GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

MƏRZİYƏ ÜSKUYİ

1941-ci ildə Təbriz yaxınlığında yerləşən Üskü qəsəbəsində anadan olub. Ali pedaqoji təhsil aldıqdan sonra üç il doğulduğu Üskü qəsəbəsində müəllim işləyib. Erkən yaşlarında bədii yaradıcılığa başlayan Mərziyə Üskuyi şeirlərini "Dalğa" təxəllüsü ilə yazıb. İran şah rejiminə qarşı mübarizə apardığına görə həbs edilib. Həyatının məhbəs günləri haqqında xatirələrini yazıb.

1972-ci ildə 27 yaşında İran şahlıq rejimi tərəfindən qətlə yetirilib. Onun nəsr əsərləri dərin sosial məzmunu, sərt realizmi ilə seçilir.

 

Dalğa

Xırda, incə arx idim,

Meşələrdən, dağlardan,

Dərələrdən axırdım.

Bilirdim durğun sular,

Öz içində boğular.

Bilirdim dəryalarda,

Dalğalar qucağında,

Xırdaca arxlar üçün

Yeni həyat doğular.

 

Günüm gedib su içsin,

Abı donun dəyişsin.

Can Günəşim, parla, çıx,

Cahan görünsün açıq.

 

Aylar, illər dolandı,

Ah, gördüyüm yuxumu?

Zaman naqqa balıq tək,

Uddu çocuqluğumu.

 

İndi dəmirdən tüfəng,

Hesabsız fişəng gərək.

Xalqın dönməz eşqindən,

Burda dayaq gərəkdir.

Yurda dayaq gərəkdir.

 

 HƏSƏN MƏCİDZADƏ SAVALAN

1947-ci ildə Ərdəbil yaxınlığındakı Nir qəsəbəsində dünyaya gəlib. Atası 40- illərdə milli azadlıq hərəkatının fəal iştirakçılarından biri kimi qanlı hadisələr zamanı həlak olub. Təbrizdə yaşamağın qeyri-mümkün olduğunu görən babası ailəni Tehrana köçürməyə məcbur qalıb.

Həsən erkən yaşlarından işləməyə başlayıb, çilingərlik sənətinə yiyələnib. Ədəbi yaradıcılıqla da elə həmin dövrdən məşğuldur. Lakin əsərlərini rejimin yaratdığı məlum səbəblərdən çap etdirə bilməyib. Onları yalnız İran İslam İnqilabından sonra nəşrə başlayan anadilli qəzet dərgilərdə, xüsusən "Varlıq" jurnalında intensiv şəkildə çap etdirməyə nail olub.

Şairin "Apardı sellər Saranı", "Ana", "Bahar bayramı" "Dinlə, gəlin qayasın" adlı poemaları ona xüsusilə böyük şöhrət qazandırıb. Şairin Cənubda anadilli ədəbiyyatın inkişafında rolu danılmazdır.

 

Axır çərşənbə

Axır çərşənbə gəldi, ay mənim gözəl qızım,

Uca atıl alovdan, ay yanağı qırmızım.

Qaç-qaç, atıl gəl, səni bağrıma basıb deyim,

Qulağına bir neçə tapşırığımla sözüm.

Bu xoş günlərimizdə, gəl sevindir sən bizi,

De, solğunum get daha, gəlsin mənə qırmızı...

 

Nazənin göyərçinim, oyna-oyna, sən atıl!

Göydə şirin gülüşlə bu xoş nəğməyə qatıl!

Havada salam denən günə, gülə, çiçəyə,

Yetir tapşırığım, de, atıl, sevinclə qatıl,

Bu xoş günlərimizdə, gəl sevindir sən bizi,

De, solğunum get daha, gəlsin mənə qırmızı...

 

Çoxlu gözəl mənalar daşır bizim ənənə,

Qondarma deyil bu, doğma elindir yenə.

Dəblərimiz əzizdir, həm sənə, həm mənə,

Gəl gülüm ilk baharda könlümü açım sənə.

Bu xoş günlərimizdə, gəl sevindir sən bizi,

De solğunum get daha, gəlsin mənə qırmızı...

 

Uşaq ədəbiyyatı çağdaş ədəbi proseslər

(əvvəli 13, 14, 16, 17 18 may tarixli saylarımızda)

"Pinti" pyesi Ərdəbilin "Fədək" sarayında tamaşaya qoyulub uğurla nümayiş olunub, balaca tamaşaçıların diqqətini çəkib, tamaşa boyu istər-istəməz fikrindən: "Mən "Pinti" deyiləm, mən onun kimi deyiləm!" nidası qopub... Bəs niyə onun adı Pintidir? Sualın cavabı yazarın təsvirlərində aydınlaşır. Pinti səliqəsiz, özündən razı, nizam-intizamsız, heç nəyi öz yerinə qoymayan bir uşaqdır. Bütün əşyalarını, kitab dəftərlərini otağının döşəməsinə səpib, karandaşlarının uclarını qırıb, disləyərək çeynəyib, ciblərinə hər gəldi yığdığı paltosunu belə, yerə atıb. Sulu boyasının rənglərini bir-birinə qarışdırıb, pozanı çeynəyib, üstünə iynə sancaraq dəlik-deşik edib, dəftərlərini cırıb vərəqlərindən papaqlar düzəldərək döşəməyə səpələyib, hətta sarı qırmızı başmaqları belə taykeş geyinib. Məktəbə gedəndə çantasını yerdə sürüyə-sürüyə aparır. Bir gecə həmin əşyalar Pintinin yuxusuna girib onu divana çəkirlər. Onlar pintiyə qarşı açıq məhkəmə qurub hakimə şikayət edirlər. Məhkəmənin sonunda Pinti səhvlərini anlayır, utanaraq günahkar olduğunu söyləyir, yanlış hərəkətləri bir daha etməyəcəyinə söz verir pintiliyə son qoymaq üçün ona fürsət vermələrini istəyir. Yazarın uşaqlara son mesajı da təqdirəlayiqdir:

Çirkinliklər silinsin,

Təmizləşsin qəlbimiz.

Əl-ələ verib gedək,

Yol yoldaşı olaq biz.

Uşaq dünyasının da öz həqiqətləri, gerçəkləri var. Qar kimi tərtəmiz olan bu dünyada ölümə, pisliyə, xəbisliyə yer yoxdu, həyat eşqi, yaşama sevgi hissləri bulaq tək çağlayır. Uşaqlar həmişə əbədi yaşayacaqlarını düşünür, ölümü yaxına buraxmırlar. Hətta öz doğmalarının vaxtsa öləcəyi, dünyanı onları tərk edəcəyi düşüncəsi belə, uşaqlar üçün yaşamın ən böyük faciəsidir. İncələdiyimiz uşaq ədəbiyyatı örnəklərindən bu tendensiyanı izlədik. Ona görə uşaq yazarları diqqətli olmalı, azyaşlıların qarşısında ikiqat məsuliyyət daşımalı, təbii düşünməli, içdən gələn səmimiyyətlə onlar üçün yeni-yeni əsərlər qələmə almalıdırlar. "Biz uşaqların qarşısında özümüzü çəkməməliyik, biz onlardan daha kötüyük. Onlar bizə çox şeyi öyrədirlər sadəcə bir ünsiyyətlə bizə yaxşı təsir edirlər. Aramızda olmaqla ruhumuzu insaniləşdirirlər. Ona görə onların mələkliyinə, məsumluğuna, hətta ən qüsurlu vərdişinə, məsuliyyətsizliyinə mütəəssir edən müdafiəsizliyinə hörmət etməliyik...".

Sonda bir məsələni vurğulamaq istəyirəm. Sirr deyil ki, Güneydə ədəbi dil bu gün hələ tam olaraq formalaşmayıb. Adətən yazarlar yerli şivələrdə - danışdıqları dildə yazıb-yaradırlar. Bu hal qaçılmazdır. Ona görə antolojiyə daxil etdiyimiz əsərlərin dil özəlliklərini mümkün qədər saxlamışıq. Anlaşılmayan şivə sözlərinin, eləcə hakim dil olan farscadan yazarların dilinə keçən bir sıra ərəb fars kəlmələrinin anlamını ətək yazısında verməyə çalışdım. Açığı, bu əsərləri oxuduqca ana dilində dərslikləri, məktəbi olmayan Güney yazarlarının uşaqların formalaşmasında önəmli təsiri olan uşaq ədəbiyyatına strateji məsələ kimi baxdıqlarını anladım, mövcud zorluqlara baxmayaraq, bu mövzuda ardıcıl yazıb-yaratmaq üçün göstərdikləri əzmkarlıq qarşısında heyrətləndim... Onların yurdun, ədəbiyyatın fədailəri olduğu göz önündədir... Bir xatırlatmalıyam ki, bu, ilk təşəbbüsdür. Amacımız böyük vətənin güneyində yaradılan diqqətdən kənarda qalan zəngin uşaq ədəbiyyatını sistemli şəkildə tanıtmaq, uşaq ədəbiyyatının canlı mənzərəsinin yaradılması yönündə addım atmaqdır.

 

Esmira FUAD,

filologiya elmləri doktoru.