İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Gimnastlarımız beynəlxalq turnirdə uğurla çıxış ediblər

Azərbaycan yığma komandasının üzvləri Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 10-cu Vavel beynəlxalq turnirində uğurla çıxış ediblər. 

Gimnastlarımız turnirdə 4 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər.

Komandamızın üzvü Ammar Baxşaliyev (13-14 yaş, batut gimnastikası), Nicat Mirzəyev (15-16 yaş, batut gimnastikası), Aleksey Karataşov (15-16 yaş, tamblinq), Bilal Qurbanov (böyüklər, tamblinq) qızıl, Fərhad Mustafayev (11-12 yaş, batut gimnastikası), Tofiq Əliyev (böyüklər, tamblinq) gümüş, Adil Hacızadə (böyüklər, tamblinq) isə bürünc medala sahib olublar.

 

Badmintonçularımız İsraildə 5 medal qazanıblar

Yeniyetmə badmintonçularımız İsrailin Rişon-le-Sion şəhərində keçirilən beynəlxalq "PACK LINE Israel Youth 2023" turnirində 4 qızıl və 1 gümüş medal qazanıblar.

Leyla Camalzadə 15 yaşadək badmintonçuların şəxsi, qoşa və qarışıq qoşa yarışlarında qızıl medal qazanaraq mütləq çempion kimi Azərbaycan badminton tarixində ilkə imza atıb. Badmintonçumuz yarımfinal və final qarşılaşmalarında qalib gələrək qızların şəxsi kateqoriyasında ən güclü olub.

L.Camalzadə və Q.Niftəlizadə 15 yaşadək qız badmintonçuların qoşa yarışında da turniri qalib kimi başa vurublar. Dairəvi sistem üzrə keçirilən bu kateqoriyada qız badmintonçularımız mütləq nəticə göstərərək qrupda birinci yerə layiq görülüblər.

15 yaşadək badmintonçuların qarışıq qoşa kateqoriyasında Əli Gözəlov-Leyla Camalzadə tandemi ardıcıl qələbələr sayəsində fəxri kürsünün ilk pilləsində yer alıb.

Daha bir qızıl medalı komandamızın hesabına 13 yaşadək qız badmintonçuların şəxsi yarışında Qəndab Niftəlizadə yazdırıb.

13 yaşadək badmintonçuların qarışıq qoşa yarışında isə Fərəc Kərimli və Qəndab Niftəlizadə gümüş medal əldə ediblər. 

 

Gənc idman gimnastlarımız dünya çempionatında güclərini sınayıblar

Antalyada gənclər arasında idman gimnastikası üzrə dünya çempionatı keçirilib. 

65 ölkədən 300 gənc idmançının toplaşdığı Antalya Gimnastika Salonunda çempion titulu uğrunda gedən mübarizədə Azərbaycan təmsilçiləri də yer alıblar. 

Yarışda ölkəmizi kişilər arasında Rəsul Əhmədzadə, Anar Həsənov, qadınlar arasında Dəniz Əliyeva, Duyğu Məcidzadə və Aytən Məmmədova təmsil ediblər. 

Çempionatda idmançılar ayrı-ayrı alətlər üzrə fərdi və çoxnövçülük proqramında, eləcə də komanda yarışlarında güclərini sınayıblar. 

 

İdmançılarımız ilk 3 ayda 107 medal qazanıblar

Azərbaycan idmançılarının bu ilin ilk 3 ayında nüfuzlu beynəlxalq yarışlarda əldə etdiyi medalların sayı açıqlanıb. İlin birinci rübündə ümumilikdə 107 medal qazanılıb. Bunun 38-i qızıl, 25-i gümüş, 44-ü isə bürünc mükafatdır.

Qeyd edək ki, Azərbaycan idmançıları təkcə mart ayında keçirilmiş beynəlxalq yarışlardan 70-dək medalla qayıdıblar.

Nərgiz İSMAYILOVA,

“Respublika”.