İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Ölkə çempionatına yekun vurulub

Bakı İdman Sarayında 20 yaşadək güləşçilər arasında Azərbaycan çempionatına yekun vurulub. Yarışın üçüncü günündə yunan-Roma güləşi üzrə 67, 72, 77, 82, 87, 97 130 kiloqram çəki dərəcələrində görüşlər keçirilib. Yarışda Fərid Xəlilov (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), İsmayıl Rzayev (82 kq), Etibar Rzayev (87 kq), İsa Hüseynov (97 kq) Məzahim Mərdanov (130 kq) bütün rəqiblərini qabaqlayaraq Azərbaycan çempionu adına sahib olublar. Aprelin 1-dən 4-dək Bakı İdman Sarayında yeniyetmə güləşçilər arasında ölkə birinciliyi təşkil olunacaq.

 

Teymur Rəcəbov mövqeyini qoruyub

Beynəlxalq Şahmat Federasiyası (FİDE) aprel ayı üçün reytinq cədvəlini açıqlayıb. İlk onluqda Azərbaycanın bir təmsilçisi yer alıb. Teymur Rəcəbov 2747 xalla 10-cu sıradakı mövqeyini qoruyub. Şəhriyar Məmmədyarov isə 2738 xalla bir pillə geriləyərək 16- yerdədir. Qədir Hüseynov (2661) 4 pilləlik irəliləyişlə 79-cu sıraya yüksəlib. Rauf Məmmədov (2646) isə 100- sıradan 98-ci pilləyə qalxıb.

 

Paralimpiyaçı gümüş medal qazanıb

Azərbaycanın qadın paralimpiyaçısı Sona Ağayeva Xorvatiyada keçirilən "Zagreb 2023 World Boccia Challenger" turnirində gümüş medal qazanıb. O, fəxri kürsünün ikinci pilləsinə qalxıb. Yarış "Paris-2024" Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.

 

Komandalarımız Tbilisi Gimnastradasında uğurla çıxış ediblər

Gürcüstanda gimnastika hamı üçün növü üzrə Tbilisi Gimnastradası keçirilib. Yarışda təmsilçilərimiz uğurla çıxış ediblər. Gimnastradada Bakının "Alov" komandası ilə yanaşı, İsmayıllı, Gəncə, Abşeron, Naxçıvan, Mingəçevir komandaları uğurla çıxış edərək birinci olub.

Nərgiz İSMAYILOVA,

"Respublika".