BTQ dəmir yolu xətti genişləndirilir
İQTİSADİYYAT

BTQ dəmir yolu xətti genişləndirilir

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yüklərin daşınma potensialının artırılması istiqamətində tikinti tempinin sürətləndirilməsi üçün zəruri tədbirlər həyata keçirilir.

Respublika-news.az ADY-nin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, ’Azərbaycan Dəmir Yolları’’ QSC Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstandan keçən, uzunluğu 183 km olan mürəkkəb coğrafi relyefə malik  sahəsində təmir-bərpa, rekonstruksiya və tikinti işlərini sürətləndirmək və layihənin qısa müddətdə başa çatdırılması üçün yeni podratçıları cəlb edib.

Qeyd edək ki, 2017-ci ildən ilkin olaraq istifadəyə verilmiş sözügedən dəmir yolu xəttinin çətin relyefli dağlıq və meşəlik ərazidən keçən Marabda-Kartsaxi sahəsində təmir-bərpa işlərinə başlanılması yol təsərrüfatının sağlamlaşdırılması, onun buraxıcılıq gücünün artırılması və hərəkətin təhlükəzliyi baxımından həyata keçirilən tədbirlərdir. Hazırda aparılan cari işlər nəticə etibarı ilə Çin və Orta Asiyadan daha çox yükün qəbul edilərək Avropaya çatdırılmasında önəmli rol oynayacaq.

Belə ki, Asiyadan gələn yüklərin Azərbaycan üzərindən biraşırımlı əməliyyatla Avropaya daha sürətli çatdırılması BTQ-ın regional nəqliyyat şəbəkəsindəki əhəmiyyətini daha da önə çıxarır.

Hazırda xətlər tam elektrikləşdirilib, dəmir yol xətinin inşası əsasən tamamlanıb, 12 stansiyada elektrik təchizatı, rabitə və işarəvermə qurğularının, stansiya işçiləri üçün inzibatı binaların, müasir köməkçi kommunikasiya işlərinin tamamlanması yerinə yetirilir.

Nəzrin CAVADZADƏ.