Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə ekskurs edək...

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "İnternetin yaranması"nı oxuculara təqdim edirik.

"Respublika".

İnternetin yaranması

Tarix boyu insanlar heç vaxt əldə etdikləri ilə kifayətlənməmiş, daim həyatlarını asanlaşdıracaq axtarışlara baş vurmuşlar. Bu da zaman-zaman yeni ixtiraların ortaya çıxmasına səbəb olmuşdur. Həmin ixtiralardan biri də internetin kəşfidir. Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatına təsir edən bu hadisə dünyanın gələcəyini dəyişdirmiş, bugünkü həyatımızın asanlaşmasında böyük rol oynamışdır.

İnternet bəşər tarixinin ən böyük ixtirasıdır desək, yanılmarıq. Çünki internet olmadan bu gün həyatımızı təsəvvür etmək mümkün deyil. Bir zamanlar təkərin, barıtın, daxiliyanma mühərrikinin kəşfi bəşər tarixində yeni mərhələlər açan böyük hadisələr hesab olunurdusa, internetin meydana çıxması bütün dünyanın simasını, nizamını, ən başlıcası isə insanların düşüncə tərzini dəyişmişdir.

Bəşər tarixində üç informasiya inqilabı məlumdur: onlardan birincisi yazının, ikincisi kitab çapının ixtirası ilə bağlıdır. Üçüncü informasiya inqilabı isə bu gün həyat keyfiyyətimizi dəyişdirən internetdir. Bu inqilab internetin - haqlı olaraq müasir texnologiyanın ən təsirli icadlarından biri sayılan qlobal kompüter informasiya şəbəkəsinin ortaya çıxması ilə əlaqəlidir. Bu şəbəkə, sözün əsl mənasında, XX əsrin son illəri ərzində lokal və ərazi miqyaslı bir çox kompüter şəbəkələrinin birləşdirilməsi nəticəsində meydana gəlmişdir.

XX əsrin ən böyük kəşflərindən biri olan internet dünyanın müxtəlif nöqtələrində yerləşən minlərlə kompüter şəbəkəsini birləşdirən ümumdünya kompüter-informasiya şəbəkəsidir. O dövlət sərhədləri bilməyən, coğrafi uzaqlıqdan asılı olmayaraq operativ və etibarlı informasiya mübadiləsini təmin edən, böyük sürətlə yeniləşən virtual informasiya məkanı, rahat və əlverişli ünsiyyət vasitəsidir. Bəs həyatımızda bu qədər önəmli yer tutan, gündəlik həyatımızın demək olar ki, ayrılmaz bir parçasına çevrilən internet necə yaranmışdır? Gəlin onun tarixinə qısaca da olsa nəzər salaq...

İnternetlə bağlı ilk fikir Leonard Kleynrok adlı amerikalıya məxsusdur. O, 1961-ci il 31 may tarixində "Information Flow in Large Communication Nets" adlı məqaləsində internetlə bağlı ideyalarını bildirmişdi. 1961-1962-ci illərdə isə ABŞ Massaçusets Texnologiya İnstitutunun alimi Joze Karl Robnet Liklayder digər əməkdaşları ilə birgə uzaq məsafədən kompüter əlaqəsinin yaradılması və paket kommutasiya ideyasının nəzəriyyəsini irəli sürdülər. Onların bu nəzəriyyəsi daha sonra ARPANET olaraq ortaya çıxdı.

1969-cu il yanvar ayının 2-də ARPANET adlanan şəbəkə vasitəsilə Los-Anceles, Santa-Barbara və Yuta ştatının universitetləri və Stenford Elmi-Tədqiqat İnstitutu arasında informasiya mübadiləsi təmin edildi. Məqsəd isə hərbi qərargahlardakı kompüterlər arasında informasiya mübadiləsi yaratmaq idi.

İlk lokal hesablama şəbəkələrinin hər biri informasiya mübadiləsinə imkan verən, hər hansı bir təşkilatın və ya firmanın hesablama maşınları sistemi idi, xüsusi kabellərlə birləşdirilərək bir və ya bir neçə yaxın binada yerləşirdi. Ərazi hesablama şəbəkələri bir-birinə bağlı olan bir neçə lokal şəbəkənin toplusu idi və yerli şəbəkələrin inkişaf etmiş forması sayılırdı. Onlardan istifadə edərək cari sistemin xaricindən məlumat almaq və əksinə, məlumat göndərmək olardı. Bu prosesin məntiqi zirvəsinə qlobal İnternet şəbəkəsi daxil oldu. İnternet dünyadakı on minlərlə özəl, ticarət, akademik, dövlət və digər informasiya şəbəkələrini vahid bir sistem şəklində birləşdirərək, sözün əsl mənasında, kompüter şəbəkəsi sisteminə çevrildi.

Beləliklə, 1969-cu ilin yanvarında ABŞ hökuməti internetin yaranmasının əsasını qoydu. Həmin ildə bir qrup alim strateji əhəmiyyətli məlumatların saxlandığı bir neçə kompüteri vahid bir sistem şəklində birləşdirdi. Onların işləri ABŞ Müdafiə Nazirliyinin bir bölməsi olan Perspektiv Tədqiqatlar İdarəsi (ARPA) tərəfindən maliyyələşdirilirdi. ABŞ hökuməti üçün bu sistem daha çox ona görə əlverişli idi ki, nüvə müharibəsi baş verəcəyi halda o, belə kompüterlərin fasiləsiz işləməsini təmin etməli idi. ARPANET sistemi əvvəllər yalnız elmi işçiləri uzaq kompüter mərkəzləri ilə birləşdirirdi. Lakin tezliklə aydın oldu ki, o çox rahat bir şəkildə elektron məktublar göndərmək və məlumat mübadiləsi üçün xidmət edə bilər. 1980-ci ilə qədər ARPANET-in nümunəsində müxtəlif cəmiyyətləri, qrupları və təşkilatları birləşdirən bir neçə başqa milli kompüter şəbəkəsi yaradıldı (məsələn, hesablama texnikası və proqramlaşdırma sahəsində tədqiqatçıları birləşdirən CSNET). 1983-cü ildə isə ARPANET iki şəbəkəyə ayrıldı - ARPANET və MULNET.

ARPANET dinc və elmi məqsədlər üçün istifadə olunmağa başladığı halda, MULNET sistemi hərbi məqsədlər üçün ehtiyatda saxlanıldı. Onlar arasında informasiya mübadiləsi sistemi nəzərdə tutulmuşdu. Bu birləşməyə İnternet adı verildi. İlk vaxtlar ABŞ-da bütün milli kompüter şəbəkələri bir-birindən ayrı şəkildə mövcud idi, lakin tədricən bir-birinin ardınca internetə qoşuldular. Nəhayət, 1986-cı ildə ABŞ Milli Elm Fondu bütün ölkə alimlərini müxtəlif elmi mərkəzlərdə yerləşən beş superkompüterlə birləşdirdi. Bu superkompüterləri birləşdirən yüksəksürətli kompüter şəbəkələri NSFNet adı altında baza şəbəkəsi yaratmışdılar.

Hazırda İnternet adı ilə tanınan bu şəbəkə o dövrün qlobal kompüter şəbəkəsinin təməli idi. Növbəti illərdə isə bir çox digər regional və milli kompüter şəbəkələri bu şəbəkəyə qoşulduqda, İnternet bütün dünyanı əhatə edən nəhəng bir sistemə çevrildi.

Əvvəllər internetdən yalnız mütəxəssislər istifadə edirdilər, lakin tədricən şəbəkədən istifadə edənlərin dairəsi xeyli genişləndi. İndi isə müxtəlif peşə sahibləri - vəkillər, yazıçılar, idmançılar, polislər, bağbanlar, aşpazlar, biznesmenlər, müəllimlər, tələbələr, bir sözlə, bütün sıravi insanlar onun xidmətlərindən yararlanırlar. Bu insanların internetə marağı onunla izah olunur ki, o, həqiqətən də hər kəsə lazım olan və maraqlı məlumatlar təqdim edə bilir. İnternet müxtəlif məlumat banklarına daxil olmaq imkanı, kitabxana məlumatlarının axtarışı, elektron poçtdan istifadə və s. kimi bir çox müxtəlif xidmətlər təqdim edir. İnternetə qoşulmaqla hər bir istifadəçi bəşəriyyətin topladığı geniş informasiya ehtiyatlarına sürətli giriş əldə edir. Bu gün insanlar məhz onun sayəsində dünyanın ən böyük kitabxanalarının kataloqlarına baxa, təzə xəbərləri öyrənə, müxtəlif sənədlərin surətlərini ala, onları narahat edən məsələləri müzakirə edə, elm və biznes sahəsində həmkarları ilə əlaqələr qura bilirlər. İstifadəçi internet vasitəsilə dünyanın istənilən yerindən mesajlar ala və göndərə, minlərlə müxtəlif mövzulara həsr olunmuş xəbərlər və ismarıclar oxuya, istənilən sənədləri, kitabları, şəkilləri, audio yazıları və filmləri tapa, yeni insanlarla tanış ola, onlara maraqlı olan məhsulların qiymətlərini və s. öyrənə bilər. Tutaq ki, istifadəçiyə kompüter üçün hər hansı bir proqram lazımdır. Bu zaman o, hər hansı bir universitetlə əlaqə saxlayaraq onların kompüterindən proqramın surətini çıxara bilər. Hər hansı bir eksponat haqqında məlumat almaq üçün istənilən muzeylə əlaqə saxlamaq, hər hansı bir kitabxanaya distant şəkildə daxil olmaq olar.

İstifadəçilər müxtəlif ictimai və dövlət təşkilatlarının rəsmi xülasələrini, bülletenlərini, bildirişlərini və icmallarını əldə etmək imkanına sahibdirlər. İnternet vasitəsilə çoxsaylı xəbər proqramlarından birinə abunə olmaq, ən son xəbərləri hətta televiziya və qəzetlərdə çıxmazdan əvvəl əldə etmək mümkündür. Lakin hazırda ən populyar internet proqramı elektron poçt olaraq qalır, çünki bu, insanlar arasında informasiyanın poçt markasından aşağı olan qiymətə ötürülməsinin ən sürətli, qənaətli və sadə üsuludur. Dünyanın hər hansı bir nöqtəsində məlumat bankına daxil edilən informasiyanı bir neçə saniyədən sonra dünyanın istənilən başqa nöqtəsində oxumaq və çapa göndərmək olar. Bundan əlavə, mesajlara mətnlərlə bərabər, rəsmlər, fotoşəkillər, səs və videoyazılar, sənədlər və proqramlar da daxil ola bilər.

Bu gün artıq XXI əsrdə cəmiyyətin formalaşmasına təsir edən ən mühüm amillərdən biri olan informasiya-kommunikasiya texnologiyasının insanların həyatındakı rolu göründüyü kimi getdikcə artmaqdadır. Dünya rəqəmsal inkişaf sayəsində sürətlə dəyişir, yenilənir. Dünən heyrətlə qarşıladığımız yenilik bu gün adiləşir və zaman keçdikcə ondan daha üstün, daha güclü variantı ilə tanış oluruq. Artıq insan təfəkkürü elmi-texnoloji yeniliklərə yetişməkdə belə çətinlik çəkir. Bu yeniliklər isə insanların gələcəyi üçün ağlasığmaz imkanlar yaradır...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".