloji-inzibati əsasının yaradılmasına xidmət edirdi.

Azərbaycan SSR xarici işlər naziri Mirzə Davud Hüseynovun Tiflisdə erməni nümayəndələrlə apardığı danışıqlarda ermənilərin iddiaları təcavüzkarlığa hesablanmışdır və bu səbəbdən danışıqlar nəticəsiz bitmişdir. Elə həmin nəticəsiz danışıqlardan sonra M.D.Hüseynov 1920-ci ildə Çiçerinə məktubunda yazırdı ki, Azərbaycan əhalisi Naxçıvan qəzasını, Ordubadı, Zəngəzuru, Qarabağı qəti olaraq öz torpaqları bilir. Azərbaycan sübut edir ki, adları qeyd edilən ərazilər Cümhuriyyət hökuməti dövründə ona məxsus olmuşdur. Həmin ərazilərin ermənilərə güzəştə gedilməsi türk-müsəlman əhalinin nəzərində sovet hökumətinin təkcə Azərbaycanda deyil, ətraf ölkələrdə də nüfuzdan salınmasına səbəb olacaq... Bu ehtimaldan çox keçmədi ki, əlaltından gizli təşkil edilmiş erməni terror qruplaşmaları Qərbi Azərbaycanın yuxarıda qeyd edilən bölgələrində dinc, silahsız türk əhaliyə qarşı genişmiqyaslı terror, qətliam hadisələri törətdilər. Azərbaycan Milli Arxiv İdarəsinin müvafiq resurslarında qorunub saxlanılan dövlət sənədlərində göstərilir ki, həmin ərazilərdə 200 kənddə 500.000 insan qətlə yetirilmiş, soyqırıma məruz qalmışdır. Törədilən hadisənin həmmüəlliflərindən olan Çiçerinin şübhəli hərəkətlərini müşahidə edən N.Nərimanov Azərbaycanın Moskvadakı nümayəndəsi B.Şaxtaxtinskiyə ünvanladığı məktubda qeyd edirdi: "Erməni quldur dəstələri sərhəd kəndlərini tamamilə talayıblar. Son vaxtlar müharibəyə bənzər bir hadisə baş verir. Müharibə deyil, ermənilərin Azərbaycan ərazisini sistemli olaraq ələ keçirmək prosesi gedir. Son məlumatlara görə erməni dəstələri artıq Gorusa gəlirlər".

Zəngəzurun sovetləşdirilməsi

Moskvanın ermənilərlə apardığı danışıqlar nəticəsində 1920-ci ildə Rusiyanı təmsil edən B.Lerqan, erməniləri təmsil edən A.Babalyan olmaqla tərəflər arasında bağlanan müqavilədə məqsədli şəkildə yerləşdirilən dörd bənd, Azərbaycana qarşı təxribat xarakterli yaradılmış ərazi mübahisələri ilə bağlı olmuşdur. Qeyd edilməsi zəruri olan məqamlardan biri budur ki, həmin müqavilənin giriş hissəsində sovet Rusiyası Ermənistanın müstəqilliyini tam olaraq tanıyır, ikinci bəndində isə Ermənistanın hərbi düşərgələrinin yerləşdiyi ərazidən başqa bütün əraziləri, "mübahisəli ərazilər" hesab edilir. Qarabağ, Zəngəzur, Naxçıvan əraziləri sovet orduları tərəfindən tutulur, V bənddə sovet hakimiyyəti ilə ermənilər arasında sülh müqaviləsi bağlanana qədər dəmir yolunun yerləşdiyi bütün ərazilərin Şahtaxtlı-Culfa hissəsi Ermənistana birləşdirilir. Göstərilən fakt onu deməyə imkan verir ki, sovet hakimiyyətinin əsas mərkəzi, onun ermənipərəst siyasi aktorları və inzibati-diplomatik korpusları Ermənistanla müqayisədə nəinki Azərbaycanın istiqlaliyyətinə, dövlət müstəqilliyinə hörmət etmir, hətta xalq suverenliyinə belə məhəl qoymurdu.

1920-ci ildə Azərbaycanda olan Serqo Orconikidze 19 iyulda V.Leninə və G.Çiçerinə ünvanladığı teleqramda bildirirdi ki, "Qarabağda və Zəngəzurda Sovet hakimiyyəti elan edilib. Adı qeyd edilən hər iki ərazi özünü Azərbaycanın bir hissəsi hesab edir". Onun təkidlə vurğuladığı əsas məqam isə "Azərbaycan Qarabağsız və Zəngəzursuz heç bir halda razılaşa bilməz" həyəcanı idi...

İndiki Ermənistan ərazisinə sovet dövründə üzərinə "məxfi" qrifi qoyulmuş qərarla xaricdən 500 min erməni köçürüldü və məhz Zəngəzur ərazisinə yerləşdirildi. 1921-ci ildən 1929-cu il fevralın 29-na qədər Qərbi Zəngəzur Azərbaycan xalqının iradəsi olmadan, heç bir referendum keçirilmədən hissə-hissə Ermənistana verildi. Bununla da Naxçıvan ilə Azərbaycan arasında əlaqə də kəsildi. Hadisələrin sonrakı gedişi göstərdi ki, bu, Naxçıvanı da işğal etmək niyyəti ilə bağlı idi.

Azərbaycan Xarici İşlər komissarı M.D.Hüseynovun mübahisəli məsələlərə dair konfrans çağırmaq təklifi ilə əlaqədar Ermənistan xarici işlər naziri Ohancanyan 1920-ci ildə belə bir mövqe göstərmişdir: "Ermənistan hökuməti ilə RSFSR-in nümayəndəsi Leqran arasında imzalanan 10.08.1920-ci il tarixli müqaviləyə uyğun olaraq Ermənistanla Azərbaycan arasında ərazi mübahisələri yaxın gələcəkdə Ermənistanla Rusiya arasında bağlanacaq sülh müqaviləsi əsasında həll edilməlidir". Və bununla da həmin konfransda iştirak etməli olan erməni nümayəndələr iştirakdan imtina etdilər.

(davamı növbəti saylarımızda)

 

Xanlar VƏLİYEV,

Hüquq elmləri namizədi, Əməkdar hüquqşünas.

 

Ruşan RUŞANZADƏ,

Siyasi elmlər namizədi.