Ən uca zirvə
Region

Ən uca zirvə

İkinci Qarabağ müharibəsində öz dədə-baba torpaqlarını mənfur düşmən tapdağından azad etmək üçün minlərlə qorxmaz, ürəkli oğullar ayağa qalxdı. 2001-ci ildə Lənkəran rayonunun Osakücə kəndində dünyaya göz açan Mehdi Sübhi oğlu Qənbərli qeyrətli igidlərdən biri oldu. Vətəni canından artıq sevən bu 19 yaşlı gənc mübarizə meydanında düşmənə qarşı qatıldığı bütün döyüşlərdə böyük şücaət göstərib. Milyonların ürəyində özünə əbədi məkan quran Lənkəran elinin şəhid oğlu "Vətən uğrunda", Füzulinin Cəbrayılın azad olunmasına görə medallarına layiq olur.

Mehdi Qənbərli orta məktəbi bitirəndə el-obada onun yüksək mədəniyyəti, əxlaqı, Vətəninə, yurduna sevgisi yaşıdlarına nümunə göstərilirdi. Həyatda birinci amalı yağı düşməndən qisas almaq olan Mehdi 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yola düşüb. Əsgər yoldaşlarına da həmişə bildirir ki, Qarabağı düşmən tapdağından təmizləmək, bu yolda şəhid olmaq bizim şərəfli borcumuzdur. Hərbin sirlərini mükəmməl öyrənməklə qisas gününə hazır durmalıyıq.

Nəhayət ki, minlərlə qeyrətli Vətən övladlarının intizarla gözlədiyi gün gəlir. Erməni faşistlərin sentyabrın 27-dən cəbhə xətti boyunca Azərbaycanın hərbi mövqelərini yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutmasına cavab olaraq şanlı ordumuz Ali Baş Komandanın əmri ilə əks-hücuma başlayıb. Əsgər Mehdi Qənbərli ilk gündən müharibənin ən qaynar nöqtəsində işğalçı dığalara qarşı döyüşüb. Düşmənə qan udduran qəhrəman Vətənə, torpağa məhəbbəti sayəsindən neçə-neçə ağır sınaqdan üzüağ çıxır. Hər dəfə səngərə qələbəyə olan inamla girir, Cəbrayılda, Füzulidə düşmənə ciddi itkilər verir. Oktyabrın 5-i Mehdinin son döyüş günü olur. Horadiz uğrunda gedən qanlı savaşda sözün əsl mənasında torpaq uğrunda can qoyub qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.

Zəfər ORUCOĞLU.