İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Formula 1 Azərbaycan Qran-Prisinin bütün tribunalarına biletlər satılıb

Bakı yarışının 12 tribunasının bütün biletləri alınıb.  Qeyd edək ki, “Gözlənilməzə hazır ol” şüarı ilə keçirilən və ölkəmizin yeddinci dəfə evsahibliyi edəcəyi 2023 Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-30-da baş tutacaq. Bakı rekord sayda  dünyanın 100-dən çox fərqli ölkəsindən gələn ən böyük azarkeş qrupunu qarşılayacaq. Dünyanın dörd bir yanından gələn turistlər Formula 1 Azərbaycan Qran-Prisində öz ölkəsini azarkeş qismində təmsil edəcək. Aprelin 28-də start götürəcək Formula 1 Azərbaycan Qran-Prisi bu il ilk dəfə olaraq sprint yarışına evsahibliyi edəcək. F1 təqviminin ən sürətli şəhər yarışlarından hesab olunan Azərbaycan Qran-Prisi bazar günü baş tutacaq.

 

Samboçularımız İsraildən 14 medalla qayıdırlar

Yeniyetmə və kadetlərdən ibarət sambo üzrə Azərbaycan millisi İsrailin Hayfa şəhərində keçirilən Avropa birinciliyində yeddi medal qazanıb. Avropa çempionatı və birinciliklərində iştirak edən yığma komandamız ümumilikdə 3 gümüş və 11 bürünc medal əldə edib. Yeniyetmələr arasında Elsevər Verdiyev (64 kq) gümüş, Amin İsmayılov (53 kq) isə bürünc medala layiq görülüblər. Kadetlərin mübarizəsində İsmayıl Əlipənahov (49 kq) yarışı ikinci, Toğrul Kərimli (53 kq), Nihad Rəhimov (58 kq), Kənan Məmmədli (71 kq) və Hüseyn Hüseynli (88 kq) isə üçüncü pillədə başa vurublar.

 

Yunan-Roma güləşi üzrə millimizin rekordu

Xorvatiyanın Zaqreb şəhərində keçirilən Avropa çempionatına yekun vurulub. Yunan-Roma güləşi üzrə millimiz 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq Avropa çempionatları tarixində medalların əyarına görə özünün ən yaxşı nəticəsinə imza atıb. Qitə birinciliyində 145 xal toplayan yığmamız komanda hesabında ikinci yerə çıxıb. Türkiyə 155 xalla çempion olub. Gürcüstan isə 124 xalla üçüncü pillədə qərarlaşıb. Xatırladaq ki, komandamızın heyətində Həsrət Cəfərov (67 kq) və  Ülvi Qənizadə (72 kq) Avropa çempionu adına layiq görülüblər. Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb.

 

Voleybol yarışı keçiriləcək

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş voleybol üzrə “Heydər Əliyev kuboku” təşkil olunacaq. Yarışda həm qadın, həm də kişi idmançılar mübarizə aparacaqlar. Qadınların mübarizəsində Birinci Liqada ilk dörd pilləni tutmuş üç komanda – “Ryuga”, Murov-2”, “Xarıbülbül” və Yüksək Liqada çıxış edən UNEC, “Azərreyl”, “Abşeron”, “Murov” komandaları yarışacaqlar. Kişilərin yarışında isə Birinci Liqada ilk dörd pilləni tutmuş üç komanda – “Təhsil”, “Express”, “Xarıbülbül-2” və Yüksək Liqada çıxış edən MOİK, “Murov”, “Neftçi”, “Xarıbülbül” komandaları mübarizə aparacaqlar. Dörd gün davam edəcək turnir Olimpiya sistemi ilə keçiriləcək və məğlub komandalar mübarizəni dayandıracaqlar. Qaliblər isə yarımfinalda üz-üzə gələcəklər. Aprelin 28-də kubok yarışlarının final görüşləri baş tutacaq.

Nərgiz İSMAYILOVA,

“Respublika”.