GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

MİRCAMAL İNCİK

1973-cü ildə qədim adı Muğan olan Parsabad şəhərində dünyaya göz açıb. İbtidai və orta məktəbi həmin şəhərdə bitirib, sonra əsgəri xidmətdə olub. Ailə qurduqdan sonra Tehrana üz tutub. Burada ali təhsil alıb. Mircamalın ədəbiyyat aləminə qədəm qoymasında şair qardaşı Mircəlil Hüseyninin böyük təsiri olub. Azərbaycanın çağdaş dövr tanınmış şairləri ilə ünsiyyət qurub, klassik ədəbiyyatı öyrənib və şeir sənətinin incəliklərinə varıb.

Muğan ədəbiyyat dərnəyinin fəal üzvüdür. Dörd şeir kitabını nəşrə hazırlayan şair hələ ki, onların çapına nail ola bilməyib...

 

Azərbaycan

Ayrılıq örnəyi Azərbaycan

Və qaranlıq bürümüş bir tarix!

Qollarında yağılar saqqızı tək

Zamanın zənciri bir-bir çürümüş...

Sənə alqış!

Ey dumanlar bürümüş hündür dağ,

Hər sınaqda üzüağ,

Arxayın qal!

Bu işıq karvanımız

Gələcək söyləyibən getməlidir,

Arxayın qal, ana Azərbaycan,

Yasaq olmuş dilimiz,

Odlanan ellərimiz

Ayrı bir dil özünə seçməyəcək,

Haqq yolun dönməyəcək!

Sən alovsan, səni sarsıtmaz qış,

Sənə alqış,

Sənə alqış!

 

FƏRİDƏ SÜLEYMANİ AYTƏKİN

Güney Azərbaycanın Qoşaçay şəhərində doğulub. Urmuda boya-başa çatan Fəridə ilk və orta təhsilini də Urmuda alıb.

Burada müxtəlif şeir məclislərində iştirak edib. Uşaqlar üçün yazdığı şeirlər "Aypara" adlı kitabında kiçikyaşlı oxuculara təqdim olunub. 

Fəridə Aytəkin kiril əlifbasında olan bir çox kitabı ərəb qrafikasına çevirib və çapa təqdim edib.

 

Zəfər qazandıq

Vətənin ordusu zəfər qazandı,

Düşməni qovdular it qovan kimi.

İllərcə torpağım qərib qalmışdı,

Göstərə bilmirdim ona sevgimi…

 

Torpağım inciyib bizdən küsmüşdü,

Övladı unudan bir ana kimi.

Səssizcə solmuşdu, səssiz uymuşdu,

Laylasız yatmayan bir bala kimi…

 

Dağlarda lalələr boynu bükülü,

Ceyranın balası yetim qalmışdı.

Səfil dolanırdı körpə quzular,

Quzğunlar onların yurdun almışdı…

 

Bir daha duyduq biz ətrini ancaq,

Qocaman Şuşanın, Xarı bülbülün.

Bir daha qoymarıq bağlarımızda,

Boyunu bükülsün süsən sünbülün…

 

Vətənim anadır, ana da vətən,

Analar yaşayan vətənə qurban.

Aytəkin, vətənin vurğunuyuq biz,

Can kimi vətəni sevənə qurban…

 

Folklor xalq həyatının əks-sədasıdır

(əvvəli 19 və 20 aprel tarixli saylarımızda)

 

İctimai-siyasi məzmunlu mahnılar: "Gül açdı" ("Mən yardan ayrılmazdım"), "Qadan alım", "Budur gəldi əsirlərin karvanı", "Sona bülbüllər", "Çal papaq", "Bizi ayırdılar ana-atadan". Bu mahnılarda sevgisinə qovuşa bilməyən aşiqin daxili böhranları, zorla vətənindən didərgin salınan, əsir düşənlərin ah-naləsi ifadə olunur.

"Apardı sellər Saranı", "Sona bülbüllər", "Samovara od salmışam", "Laçın", "Qalanın dibində", "Pəncərədən daş gəlir" kimi mahnılar həcmi, poetik quruluşu və kompozisiyasına görə bir-birindən fərqlənir: iki, üç, dörd bənddən ibarət ola bilir; bir sıra mahnılarda bəndlər 4 misradan ibarət olsa da, beş, altı, yeddi, hətta on misra da ola bilər; mahnıların bir qismində təkrar misralar, digər bir qismində isə nəqarətlər işlənir.

Üzeyir Hacıbəyov mahnıları yüksək qiymətləndirərək demişdir: "El mahnıları Azərbaycan xalqının əhvali-ruhiyyəsini şərh, zövqi-musiqisini bəyan, şeir və musiqidəki yaradıcılıq qabiliyyətinin dərəcəsini təyin edə bilən böyük bir material olduğundan onun istər musiqi, istər ədəbi, istər psixoloji, istərsə də etnoqrafik əhəmiyyəti çox böyükdür".

Araşdırmaçı yazar Aqşin Ağkəmərlinin yazdığına görə, Güney mahalında ədəbiyyat əsasən iki yöndə inkişaf edib: şifahi xalq ədəbiyyatı və divan ədəbiyyatı. A.Ağkəmərli Mirzə İbrahimin Azərbaycan ədəbiyyatını Dədə Qorqud dövrü, Nəsimi dövrü, Şah İsmayıl Xətai dövrü, Füzuli, Vaqif, Mirzə Fətəli Axundzadə dövrünə bölməsini haqlı sayır və hər bir dövrün özünəməxsus inkişaf mərhələsi keçdiyini vurğulayır.

Ancaq qeyd edək ki, mərsiyə ədəbiyyatı bütün dövrləri əhatə edir və izləri aşıq ədəbiyyatı kimi, lap əski çağlara gedib çıxır. Çünki sevgi ilə kədər bərabər yaranmışdır. Mərsiyə şeirinə tarixi şəbeh və meydan tamaşalarımızın izləri də demək olar. Mərsiyə ədəbiyyatına birinci dəfə Mahmud Kaşğanin  "Divani lüğət-it -türk" kitabında ilk dəfə rast gəlirik. Bu əsərdə ağı Alp Ər Tonqanın (Əfrasiyab) ölümü ilə bağlı söylənmişdir:

Alpərtunqal öldimü?

Eysiz acun qaldımü?

Özlək üçün öldünmü?

Yindi yürək yırtılıyor...

 

(Alp Ər Tonqa öldümü

Bir pis dünyada qaldımı

Zaman öz intiqamını aldımı

İndi ürək yırtılır).

Şeir parçasından da göründüyü kimi, Əfrasiyabın ölümünə həsr olunmuş mərsiyə şeirinin ilk örnəyidir. Bu yönlü şeirlərə ağı demişlər. Ağılar ölümlə, fəlakətlə bağlı oxunur və məzmununda qəm, kədər, qüssə, iztirab, ayrılıq əhvali-ruhiyyəsi güclü hiss olunur. Həzin bir musiqi ilə, yaxud qopuzla əzizlərinin ölümü - oğul, qız, qadın, at, ya bir el qəhrəmanı və ya el ağsaqqalı haqqında yas mərasim nəğmələrini özəlliklə qadınlar qopuz çalıb-oxuyarmışlar. Mətnlərinin misradaxili bölgüləri yeddi hecadan ibarət olan, yəni hər misra 3+4-4+3-5 +2 bölgüsündən yaranan ağılara el arasında "edilər", "edilmək" də deyilir. Bəzən dünyasını dəyişən insanın kimliyi, özəllikləri, yaxşı əməlləri dilə gətirilir. Bu nəğmələrdə yaxın, doğma adamların ölümündən doğan dərin kədər, qəm hissləri, hətta şikayət, nifrət, qarğış, ayrılıq notları da ifadə olunur:

Bu nəğmələrdə yaxın, doğma adamların ölümündən doğan dərin kədər, qəm hissləri ifadə olunur. Məsələn:

Bostanda tağım ağlar,

Basma, yarpağım ağlar,

Sağ durduqca mən özüm,

Ölsəm, torpağım ağlar.

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.