Melioratorların yaz qayğıları
Region

Melioratorların yaz qayğıları

Torpaq məcralı kanallar beton üzlüyə alınır

Yaz ayları melioratorların işinin qızğın dövrüdür. Cəlilabad Suvarma Sistemləri İdarəsi tərəfindən rayonda suvarma işləri uğurla davam etdirilir. Bunun üçün artıq bütün hazırlıq işləri yekunlaşıb. İdarənin balansında 11805 hektar suvarılan torpaq sahəsi vardır ki, ondan 7100 hektarı taxıl, 1216 hektarı üzüm, 635 hektarı yem bitkiləri, 150 hektarı pambıq, 240 hektarı həyatyanı sahə, 2464 hektarı meyvə-tərəvəz bostan bitkiləri üçündür. 2022-ci ildə 9354 hektar taxıl, 2472 hektar üzüm, 1613 hektar yem bitkisi, 500 hektar pambıq, 520 hektar həyətyanı sahə, 6732 hektar meyvə-tərəvəz bostan suvarma suyu ilə təmin olunub. Tədbirlər planına əsasən ötən il kanalların lildən təmizlənməsi normalara uyğun yerinə yetirilib. Bu ilin əvvəlindən isə mütəmadi olaraq kanallar lildən təmizlənir. Bu da suvarma mövsümündə yarana biləcək su itkisini minimuma endirir maneəsiz axınını təmin edir. İdarənin balansında 12 ədəd nasos stansiya var ki, onlardan da 10 ədədi dizellə, 2 ədədi isə elektriklə işləyir.

Rayonda suvarma mövsümündə əhəmiyyətli hesab edilən vasitələrdən biri sututarlarıdır. İdarənin balansında olan 3 ədəd sututarında suvarma mövsümü üçün kifayət qədər su toplanıb. Bunlardan Göytəpə su anbarının sututumu 4.2 milyon kubmetr, suvarılan sahə 700 hektardır. İncəçay 7 milyon, Cəfərxanlı su anbarının isə 2.2 milyon sututumu var. Ötən il əsaslı təmir planı çərçivəsində Muğan torpaq məcralı kanalda betonlama işləri aparılıb. 2023- ildə isə işlərin davamı olaraq 660 metr məsafənin beton üzlüyə alınması nəzərdə tutulub. Bununla da kanalın xidməti ərazisində yerləşən taxıl sahələrinə suvarma suyunun itkisiz olaraq çatdırılması təmin olunub.

Qeyd edək ki, ötən il Cəlilabad Suvarma Sistemləri İdarəsi tərəfindən ümumilikdə kanallarda 547 min kubmetr, 2023- ildə isə indiyədək 544 min kubmetr lildən təmizləmə işləri aparılıb.

 

Mingəçevir Su Anbarının suyu tənzimlənir

Son günlər Mingəçevir Su Anbarına saniyədə orta hesabla 240 kubmetr (500-600 kubmetr gözlənildiyi halda) su daxil olur. Su anbarından Kür çayına 120, eyni zamanda Yuxarı Qarabağ kanalına 70 Yuxarı Şirvan kanalına 41 kubmetr suyun buraxılması təmin olunur. Mingəçevir Su Anbarından aşağıda Kür çayı boyunca 12 rayonun ərazisində 252 ədəd nasos stansiyası vasitəsilə 248 min hektar, Yuxarı Qarabağ Yuxarı Şirvan kanallarının xidməti ərazilərində 250 min hektar, ümumilikdə 500 min hektara yaxın əkin sahələrinin suvarılması ilə yanaşı, əhalinin kommunal-məişət ehtiyaclarının, içməli su məqsədilə modul tipli sutəmizləyici qurğulara mal-qaraya suyun verilməsi təmin edilir.  

Mingəçevir Su Anbarı bir mövsümlük deyil, çoxillik nizamlanan su anbarı olduğundan su anbarına yığılan ondan verilən sular bir neçə ili əhatə edən dövr ərzində nizamlanmalıdır. Suyun bölüşdürülməsi aidiyyəti qurumlar tərəfindən koordinasiyalı şəkildə idarə edilir. Su anbarına daxil olan suyun nizamsız olaraq çayın aşağı axınına magistral kanallara verilməsi yay aylarında kənd təsərrüfatı bitkilərinin intensiv suvarılması dövründə çox ciddi çətinliklər yarada bilər. Hazırda çayın mənsəbində yerləşən rayonlara suyun verilməsində qısa müddət ərzində yaranmış çətinliklər aradan qaldırılıb.

Nəriman CAVADOV,

"Respublika".