Dostluq və faydalı əməkdaşlıq məmnunluq yaradır
Siyasət

Dostluq və faydalı əməkdaşlıq məmnunluq yaradır

Azərbaycan-Çin münasibətlərinin daha da genişləndirilməsi gələcək inkişafa böyük perspektivlər vəd edir

"Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumunun 7-ci panel iclası "Qlobal inkişaf və təhlükəsizlikdə Çinin rolu" mövzusuna həsr olunub. İclasda Çinin dünya iqtisadiyyatında artan rolu, ictimai inkişaf və təhlükəsizliyə təsirindən danışılıb.

Qeyd edilib ki, Çində inkişafın səbəbi davamlı islahatların aparılmasıdır. Bu, Çinin gələcəyini təmin etməklə həm də dünyanın inkişafına stimul verir. Həmçinin dünyanın qarşılaşdığı problemlər fonunda Çinin təcrübəsini öyrənməyin önəmi də vurğulanıb, "Bir kəmər, bir yol" layihəsinin əhəmiyyəti, layihənin bir çox ölkələrin inkişafına təsir göstərdiyi bildirilib. Qlobal Bakı Forumunda ilk dəfə iştirak etdiyini və bundan məmnunluq duyduğunu bildirən Çinin Avropa Məsələləri üzrə xüsusi nümayəndəsi, Çinin Almaniyada sabiq səfiri Vu Honqbo Forumun mühüm beynəlxalq platforma olduğunu deyib, bu imkanı yaratdığına görə Azərbaycan rəhbərliyinə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü ifadə edib: "Pandemiya, iqlim dəyişikliyi, münaqişələr dünyamıza baha başa gəldi. Hazırda planetimizdə qeyri-müəyyənlik və qeyri-sabitlik müşahidə olunur. Təhlükəsizlik təmin edilmədən heç bir inkişafdan söhbət gedə bilməz. Çinin təşəbbüslərindən biri də qlobal inkişafdır. Bu təşəbbüs bir neçə əsas sütun üzərində qurulub. Bunlardan inkişaf, innovasiya, harmoniyanı qeyd edə bilərəm", - deyə Vu Honqbo vurğulayıb. Təhlükəsizlik və inkişafın bir-biri ilə sıx bağlı, ölkəsinin dayanıqlı inkişafın tərəfdarı olduğunu qeyd edən xüsusi nümayəndə Çinin sülh istədiyini və başqa ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşdığını diqqətə çatdırıb.

Son üç ildə bütün dünyada və Çində böyük dəyişikliklər baş verib. Çin dünyada ən fəal ölkələrdəndir. Digər ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşan Çin hökuməti sülhün, sabitliyin bərqərar olması üçün təşəbbüs göstərir. 10 il bundan əvvəl analitiklər Çinin uğursuzluğa düçar olacağını desələr də, bu, baş vermədi. Çin son 35 ildə vacib aktora çevrilib. Eyni zamanda çox mühüm tərəfdaş olan Çin həm də vacib ixrac mərkəzi və Asiyanın birbaşa sərmayə mənbəyidir. Hazırda Çin ABŞ-dan sonra dünyanın ikinci ən böyük iqtisadiyyata malik ölkəsidir. Təhlükəsizlik məsələlərində də qlobal reallıqlar var. Çinin inkişafla bağlı təşəbbüsü 100 ölkə və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib. Məhz bu təşəbbüs nəticəsində 1970-ci illərdən bu yana 8 milyon insanın yoxsulluqdan çıxarılması mümkün olub. Bu məsələdə BMT-nin proqramı da böyük rol oynayıb.

"COVID-19 pandemiyası zamanı Çin ölkəmizə vaksinlər ayırdı və bunun nəticəsində Azərbaycan dünyada vaksinasiyaya başlayan ilk ölkələrdən biri oldu". Bu barədə Prezident İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edərkən bildirib. Çinin Azərbaycana vaksinlər ayırmasını ölkələrimiz arasında dostluğun bariz nümunəsi kimi dəyərləndirən dövlət başçısı bu faktın Azərbaycan dövləti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini vurğulayıb və səfərin əlaqələrimizin genişlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib. Dövlət başçısı Çinə rəsmi səfərini, səfər zamanı və beynəlxalq tədbirlərdə Çin Xalq Respublikasının Sədri ilə görüşlərini xatırlayaraq bildirib ki, Si Cinpinin Azərbaycan Prezidentini Çinin böyük dostu adlandırmasından məmnunluq hissi duyur. Vahid Çin siyasətini, onun ərazi bütövlüyü və suverenliyini daim dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində Çinlə əməkdaşlığın əsas prioritetlərdən biri olduğunu vurğulayıb.

Çoxtərəfli əlaqələrə üstünlük verən ölkəmiz Orta Dəhlizlə bağlı Sədr Si Cinpinin təşəbbüslərini tam dəstəkləyir. Eyni zamanda enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq nəzərdə tutulur. Hazırda İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Beləliklə, ölkələrimiz arasında çoxşaxəli münasibətlər qurulub. Ölkə başçısının qeyd etdiyi kimi, bir sıra regional və beynəlxalq problemlərin həllində Azərbaycanla Çinin mövqeləri üst-üstə düşür. Rəsmi Pekin beynəlxalq kürsülərdən Azərbaycanın haqlı mövqeyini həmişə müdafiə etmiş, keçmiş Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın sərhəd toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdar olduğunu dəfələrlə bildirmişdir. Çin BMT Təhlükəsizlik Şurasının veto hüququna malik 5 üzvündən biridir. Onun beynəlxalq problemlərin həllinə geniş təsir imkanlarını nəzərə alsaq, bu cür prinsipial məsələlərdə iki ölkənin rəsmi mövqelərinin üst-üstə düşməsi Azərbaycan üçün çox vacib amildir.

Çin ilə Azərbaycan coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq əlaqələri mövcud olub. Bu münasibətlərin yaranmasında isə tarixi İpək Yolu çox vacib rol oynayıb. Qədim İpək Yolunun Çindən başlayaraq Hindistan, Tacikistan, Özbəkistan, İran və Azərbaycana, buradan isə Avropaya qədər uzanması ölkələrimiz arasında əlaqələri inkişaf etdirmişdir. 2013-cü ildə Çin tərəfindən "Bir kəmər, bir yol" layihəsi irəli sürüldü ki, bu da tarixi İpək Yolunu yenidən canlandırmağa, həmçinin bu yolun keçdiyi ölkələrlə əməkdaşlıq sahələrini genişləndirməyə xidmət edir. Çin tərəfindən irəli sürülən "Bir kəmər, bir yol" qlobal nəqliyyat dəhlizi layihəsini ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olub. Cənab Prezidentin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb.

Azərbaycanın Çin iqtisadiyyatının əsasını təşkil edən "Bir kəmər, bir yol" layihəsinə verdiyi önəm 2017-ci ilin oktyabrında "Bakı-Tbilisi-Qars" dəmir yolunun açılışı ilə öz təsdiqini tapdı. Dövlətimizin başçısı bu baxımdan Çindən Azərbaycan vasitəsilə qərb istiqamətində daşınan yüklərin həcminin artmasını bunun yaxşı nümunəsi kimi dəyərləndirib. Prezident İlham Əliyevin 2019-cu ilin aprelində Çinə səfəri zamanı 10 sənəd imzalanıb. Dövlətimizin başçısının Si Cinpinlə görüşündə Çin rəhbərinin: "Cənab Prezident, Siz Çin xalqının çoxdankı dostusunuz, Çin-Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcrada inkişaf etdirməyə hazıram", - fikri Azərbaycan Prezidentinin şəxsiyyətinə, qlobal siyasətdə yerinə və roluna verilən önəmli qiymət, dövlət başçımıza olan inam və etimadın təzahürü kimi qəbul edilməlidir. İki dövlət rəhbərinin qayğısı sayəsində ölkələrimiz arasında dostluq münasibətləri daha da dərinləşmiş və gələcək inkişaf üçün böyük stimul yaratmışdır.

Bu ilin yanvar ayında Çinin CGTN telekanalına müsahibəsində dövlət başçısı bildirib ki, Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək istəyirik. Çünki Azərbaycanda böyük potensial, Çində isə böyük texnoloji nailiyyətlər mövcuddur. Beləliklə, bu səyləri birləşdirməliyik. Bərpaolunan enerji mənbələri ölkəmiz üçün əsas prioritetlərdən birinə çevrilib. Son bir neçə ay ərzində 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalamışıq. Söhbət həm dənizdən, həm də qurudan gedir. Bu isə regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək. Bütün bunlar belə deməyə əsas verir ki, 30 il ərzində davam edən siyasi münasibətlər artıq ölkələrin yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğunu nümayiş etdirir.

 

Mustafa KAMAL,

"Respublika".