DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

MUHARREM İNCENIN NAMİZƏDLİYİNİ GERİ ÇƏKMƏSİNİN SƏBƏBİ AÇIQLANIB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifət Memleket Partiyasının sədri Muharrem İncenin prezident namizədliyindən geri çəkilməsinin səbəbini açıqlayıb. “Trend” agentliyinin məlumatına görə, Türkiyə prezidenti onun bu addımını FETÖ terror qrupu ilə əlaqələndirib.

Eyni zamanda, Ərdoğanın sözlərinə görə, FETÖ terror qrupu müxalifəti elə təsiri altına alıb ki, Muharrem İnceni şantaj edərək prezident namizədliyindən geri çəkilməyə məcbur edib.

Məlumata əsasən, Muharrem İncenin adı 14 may seçkisinin bülletenlərində yer alacaq, lakin ona verilən səslər sayılmayacaq. Rəy sorğularından birinin nəticəsinə görə, ona respondentlərin 2 faizi səs verəcəyini bildirmişdi.

M.İncenin namizədliyini geri götürməsindən sonra prezident seçkilərində mübarizə aparacaq namizədlərin sayı 3-ə düşüb.  

Xatırladaq ki, Türkiyənin Memleket Partiyasının sədri Muharrem İnce mayın 11-də prezident namizədliyindən geri çəkidiyini açıqlayıb.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək.

 

DÖVLƏT DEPARTAMENTİNDƏN  GÜRCÜSTANA XƏBƏRDARLIQ

ABŞ Dövlət Departamenti rəsmi Tbilisiyə Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpa olunacağı təqdirdə mümkün sanksiyalarla bağlı xəbərdarlıq edib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin açıqlamasında qeyd olunur.

“Qərb ölkələri, o cümlədən ABŞ Rusiya təyyarələrinin öz hava məkanını keçməsinə qadağa qoyur. Əgər Rusiya Federasiyası ilə Gürcüstan arasında birbaşa uçuşlar bərpa olunarsa, bu təyyarələrə xidmət göstərən Gürcüstan aviaşirkətlərinə qarşı sanksiyaların mümkünlüyü ilə bağlı narahatlıq yaradacaq”, - deyə Dövlət Departamenti bildirib.

Məlumata görə, rəsmi Vaşinqton hesab edir ki, Gürcüstanın Rusiya Federasiyası ilə münasibətlərini normallaşdırmasının vaxtı deyil.

Xatırladaq ki, Rusiya mayın 10-da Gürcüstan vətəndaşları üçün 2000-ci ildən qüvvədə olan viza rejimini ləğv edib.

 

İSRAİLƏ 400-DƏN ÇOX RAKET ATILIB

Qəzza zolağından İsrail ərazisinə bir sutka ərzində 400-dən çox raket atılıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant məlumat verib.

“Bu raketlərin əksəriyyəti ya Qəzza zolağının ərazisinə düşüb, ya da açıq ərazilərdə partlayıb”, - deyə İsrail dövlətinin müdafiə naziri açıqlamasında bildirib. O, həmçinin əlavə edib ki, bir neçə yaşayış binasına zərər dəyib.

Eyni zamanda, Yoav Qallant hərbi əməliyyatın tezliklə başa çatacağına ümid etdiyini vurğulasa da, İsrail ordusunun hadisələrin istənilən inkişafına hazır olduğunu vurğulayıb.

Xatırladaq ki, İsrail ordusu mayın 9-na keçən gecə başlayan “Qalxan və ox” əməliyyatı çərçivəsində Qəzza zolağında Fələstinin “İslami cihad” radikal qruplaşmasının  obyektlərini sıradan çıxarıb.

 

ÖLKƏSİNDƏN DİDƏRGİN DÜŞƏNLƏRİN SAYI ARTIB

2022-ci ildə 71,1 milyon insanın məcburi köçkünə çevrildiyi məlum olub. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Cenevrədə yerləşən Daxili Miqrasiya Monitorinq Mərkəzinin (IDMC) açıqlamasında qeyd olunur.

Bununla yanaşı, dərc olunan hesabatda miqrasiyaların müharibə, zorakılıq və təbii fəlakətlər nəticəsində baş verdiyi bildirilib.

Hesabatda bildirilir ki, sözügedən say əvvəlki ilə nisbətən 20 faiz artıb. 2021-ci ilin müvafiq hesabatında köçkünlərin sayı 60,9 milyon nəfər təşkil edirdi.

Eyni zamanda, mərkəzin hesabatına görə, 24 fevral 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi səbəbindən 16,9 milyon insan ölkə daxilində miqrasiya etmək məcburiyyətində qalıb ki, bu da indiyədək aşkar edilən ən yüksək rəqəmdir.

Qeyd edək ki, sözügedən hesabata 65 ölkənin məlumatları daxil edilib.

 

NATO-NUN UKRAYNA MÜNAQİŞƏSİNƏ 2014-CÜ İLDƏN HAZIRLAŞDIĞI MƏLUM OLUB

Şimali Atlantika Alyansı 2014-cü ildən Ukraynada münaqişəyə hazırlaşır. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq “The Washington Post” qəzetinə müsahibəsində bəyan edib.

“O vaxtdan etibarən NATO Soyuq Müharibədən bəri kollektiv müdafiəmizin ən geniş şəkildə möhkəmləndirilməsini həyata keçirib”, - deyə baş katib vurğulayıb.

Eyni zamanda, Yens Stoltenberq qeyd edib ki, alyans müdafiə xərclərini artırıb və Şərqi Avropada bölmələr cəmləşdirib.

Bununla yanaşı, NATO-nun baş katibi bildirib ki, Şimali Atlantika Alyansı tarixdə ilk dəfə olaraq Polşa və Baltikyanı ölkələrdə döyüş bölmələri yerləşdirib. Onun sözlərinə görə, “NATO-nun şərq cinahında”, təxminən 40 min hərbçi və dəniz, eləcə də hava qüvvələrinin bölmələri mövcuddur.

Yens Stoltenberq həmçinin əlavə edib ki, alyansın müdafiə büdcəsinin maliyyələşdirilməsinin 80 faizi Avropa İttifaqına üzvü olmayan ölkələrin payına düşür. Xüsusilə, söhbət ABŞ, Kanada və Böyük Britaniyadan gedir. Onun sözlərinə görə, rəsmi Kiyevə 78 faiz hərbi dəstəyi məhz bu ölkələr həyata keçiri.

 

SUDANDA QARŞIDURMALAR BÜTÜN ŞIDDƏTI ILƏ DAVAM EDIR

Sudanda ordu ilə xüsusi təyinatlılar arasında qarşıdurmalar davam edir. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Şahidlərin sözlərinə görə, paytaxt Xartumun Bahri bölgəsində Sudan ordusu qüvvələri ilə xüsusi təyinatlılar arasında müntəzəm olaraq şiddətli toqquşmalar baş verir.

Bahri bölgəsinin Şambat əl-Aradi, Şambat Şamal, Safiye və Halfaya məhəllələrində güclü partlayışlar və ağır artilleriya səsləri eşidilib, orduya məxsus döyüş təyyarələrinin havada uçuşu müşahidə edilib.

Eyni zamanda, Səudiyyə Ərəbistanının Ciddə şəhərində iki tərəf arasında aparılan danışıqlarda hələlik irəliləyiş əldə olunmayıb.

Davam edən qarşıdurmalarda həyatını itirənlərin sayının 604-ə, yaralı sayının isə 5127-yə yüksəldiyini açıqlanıb.

Xatırladaq ki, Sudanın paytaxtı Xartum və digər şəhərlərdə ordu qüvvələri ilə xüsusi təyinatlılar arasında silahlı toqquşmalar  aprelin 15-də səhər saatlarından başlayib.

 

ALMANİYA QAÇQINLARA 1 MİLYARD AVRO VƏSAIT AYIRACAQ

Almaniya hökuməti bu il qaçqınların ehtiyaclarının qarşılanması üçün regionlara əlavə 1 milyard avro vəsait ayıracaq. “Report” agentliyinin Almaniya hökumətinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya kansleri Olaf Şolts məlumat verib.

Kansler qeyd edib ki, qaçqınlarla bağlı siyasətin məqsədi həmrəylik bölgüsü sisteminə nail olmaqdır.

“Federal hökumət bütün üzv ölkələr arasında qaçqınların qəbulu ilə bağlı razılığın əldə olunmasını təmin etmək üçün Avropa İttifaqı çərçivəsində fəaliyyətini davam etdirəcək”, - deyə Olaf Şolts vurğulayıb.

Qeyd edək ki, Almaniya hökumətinin məlumatına görə, hazırda bu ölkəyə təkcə Ukraynadan deyil, həm də digər dövlətlərdən də qaçqınlar gəlir. Bu ilin ilk 4 ayında sığınacaq üçün müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 78,4 faiz artıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.