Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə ekskurs edək...

 Ənənəmizə uyğun olaraq bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "I Dünya Müharibəsi"ni oxuculara təqdim edirik.

“Respublika”.

 

I Dünya Müharibəsi

Bəşəriyyətin təkamülü prosesində böyük rol oynayaraq tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən biri də  I Dünya Müharibəsinin başlanmasıdır. 1914-cü il iyulun 28-də başlayan, 1918-ci ilin11 noyabrında bitən bu müharibə bəşəriyyət tarixində İkinci Dünya Müharibəsinə qədərki ən böyük müharibə hesab edilir. Bu hadisədən sonra dünyanın düzəni dəyişmişdir.

II Dünya Müharibəsinin başlanmasına təkan verən bu  müharibədən sonra Avropa ölkələrinin imzaladığı ağır müqavilələr nəticəsində ABŞ dünyanın supergücünə çevrilərək Avropa iqtisadiyyatına müdaxilə etmək imkanı qazandı. Müqavilələrdəki qızıl indeksi kimi ağır şərtlər dünyada iqtisadi böhranın yaranmasına səbəb oldu ki, bu da  II Dünya Müharibəsinin başlaması üçün böyük bir zəmin yaratdı. Bundan əlavə, Polşa, Çexoslovakiya, Yuqoslaviya və Macarıstan dövlətləri yaradıldı. Avropa və Asiyada dövlətlərarası balans pozuldu, Osmanlı, Avstriya-Macarıstan və Rusiya imperiyaları isə  tarixə qovuşdu.

1914-cü ildə Almaniya müharibəyə öz rəqiblərindən daha yaxşı hazırlaşmışdı. Lakin Dünya Müharibəsi İttifaq dövlətlərinin məğlubiyyəti ilə başa çatdı. Antantanın canlı qüvvə və maddi resurslar cəhətdən üstünlüyünün həlledici əhəmiyyəti oldu. ABŞ da Antanta tərəfində idi. Almaniya, Rusiya, Avstriya-Macarıstan və Osmanlı imperiyalarında mövcud olan quruluş Dünya Müharibəsi sınaqlarından çıxmadı və nəticədə dağıldı. Məğlubiyyətlər və inqilablar nəticəsində bu imperiyaların dördü də dünyanın siyasi xəritəsindən silindi. ABŞ, İngiltərə və Fransa imperialistləri özlərinin başlıca rəqiblərinin darmadağın edilməsinə nail oldular və dünyanın yenidən bölüşdürülməsinə başladılar. İmperializmin doğurduğu bu müharibə milyonlarla insanın məhvinə səbəb oldu. Öldürülənlər azı 10 milyon, yaralananlar isə 20 milyon nəfərdən çox idi. Bundan əlavə, çox sayda insan aclıq və xəstəlikdən dünyasını dəyişmişdi. 1914–1918-ci illərdə müharibədə vuruşan başlıca dövlətlərin milli sərvətinin orta hesabla üçdəbir hissəsi məhv olmuşdu. Bütöv kəndlər və şəhərlər yer üzündən silindi, çox sayda dəmiryolları, körpülər, fabrik və zavodlar dağıdıldı. Müharibə bir çox Avropa ölkəsinin sənayesinin, kənd təsərrüfatının və maliyyəsinin dağılmasına səbəb oldu.

Alman hərbi-siyasi dairələri Böyük Britaniya, Fransa və Rusiyanı zəiflətmək, onların müstəmləkələrinin bir hissəsini ələ keçirməklə yanaşı, yeni müstəmləkələr əldə etmək niyyətində idilər. Müttəfiqi Avstriya-Macarıstan imperiyası isə Balkan yarımadasında öz nüfuzunu genişləndirməyə və yeni ərazilər işğal etməyə çalışırdı.

Böyük Britaniya müharibə yolu ilə Almaniyanı zəiflətmək, onun müstəmləkələrinin bir hissəsini ələ keçirmək, Osmanlı imperiyasını bölüşdürmək ümidində idi. Fransa itirilmiş Elzas və Lotaringiya vilayətlərini geri almaq  istəyirdi. Rusiya isə Balkan yarımadasında, Bosfor və Dardanel boğazlarında öz hökmranlığını yaratmağa, həm də Almaniyanı iqtisadi cəhətdən zəiflətməyə çalışırdı.

1914-cü il iyunun 28-də Avstriya-Macarıstan taxt-tacının vəliəhdi Frans Ferdinandın serb millətçisi Qavrila Prinsip tərəfindən öldürülməsi müharibənin başlanması üçün bəhanə oldu. Avstriya-Macarıstan Serbiyaya ultimatum verib qatilin təslim edilməsini istədi. Rədd cavabı aldığı üçün isə Serbiyaya müharibə elan etdi.

Bu zaman Almaniya Serbiyanı müdafiə edən Rusiyaya müharibə elan etdi. Az sonra Fransaya müharibə elan edən Almaniya Belçikaya qoşun yeritdi. Bu, İngiltərənin Almaniyaya qarşı müharibəyə başlaması ilə nəticələndi. Yaponiya da Almaniyaya qarşı müharibə elan edərək onun uzaq Şərqdəki torpaqlarını tutmağa və Çini itaət altına almağa başladı. 1914-cü ilin payızında Osmanlı dövləti Üçlər İttifaqı tərəfindən müharibəyə qoşuldu. Buna cavab olaraq Rusiya, İngiltərə və Fransa Osmanlı dövlətinə qarşı müharibəyə başladı. Müharibəyə qoşulan dövlətlərin hər birinin qabaqcadan hazırlanmış hərbi planları var idi. Müharibənin əvvəllərində Avropada üç cəbhə yaranmışdı: Qərb, Şərq və Balkan. Bir qədər sonra yaranmış dördüncü Qafqaz cəbhəsində Rusiya və Osmanlı ordusu vuruşurdu. Şliffen tərəfindən hazırlanmış “İldırımsürətli müharibə” planına əsasən, alman ordusu zəif müdafiə olunan Lüksemburq və Belçika ərazisindən Fransaya keçərək fransız qoşunlarını əzməli və təslim olmağa məcbur etməli idi. Bundan sonra qısa müddətdə Rusiyanı da darmadağın etmək nəzərdə tutulurdu. Alman ordusu avqustun əvvəllərində Lüksemburq və Belçikadan keçərək Şimali Fransaya daxil oldu. Fransa hökuməti paytaxt Parisi tərk etməyə məcbur qaldı.

1914-cü ilin sentyabrında Marna çayı sahilində ingilis-fransız qoşunları almanların hücumunun qarşısını alıb onları geri oturtdu. Beləliklə, Marna döyüşü “İldırımsürətli müharibə” planını boşa çıxardı. Almaniya Qərb və Şərq cəbhəsində mövqe müharibəsi aparmaq məcburiyyətində qaldı.

1915-ci ildə Almaniya və müttəfiqləri əsas zərbəni Rusiyaya qarşı yönəldərək onu məğlub edib müharibədən çıxarmaq planı hazırladılar. Buna görə də əsas diqqət Şərq cəbhəsinə yönəldi. Almaniya və Avstriya-Macarıstan qoşunları Qorlitsa ərazisində cəbhəni yardılar. Almanların bu hücumu ruslar üçün fəlakətlə nəticələndi. Rus ordusu məğlub olub geri çəkildi.

Almaniya tarixdə ilk dəfə Qərb cəbhəsində İngiltərəyə qarşı sualtı qayıqlardan istifadə edərək sərnişin və yük gəmilərini batırdı. Həmçinin, ilk dəfə olaraq Almaniya Belçika ərazisində zəhərli xlor qazından istifadə etdi. Bu zaman “Antanta” dövlətləri bir sıra ərazilər vəd edərək İtaliyanı öz tərəflərinə çəkə bildilər. 1915-ci ilin yazında Londonda İngiltərə, Fransa, Rusiya və İtaliya arasında gizli razılaşma əldə edildi. İtaliya “Antanta”ya qoşuldu. Həmin ilin payızında digər tərəf Bolqarıstanı öz tərəfinə çəkdi və Dördlər İttifaqı meydana gəldi.

“Antanta” dövlətləri Çanaqqala boğazını, sonra isə İstanbulu ələ keçirərək Osmanlı dövlətini məhv etmək niyyətində idi. Lakin hərbi-texniki üstünlüklərinə baxmayaraq, 1915–1916-cı illərdə baş verən Çanaqqala döyüşündə “Antanta” qoşunları türk ordusuna məğlub oldu. Çanaqqalada vətəni uğrunda canından keçən hər bir türk əsgəri tarixdə görünməmiş qəhrəmanlıq salnaməsi yazdı. Qələbənin qazanılmasında azərbaycanlı könüllülərin böyük payı vardı. Bu zaman ingilislərin İraqı tutmaq təşəbbüsü də iflasa uğradı. Onlar Bağdad yaxınlığında Osmanlı ordusu tərəfindən məğlub edildilər.

Rusiyanı zəiflədən Almaniya bütün diqqətini Fransaya qarşı yönəltdi. 1916-cı ilin fevralında alman qoşunları Verden yaxınlığında hücuma keçdi. Bu vuruşma tarixə “Verden qəssabxanası” adı ilə daxil oldu. Payızın axırına kimi davam edən bu döyüşlərdə ingilislər və fransızlar tarixdə ilk dəfə olaraq tanklardan istifadə etdilər. Onların hücumu ciddi müvəffəqiyyət qazanmağa imkan verməsə də, alman ordusunun Verden üzərinə hücumunu zəiflətdi və müdafiəyə keçməyə vadar etdi. İngilis və alman hərbi donanması arasında baş verən Yutlandiya dəniz döyüşündə tərəflərin heç biri qələbə qazanmadı.

Qafqaz cəbhəsində isə ruslar Ərzurumu və Trabzonu işğal etdilər. Bu zaman “Antanta” tərəfindən müharibəyə qoşulan rumın ordusu Avstriya-alman-bolqar qoşunları tərəfindən məğlubiyyətə uğradıldı.  1917-ci ildə müharibəyə cəlb olunan ölkələrdə müharibə əleyhinə etiraz dalğası başlandı. Bu, özünü Rusiyada daha qabarıq şəkildə büruzə verdi. Rusiyada burjua-demokratik inqilabı nəticəsində monarxiya devrildi. Ölkədə müvəqqəti hökumət yaradıldı. Lakin payızda bolşeviklər dövlət çevrilişi edərək hakimiyyəti ələ aldılar. 1918-ci il martın 3-də bolşevik hökuməti Almaniya və onun müttəfiqləri ilə Brest-Litovskda separat sülh bağlayaraq Rusiyanı müharibədən çıxardılar. Bu, Almaniyanın vəziyyətini xeyli yüngülləşdirdi. Rumıniya da Dördlər İttifaqı ilə sülh bağlayıb müharibədən çıxdı.

“Antanta” dövlətlərinə çoxlu borc verdiyi üçün onların qələbəsini istəyən ABŞ 1917-ci ilin aprelində Almaniyaya müharibə elan etdi. Fransa və İngiltərə isə qələbənin bəhrələrini ABŞ-la bölüşmək istəmirdi. Odur ki, onlar ABŞ qoşunları gələnə qədər müharibəni başa çatdırmaq istəyirdilər. Almaniya da, öz növbəsində, ABŞ qoşunları gələnə qədər “Antanta” qüvvələrini məğlubiyyətə uğratmaq istəyirdi.

1917-ci ilin oktyabrında Kaporetta döyüşündə Almaniya və Avstriya-Macarıstan qoşunları İtaliyanı məğlubiyyətə uğratdılar. ABŞ qüvvələrinin köməyi ilə 1918-ci ilin yayında Almaniya ordusunun Paris istiqamətində hücumunun qarşısı alındı. Marşal Foşun ümumi komandanlığı altında müttəfiq ordusu hücuma keçdi və almanların cəbhə xəttini yararaq onları darmadağın etdi.

Müttəfiq qoşunları Balkan cəbhəsində hücuma keçərək Bolqarıstan ordusunu təslim olmağa vadar etdi. Fələstin və Suriyada türk ordusunun məğlubiyyəti nəticəsində Osmanlı imperiyası da təslim oldu. 1918-ci il noyabrın 3-də Avstriya-Macarıstan komandanlığı “Antanta”nın diktə etdiyi barışığı imzaladı. Elə həmin gün Almaniyada inqilab başlandı. Noyabrın 9-da xalq monarxiyanı devirdi və ölkədə respublika quruldu. 1918-ci il noyabrın 11-də sübhçağı Kompyen meşəsində, Marşal Foşun mənzil-qərargahında Almaniya ilə onun rəqibləri arasında sülh barışığı imzalandı. Nəhayət, Birinci Dünya müharibəsi başa çatdı.

Beləliklə, müharibə Dördlər İttifaqının məğlubiyyəti ilə qurtardı. “Antanta”nın həm canlı qüvvə, həm də maddi cəhətdən üstün olması müharibənin taleyini həll etdi.

Bu müharibədə ən çox qazanan ABŞ oldu. O, İngiltərə, Fransa, Rusiya və İtaliyaya borc verən dünya xəzinədarına çevrildi. Yaponiya da müharibədən uğurla çıxdı. O, Sakit okeandakı alman müstəmləkələrini ələ keçirdi, Çində nüfuzunu xeyli möhkəmləndirdi. Birinci Dünya müharibəsi dünya müstəmləkə sistemində böhranın başlanğıcını qoydu...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".