ACF kuboku yarışlarının qalibləri müəyyənləşib
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə 18 yaşadək yeniyetmə oğlanlar arasında keçirilən ACF kuboku yarışlarına yekun vurulub. Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışda 203 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Turnirin ilk günündə 50, 60, 73, 90, ertəsi gün 55, 66, 81 kiloqram və 90 kiloqramdan yuxarı çəki dərəcələrində qaliblər müəyyənləşib. Yarışda Nəcəf Nəsrullayev (50 kq), Məhəmməd Məmişov (55 kq), Nadir İmanov (60 kq), Cəsur İbadlı (66 kq), Məmməd Əzizbəyov (73 kq), Zeynəlabdin Xudaverdiyev (81 kq), Ömər Abbasov (90 kq) və Ceyhun Dadaşov (90 kq-dan yuxarı) qızıl medal qazanıblar.
Bədii gimnastika üzrə dünya kuboku yarışları
Aprelin 21-23-də Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək.
Turnirdə 46 ölkənin idmançıları fərdi və qrup hərəkətləri proqramında mübarizə aparacaqlar. Yarışda ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova və Alina Gözəlova, qrup hərəkətləri proqramında Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina təmsil edəcəklər. Üç gün ərzində baş tutacaq yarışlarda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar. Yarışlarda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.
Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan tennis turniri
Gənclər və İdman Nazirliyi, habelə Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan Avropa tennis turnirinə start verilib. Bakı Tennis Akademiyasında keçirilən sayca 12-ci dəfə təşkil olunan yarışda 40-a yaxın ölkədən 300-dən artıq tennisçi 12, 14, 16 və 18 yaş kateqoriyasında mübarizə aparır. Turnirin ilk həftəsində 12 yaşlı idmançılar mükafatlar uğrunda yarışırlar. Turnirə mayın sonunda yekun vurulacaq.
Veloyürüş keçiriləcək
Aprelin 23-də Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən veloyürüş keçiriləcək. Dənizkənarı Milli Parkın ərazisindən saat 11:00-da start götürəcək veloyürüşə yalnız Vətən müharibəsi iştirakçıları və qazilər qatılacaqlar. İştirakçılar Dənizkənarı Milli Parkın ərazisi ilə hərəkət edərək Su İdmanı Sarayının yaxınlığından geri dönüb, start yerində yürüşü başa vuracaqlar. Azərbaycan Velosiped Federasiyası veloyürüşdə iştirak etmək arzusunda olan Vətən müharibəsi iştirakçılarını və qaziləri tədbirə qatılmağa dəvət edir.
Nərgiz İSMAYILOVA,
“Respublika”.