Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Peyami Safa

“Yaşlanarak değil, yaşayarak tecrübe kazanılır. Zaman, insanları değil armutları olgunlaştırır”. Belə deyərdi  XX əsr Türkiyə ədəbiyyatında özünəməxsus yeri olan Peyami Safa...Psixoloji əsərləri və ədəbiyyata, xüsusilə roman janrına gətirdiyi misilsiz yeniliklərlə tanınan bu yazıçıya  daha çox "Doqquzuncu cərrahiyyə palatası" adlı romanı  məşhurluq gətirib. Ədib əsərində özünün yaşadığı hadisələri qələmə alıb. Atatürkə etiraz edən,  Nazim Hikmətlə düşmən olan bu  yazıçı yaradıcılığı ilə yanaşı, həm də acı taleyi ilə yaddaşlarda qalıb...

İstanbulda doğulan yazıçı  Türk ədəbiyyatının tanınmış simalarından biri, şair İsmail Safanın oğludur. 9 yaşından ədəbiyyatla ciddi şəkildə maraqlanmağa başlayan  Peyami Safa 2 yaşında atasını itirib. Yazıçı kasıbçılıq və erkən yaşlarda tutulduğu xəstəlik səbəbindən normal təhsil ala bilməyib. “Sümük vərəmi”nə tutulan Peyami təhsilini davam etdirə bilməsə də, ardıcıl mütaliəsi hesabına ədəbiyyata dərindən yiyələnmiş, 13 yaşında “Köhnə dost” adlı ilk romanını qələmə almışdır. Xəstəliklə mübarizə apardığı uşaqlıq illərində həm də müxtəlif işlərdə çalışıb. 19 yaşından jurnalistika ilə məşğul olmağa başlayan Peyami müxtəlif qəzetlərə və dərgilərə yazdığı yazılardan aldığı qonorarla həm müalicəsini davam etdirmiş, həm də ailəsinin dolanışığını təmin etmişdir. Yeri gəlmişkən o, pul qazanmaq məqsədilə yazdığı hekayələrdə anası Server Bediadan təsirlənərək götürdüyü Server Bedii imzasından istifadə etmişdir.

Peyami Safanın ilk  kitabı satışa çıxandan sonra ildırım sürətilə  satılıb, qurtarır. Bunun səbəbi isə usta yazıçının kitabın reklam işini düzgün qurması idi. Belə ki, Peyami Safa  kitabın üz qabığına bu cümləni yazdırmışdı: “Bu kitabı əsla oxumayın!”. O, bu cümlə ilə oxucusunun marağını cəlb etmiş və qısa müddətə bütün tirajın satılmasına nail olmuşdu.

 Ustad yazar Peyami Safa ilə dövrünün ən böyük şairi Nazim Hikmət arasındakı polemika, daha doğrusu qovğa ədəbiyyat aləmində çox məşhurdur. Belə ki, Ankarada həbsdə olarkən Nazim Hikmətin “Yanardağ” şeirini “Cümhuriyyət” qəzetində  çap etdirən Peyami Safanın bu addımı ona baha başa gəlir. Qəzet rəhbərliyi ilə münasibətləri pozulan yazıçı işini itirir. Hətta qəzetin rəhbərliyi şeir çap olunandan bir gün sonra məhbus şairin şeirlərini çap etdiyi üçün oxuculardan üzr istəyir. Nazim Hikmət isə həbsdən çıxdıqdan sonra Peyami Safanı axtarıb tapır və aralarında böyük dostluq başlayır. Amma dostlar arasındakı mehribanlıq çox da uzun sürmür. Peyami Safa Nazimin “Resimli Ay” dərgisində çap olunan bir yazısını sərt şəkildə tənqid edir. Nazim buna bir o qədər məhəl verməsə də, dostlar arasında soyuqluq başlayır və bu, sonralar  düşmənçiliyə çevrilir. Bu qovğanın, illər sonra kitaba çevrilən “fikir savaşı”nın Türk ədəbiyyatı tarixində önəmli yeri var.

Yazıçının Nazim Hikmətlə dostluqları yarıda qırılsa da, Necip Fazılla dostluqları ömürlərinin sonuna qədər davam edib, hətta ustad şair bir müddət onun evində də yaşayıb. Peyami Safa haqqında dolaşan söhbətlərdən biri də Mustafa Kamal Atatürklə bağlıdır. Belə ki, bir dəfə  Atatürk yazıçıları topladığı məclisdə  ədəbiyyatla bağlı düşüncələrini bölüşür.

Lider çıxışını bitirər-bitirməz Peyami Safa yerindən dillənir: “Olmadı paşam, olmadı”. Ortalığa ölüm sükutu çökür. Amma Peyami ətrafındakıların qorxusuna fikir vermədən Atatürkün ədəbiyyatla bağlı düşüncələrinin yanlış olduğunu izah edir. Söhbətin sonunda Atatürk ədəbiyyat bilgisinin zəif olduğunu etiraf edib, yazıçının əlini sıxır və ona təşəkkür edir.

Uzun müddət ağır xəstəliklə və kasıbçılıqla mübarizə aparan yazıçının şəxsi həyatı da qaydasında olmayıb. İçkiyə və narkotikə aludəçiliyi, ruh çağırma məclislərinə marağı, parapsixologiyaya meyli, mason lojasına üzv olmaq istəməsi onun qeyri-adilikləri arasındadır. Yazıçı şəxsi həyatında da xoşbəxtliyi əldə edə bilməyib. Həyat yoldaşı Nebahat xanımla tanışlıqları dərgilərin birində baş tutub. İlk qələm təcrübələrini çap etdirmək üçün dərgiyə gələn Nebahat xanıma aşiq olan yazıçı ona evlənmək təklif edir. Toydan sonra Nebahatın psixoloji və fiziki problemləri üzə çıxır. Həyat yoldaşını müalicə etdirmək üçün hətta xarici ölkələrə üz tutsa da, Nebahat xanım tam olaraq sağalmır. Sonralar isə oğlu Merve sağalmaz xəstəliyə tutulur. Uzun müddət müalicə olunsa da, onu xilas etmək mümkün olmur.

Həyatı boyu əzablar, məhrumiyyətlər içində yaşayan yazıçı oğlunun ölümündən sonra cəmi dörd ay yaşayır və 62 yaşında beyin qansızması nəticəsində vəfat edir.

 

Artur Konan DOYL 

Artur Konan Doyl... Detektiv ədəbiyyatın ən məşhur nümayəndələrindən biri olan bu ingilis yazıçısı “Baskervillərin iti”, “İtmiş dünya”, "Qorxu vadisi" kimi məşhur əsərlərin müəllifi, eyni zamanda Şerlok Holms və professor Çellencer kimi sevilən obrazların yaradıcısıdır. Uydurduğu detektiv qəhrəmanları sayəsində qucaq-qucaq pullar qazanan yazıçı ədəbiyyat aləminin ən məşhur alver simasına çevrilməyi bacarıb. Belə ki, bir zamanlar Böyük Britaniyanın ən zəngin yazıçılarından olan Konan Doyl “Ginnesin Rekordlar Kitabı”na obrazları ən çox ekranlaşdırılan yazıçı olaraq düşüb. İndiyə qədər qəhrəmanları haqda 210 film çəkilib. Hələ bu harasıdır, ölülərlə də "rabitə" yaradan bu yazıçının əbəs yerə məzar daşı üzərindəki adının qarşısında "ser" sözü yazılmayıb. Demək ki, o, buna layiq imiş...

Şotland əsilli Konan Doyl həyatını əsl ingilis centlmeni kimi yaşamışdı. Anası oğlunun adını Çarlz Dikkensin, Valter Skottun əsərlərindən tanıyıb sevdiyi tarixi şəxsiyyət -  kral Arturun şərəfinə qoymuşdu. O, Edinburq Universitetində tibb təhsili almış, bir müddət gəmi həkimi işləmişdi. Yazıçı bacarıqsız terapevt kimi tanınsa da bir müddət oftalmoloq kimi böyük şöhrət qazanmışdı. Lakin sonralar pasient qıtlığı üzündən uğursuzluğa düçar olan Konan Doyl yazıçı kimi fəaliyyət göstərməyə  başlayıb.

Konan Doyl həm də yaxşı idmançı idi, daha çox kriket, qolf və xizək sürməklə ad çıxarmışdı. Boksu idmanın ən yaxşı növü hesab edən yazıçı bəzən axşamlar evə gələrkən kostyumunu soyunmadan boksla məşğul olurmuş.

Həkim işlədiyi ərəfələrdə pasientlərindən birinin bacısı, Luiza Hokins adlı xanımla evlənən Doylun bu izdivacda bəxti gətirməmişdi. Belə ki, qısa müddət sonra vərəm xəstəliyi üzündən həyat yoldaşını itirən yazıçı bu azmış kimi, Birinci Dünya müharibəsində oğlunun və qardaşının da ölüm xəbərini almışdı. Yaxınlarının ölümü ona o qədər pis təsir etmişdi ki, o, rasional düşüncə tərzini bir kənara qoyub, spiritisizmə, bir qədər sonra isə okkultizmə meyillənmiş, ölülərlə rabitə yaratmağa çalışmışdı. Yazıçının rasional təfəkkürə meyli onun həyatında dönüş yaratdı. Ədəbiyyat cameəsinin gülüş hədəfinə çevrilən yazıçı yeganə dəstəyi ikinci dəfə ailə həyatı qurduğu  Cin Lekki adlı xanımından aldı. Ən maraqlısı isə odur ki, 71 yaşlı yazıçının ürək tutması səbəbindən  ölümündən sonra qadın mərhum əri ilə spiritistik seans keçirmək üçün  göylərə  və ruhlara yaxın olmaq məqsədilə xüsusi təyyarə də almışdı...

 

Antonio Qaudi

Dahi ispaniyalı memar Antonio Qaudi... Bu memarın işləri sanki insanı sehrli, fantastik bir aləmə aparır... O aləmin adı isə Barselonadır... Orada  "Qaudi ya dəlidir, ya da ki, dahi" ... frazası olduqca məşhurdur. Çünki memarın yaradıcılığını və həyatını təsvir edərkən məhz bu ifadədən istifadə olunur. Niyə də yox? Axı memar dünyanın quruluşunu öyrənməyə çalışmış, hətta onu Tanrının özü ilə birgə qurmağı da düşünmüşdü...

Memar Tarraqona əyalətinin Reus şəhərində misgər ailəsində doğulub. Atasının gördüyü işlərlə daim maraqlanması gələcək memarın yaradıcılıq istedadına öz təsirini göstərmişdi. Qaudinin işləri təkcə müəllifin sərhəd bilməyən zəkasının yox, həmçinin yaradıcılıq axtarışlarının və müxtəlif materiallarla apardığı eksperimentlərin məhsuludur. Məhz buna görə Qaudiyə, o vaxta qədər heç kimə məlum olmayan inşaat strukturlarını və heykəltəraşlıq formalarını yaratmaq müyəssər olub.

Onu modernizmin, arxitekturanın və dəmirin kralı adlandırırlar. Onun şəxsiyyəti heç bir təsnifata sığışmır. Layihələrinin unikallığı və sənətkarlığının qəribəliyi Qaudini müasirlərindən xeyli fərqləndirir. Modernizmin dahisi sayılan Qaudi çox maraqlı və orijinal layihələrin müəllifidir. Öz doğma şəhəri Barselonaya hədiyyə etdiyi 18 əsəri artıq neçə illərdir ki, unikallıq və novatorluğun üstü sayılır.

Həyatı boyu heç vaxt evlənməyən memar ömründə bir  dəfə Jozefa Moro adlı müəlliməni sevib, lakin onların izdivacları baş tutmayıb. Ömrünün son illərində özünə qapanan məşhur memar  səliqə-sahmanına fikir vermədiyi üçün  dilənçini xatırladırmış. Elə onun bu görkəmi dolayı da olsa ölümünə səbəb olub. Belə ki, Qaudi Barselonada  tramvayın çarxları altında qalaraq faciəli şəkildə həlak olub. Deyirlər, 72 yaşlı sənətkar yolun ortasında dayanıb, özünün layihələndirdiyi məbədə baxarkən yavaş sürətlə hərəkət edən tramvayın altına düşüb. Ətrafdakılar onu dilənçi və kimsəsiz biri  zənn edərək vaxtında həkimə çatdırmadıqları üçün memar daxili qanaxma səbəbindən həyatını itirir. Sonra faciələrin sayı çoxalmasın deyə, həmin tramvay xəttini ləğv ediblər. Çünki dünyanın müxtəlif ölkələrindən Barselonaya gələn çoxsaylı turistlər hər gün məbədin ətrafına toplaşaraq başlarını qaldırıb, heyranlıqla məbədə baxırlar...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".