GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

ƏBUTALİB ALLAHYARİ TUTQUN

Şair, yazıçı, publisist, mütərcim, tədqiqatçı kimi çalışan Əbutalib Allahyari Tutqun 1961-ci ildə Qaradağın Dizmar mahalındakı Coşun kəndində dünyaya göz açıb. Mükəmməl orta ali təhsil alan Ə.Tutqun ədəbiyyat üzrə fəlsəfə doktorudur.

"Mənim payım" adlı üçcildlik şeir kitabları, "At min haq söz danış" "Vülpinar" romanları, "Şəhdi müsəffa" üç cilddə (Məhəmməd Füzulinin türkcə qəzəllərinin açıqlaması), "Şərhi mişkat əlnur" (farsca), "Ədəbi sənətlər", "Hərəm yarpağı" farsca-türkcə məqalələr toplusu çap olunub.

Sərraf Təbrizi adına ədəbi dərnəyin başçısıdır.

Əbutalib Allahyari Tutqun hazırda Təbrizdə yaşayır.

 

Azərbaycan əsgəri

Toplandı türk elləri,

Haydı sındır səfləri,

Öldür donquz devləri!

Çal qardaşım zəfəri,

Azərbaycan əsgəri!

 

Yürü-yürü, önə bax!

Şimşək təkin kükrə şax!

Düşmanı yandırıb yax!

Möhkəm saxla səngəri,

Azərbaycan əsgəri!

 

Zəfər çağıdır bu çağ,

Çək tətiyin, çal yaraq,

Bizimkidir Qarabağ

Xankəndi, Kəlbəcəri

Azərbaycan əsgəri!

 

Baxmaz topa, tüfəngə,

Salar düşmanı təngə

Yürüş edərsə cəngə,

Boyar qana çölləri,

Azərbaycan əsgəri!

 

Nədir atəşkəs, nədir,

Yanlış deyil, bəs nədir?

Qarı düşman əsnədir,

Qıy vur, səslə Tərtəri,

Azərbaycan əsgəri!

 

KÖVRƏK HÜSEYN

Hüseynəli Mehdi oğlu Məhdəvi Həsənbəyli - Kövrək Hüseyn 1960- ildə Qaradağda - Həsənov mahalının Həsənbəyli kəndində anadan olub. Yeniyetmə çağlarından saza, sözə maraq göstərib, nəhayət bir aşıq şair kimi yetişib el şənliklərində çıxış etməyə başlayıb.

Əsərlərini "Kövrək" təxəllüsü ilə yazıb-yaradan Hüseyn Məhdəvinin "Ay keçən günlərim" adlı şeir toplusu 2011-ci ildə Tehranda nəşr edilib.

Kövrək Hüseyn hazırda Kərəc şəhərində yaşayır.

 

Azərbaycanım

Həsrətindən ürəyimiz göynəyir,

Ey əziz vətənim, Azərbaycanım.

Yağılar əliylə iki bölünüb,

Nisgilli vətənim, Azərbaycanım.

Tarixin qədimdir, adın böyükdü,

Götürdüyün şələ bir ağır yükdü.

Neçə düşmənlərin boynunu bükdü,

Qeyrətli vətənim, Azərbaycanım.

Qaradağ, Qarabağ iki qardaşdı,

Etdiyimiz dava haqlı savaşdı.

Erməni silahın tərgidib qaçdı,

Ey şanlı vətənim, Azərbaycanım.

Dardaydı Xankəndi, Laçın, Kəlbəcər,

Bəhmənin sinəsi qəmdən mükəddər.

Qəmkeşi yurdundan düşdü dərbədər,

Ay qəmli vətənim, Azərbaycanım.

Mən Kövrək Hüseynəm, sevindim bu gün,

Birlik zəfər çaldı, açıldı dügün.

Dostların şad oldu, düşmənin qəmgin,

Ey əziz vətənim, Azərbaycanım!..