Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı
Digər xəbərlər

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində “28 May - Müstəqillik Günü” münasibətilə silsilə tədbirlər keçirilir.

Dövlət Sərhəd Xidmətinin Aparatında Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları tərəfindən İstiqlal Bəyannaməsinin imzalanması ilə müstəqilliyin dünyaya bəyan edildiyi, dövlət quruculuğu, o cümlədən sərhəd təhlükəsizliyinin təmin edilməsi üzrə mühüm fəaliyyətlərin həyata keçirildiyi vurğulanmış, cəmi 23 ay mövcud olmasına baxmayaraq müsəlman şərqində demokratik dəyərlərin formalaşmasından, siyasi, iqtisadi və mədəni inkişafın təmin edilməsinə qədər bütün sahələrdə xeyli əhəmiyyətli işlər görüldüyü bildirilmişdir.

1991-ci ildə müstəqilliyinə yenidən qovuşmuş dövlətimizin ötən dövr ərzində mürəkkəb inkişaf yoluna nəzər salınmış, 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycanın möhkəmlənməsində, dünya dövlətləri arasında layiqli yer tutmasında, ölkəmizin sərhəd mühafizəsinin formalaşması və inkişafında misilsiz xidmətləri böyük minnətdarlıq hissi ilə qeyd olunmuşdur.

Tədbirin sonunda “Heydər Əliyev fondu”nun dəstəyi ilə hazırlanmış və Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilmişdir.