ƏRDOĞAN: TERRORÇULAR MƏQSƏDLƏRİNƏ NAİL OLA BİLMƏYƏCƏK
Türkiyənin Ədalət və İnkişaf Partiyasının 323 millət vəkili və partiya rəhbəri Rəcəb Tayyib Ərdoğan ölkəni idarə etməyə davam edəcəyi halda terrorçular ölkədə siyasi stabilliyi pozmaq məqsədlərinə nail ola bilməyəcək. “Trend” agentliyinin türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres mərkəzində çıxışı zamanı bəyan edib.
“21 il ərzində yalnız Türkiyənin istiqrarı, xalqımızın mənfəətləri üçün çalışdıq. Qarşımızda isə Türkiyəni siyasi börana sürükləyən, terrorçulara azadlıq vəd edən müxalifət Cümhuriyyət Xalq Partiyası var”, - deyə dövlət başçısı vurğulayıb.
Eyni zamanda, prezident Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, qarşıda seçkilərin ən kritik turu var və 28 may tarixində seçicilərin hər birinin səsvermədə iştirak etməsi vacibdir.
Xatırladaq ki, prezident seçkilərində heç bir namizəd 50 faizdən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.
PENTAQON KİYEVİN İTİRDİYİ ƏRAZİLƏRİ TEZLİKLƏ QAYTARACAĞINA ŞÜBHƏ EDİR
Pentaqon Ukraynanın yaxın gələcəkdə itirilmiş əraziləri hərbi yolla qaytara biləcəyi ehtimalına şübhə edir. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli bəyan edib.
Bununla yanaşı, generalın sözlərinə görə, hazırda Rusiyanın nəzarətə götürdüyü Ukrayna ərazilərində bir neçə yüz min rus əsgəri var. O qeyd edib ki, bu səbəbdən rəsmi Kiyev çətin ki, yaxın gələcəkdə bu ərazilərin hərbi yolla azad edilməsinə nail olsun.
“Bu o deməkdir ki, döyüşlər davam edəcək, qanlı və çətin olacaq. Və nə vaxtsa tərəflər ya razılaşmanı işləyib hazırlayacaqlar, ya da gələcəkdə hansısa hərbi nəticə olacaq”, - deyə Mark Milli vurğulayıb.
Eyni zamanda, general ABŞ-ın gələcəkdə də Ukraynaya dəstəyini davam etdirəcəyini diqqətə çatdırıb.
İRAN XİN RƏHBƏRİNDƏN İRAQA ÇAĞIRIŞ
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə iraqlı həmkarı Fuad Hüseyn arasında telefon danışığı baş tutub. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “IRNA” agentliyi məlumat yayıb.
Bildirilir ki, nazirlərin telefon danışığı zamanı İran XİN rəhbəri iki ölkə arasında bank sahəsində əməkdaşlığın maksimum dərəcədə gücləndirilməsinə çağırış edib.
Qeyd edilir ki, xarici işlər nazirləri həmçinin ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, iki ölkə arasında imzalanmış təhlükəsizlik sazişinin icrası, İraqın İran qazını aldığı qaz kəmərinin gücləndirilməsinin zəruriliyi, regional əməkdaşlıq və digər məsələləri də müzakirə ediblər.
TÜRKİYƏNİN SİLAHLI PİLOTSUZ DƏNİZ VASİTƏSİ SINAQDAN KEÇİRİLİB
Türkiyənin Müdafiə sənayesi şirkəti “Meteksan” və “Ares” gəmiqayırma zavodu tərəfindən birgə istehsal edilən “ULAQ” silahlı pilotsuz dəniz vasitəsi yerli mühərriklərlə sınaqdan keçirilib. Bu barədə “Trend” agentliyi Türkiyə mətbuatına istinadən məlumat yayıb.
Verilən xəbərə əsasən, silahlı pilotsuz dəniz vasitəsinin sınaqdan keçirildiyi ilk görüntülər Malayziyada keçirilən “Langkawi” Beynəlxalq Dəniz və Aviasiya Sərgisində nümayiş olunub.
Məlumata görə, “ULAQ” prototipində istifadə olunan mühərrik Türkiyənin Türk Avtomobil Sənayesi və Ticarəti (TÜMOSAN) şirkətinin yerli mühərriki ilə əvəz edilib.
Bundan əlavə, “ULAQ”da “L-UMTAS” lazerlə idarə edilən uzunmənzilli tank əleyhinə raket sistemi və “CİRİT” lazer idarəetmə raketi ilə təchiz olunmuş “YALMAN” silah qülləsi olacaq. Dəniz vasitəsində 12,7 millimetrlik silah sistemindən də istifadə olunacağı gözlənilir.
Məlumat üçün qeyd edək ki, “ULAQ”ın ilk konfiqurasiyasının bu ilin son rübündə təhvil verilməsi planlaşdırılır.
YAPONİYA HÖKUMƏTİ RUSİYAYA QARŞI SANKSİYALARI GENİŞLƏNDİRİB
Yaponiya hakimiyyəti Hirosimada keçirilən “G7” sammitindən sonra Rusiyaya qarşı sanksiyaları genişləndirib. Bu barədə “Röyters” agentliyi hökumətin bülleteninə istinadən məlumat yayıb.
Sənəddə vurğulanır ki, Yaponiya Rusiyadakı 78 qrup və 17 fiziki şəxsin aktivlərini donduracaq və Rusiyanın 80 qurumuna, o cümlədən hərbi əlaqəli tədqiqat laboratoriyalarına ixracı qadağan edəcək.
Məlumat üçün qeyd edək ki, Yaponiyanın baş naziri Fumio Kisida bir müddət öncə “Böyük yeddiliyə” üzv ölkələrin Rusiyaya qarşı sanksiyalara əməl olunmasına nəzarəti gücləndirəcəklərini bildirmişdi.
Eyni zamanda, baş nazirin sözlərinə görə, Rusiya tərəfi sanksiyaların təsirindən heç bir şəkildə yayınmasın deyə nəzarət tədbirləri gücləndirilməlidi.
BÖYÜK BRİTANİYAYA GƏLƏN MİQRANTLARIN SAYI REKORD HƏDDƏ ÇATIB
Böyük Britaniyana ötən il gələn miqrantların sayının 606 min nəfərlə rekord səviyyəyə yüksəldiyi açıqlanıb. Bu barədə “TRT” telekanalı Britaniya mətbuatına istinadən məlumat yayıb.
İngiltərə Milli Statistika İdarəsi bu artımın ölkəyə Avropa İttifaqı (Aİ) xaricindən işləmək və ya təhsil almaq üçün gələnlərlə Ukrayna və Honq Konqdan xüsusi viza proqramları çərçivəsində gələnlərdən qaynaqlandığını bildirib.
Bununla belə, İngiltərə Milli Statistika İdarəsi ötən il miqrasiyada rekord artıma baxmayaraq, son aylarda miqrasiya nisbətlərinin aşağı düşdüyünü göstərən məlumatlara işarə edib.
Eyni zamanda, İngiltərə Milli Statistika İdarəsi 2022-ci ildə təxminən 1,2 milyon insanın təhsil, iş və digər səbəblərlə Böyük Britaniyaya gəldiyini, 557 min insanın isə ölkəni tərk etdiyini açıqlayıb.
Xatırladaq ki, ölkəyə gələn miqrantların sayı 2021-ci ildə 488 min nəfər təşkil edib.
ABŞ-da FIRILDAQÇILAR ARTIQ SÜNİ İNTELLEKTDƏN İSTİFADƏ EDİRLƏR
Süni intellekt sistemləri artıq fırıldaqçıların yaşlı amerikalılardan pul oğurlamasını asanlaşdırır və bir neçə senator Cozef Bayden administrasiyasına məsələyə müdaxilə etməyi, insanları bu yaranan təhlükədən qorumağı xahiş edib. “Report” agentliyinin məlumatına görə, respublikaçı senator Mayk Braun artıq bununla bağlı Federal Ticarət Komissiyasına məktub göndərib.
Məlumata əsasən, hər iki partiyanın senatorları tərəfindən imzalanan məktubda insanların səslərini təkrarlamaq üçün istifadə edilə bilən süni intellekt texnologiyası ilə bağlı araşdırma aparılması tələb olunub.
Senator Mayk Braun bildirib ki, fırıldaqçılar hər il bu cür saxtakarlıqla təxminən 2,6 milyard dollar əldə edir. Onun sözlərinə görə, fırıldaqçılar səs klonlama texnologiyasına çıxış əldə etdikdən sonra yaşlı insanlar xüsusi risk altındadır.
Hazırladı:
Vamiq ABBASOV,
“Respublika”.