Ah, bu uzun sevda yolu...
Sosial həyat

Ah, bu uzun sevda yolu...

Rəssam, sevgilimin rəsmini gəl çək.

Sevgilim gözəldir, sən gözəl çək.

Nazına çatanda fırçadan əl çək.

Qoy onun nazını mən özüm çəkim...

Məhəbbət şairi, eşq sərrafı, gözəllik aşiqi nakam Mikayıl Müşfiqin az qala bir əsr əvvəl qələmə aldığı bu misralar bütün dövrlərin sevgi nəğməsidir. Şair bu fikirləri ilə poeziyanın rəssamı rolunu oynamışdır. Rəssam öz fırçası ilə kətan üzərində, rənglərin ahəngində gözəllik yaradır. Mikayıl Müşfiq isə bədii təxəyyülünün, şeiriyyat gücünün qüdrəti istedadı ilə sevginin, sevgilisinin canlı portretini çəkmişdir. Onun hissləri o qədər güclü, fərqlidir ki, rəssama müraciəti bir başqadır. Şairin düşüncəsinə görə, rəssam qədər həssas, istedadlı olsa da sevginin nazını çəkəcək qədər usta deyil. Müşfiq sevgilisinin nazını çəkməyi belə ülviləşdirir. Onun yaradıcılığı başdan-binadan məhəbbət qoxur. O, eşqə ucalığa yüksəlmiş ali hiss kimi baxırdı. Müşfiq bədii təxəyyülünün məhsulu olan şeirləri həm ayrıca bir dünya, bir aləmdir.

Mikayıl Müşfiq 1931-ci ildə pedaqoji institutun buraxılış gecəsində Dilbər adlı qızla tanış olur. Dilbərə olan sevgisi onu poeziyanın dərin ümmanlarına baş vurmağa vadar edir. O, sevgi adlı dəryada qələminin qüdrəti ilə aliləşdirdiyi saysız-hesabsız sevgi şeirləri yaradır. Mikayıl Müşfiq poeziyasının fövqündə dayanan bədii tapıntıları, qeyri-adi bənzətmələri ilə yaşından çox-çox irəli getmiş, inkişaf etmişdir. Gənc şairin bədii təxəyyülü, istedadı qarşısında aciz qalanların qısqanclığı hətta qisasçılıq hissini üstələmişdi. Onlar şairə sanki zirvədə günəşə baxar kimi həsrətlə baxırdılar. Bu həsrət hissi o qədər böyük idi ki, içimizdəki xainlərin "yaradıcılığı" öz bəhrəsini verdi. Nəticədə gənc Müşfiq 1937-ci il repressiyasının qurbanı oldu. Ona qarşı böhtanlar, tənqidlər həddini aşmışdı. Artıq şairi gözləyən təhlükə o qədər uzaqda deyildi. Yaxın dostlarının repressiya qurbanı olması Müşfiqə rahatlıq vermirdi. Çirkabla dolu, hər addımda xəyanətlə üzləşdiyi həmin dövrdəki repressiya dalğası Müşfiqdən yan keçmədi. Yazıçıların növbəti plenumunda Mikayıl Müşfiqə əks-inqilabçı damğası vurularaq, 1937-ci il iyunun 4-, doğum günündən bir gün əvvəl həbs edildi. 1938-ci il yanvarın 5- isə SSRİ Ali Məhkəməsinin hərbi səhra kollegiyasının 20 dəqiqəlik məhkəmə iclası tərəfindən Mikayıl Müşfiq barəsində güllələnmə qərarı verildi.

Arzuları yarımçıq qalmış, sevgiləri hicran odunda yanmış məhəbbət şairi, nakam Mikayıl Müşfiq yanvar ayının 6-da Nargin adasında güllələnir. Qumsal sahillərdə Xəzəri vəsf edən şair, elə Xəzər sularına da qərq olur. İndi Xəzər suları, həm Müşfiq qoxulu, Müşfiq ətirlidir. Gur dalğalarda, sərin Xəzri mehində bir Müşfiq sirri gizlənir. Pünhan sevgilərin ünvanı Xəzər sularında Müşfiq ruhu dalğalanır. Beləcə, Azərbaycan poeziyasında doğan eşq, məhəbbət günəşi repressiya ilə yanaşı, qısqanclığın, xəyanətin qurbanı oldu. Ona qarşı olan qısqanclığın həddi-hüdudu o qədər dözülməz idi ki, ölümündən sonra belə şairin məzarı olmadı. Demək ki, içimizdəki düşmənlər Müşfiqin ölüsündən belə qorxacaq dərəcədə aciz, müti idilər. Faciəli sonluqla bitən Müşfiq ömrü bir çox sualların cavabını da elə özü ilə apardı.

Yenə o bağ olaydı, yenə yığışaraq siz

O bağa köçəydiniz.

Biz muradımızca fələkdən kam alaydıq,

Sizə qonşu olaydıq.

Yenə o bağ olaydı, səni tez-tez görəydim.

Qələmə söz verəydim.

İllər keçəcək, dövran dəyişəcək, sevgilər yenilənəcək, sevənlər qovuşacaq. Amma Müşfiq poeziyasının şah əsərlərindən olan o bağ mövsümü öz məna mahiyyətinə görə eşqlərin fövqündə dayanacaq. kimsə şair kimi o bağı vəsf edə biləcək, sevgilərin sevgililərin pünhan məhəbbəti o bağlarda bu qədər ülviliyə yüksələcək.

Boş vaxtlarında tar çalmağı sevən şairin ifası ulduzlu yay gecələrində Bakı bağlarını bürüyərdi. "Oxu tar!" deyən şair sinəsindəki tarı da sanki oxudur, dilləndirirdi. Tarın simlərində pərvəriş tapan barmaqları musiqinin ahəngində sevgi toxuyurdu. Abşeron bağlarını sevən, qumsal sahillərdə fikir ümmanına qərq olan öz məhəbbətini dənizə söyləyən Müşfiq... Uzun yay günlərində Xəzərə sığınırmış şair.

Mikayıl Müşfiq təkcə sevən aşiqlərin deyil, həm uşaqların sevimlisidir. Onun, "Şəngül, Şüngül, Məngül" mənzum nağılı Azərbaycan uşaq ədəbiyyatının ən sevilən əsərlərindəndir. Onun uşaqlar üçün yazdığı "Coğrafiya", "Məktəbli şərqisi", "Zəhra üçün" digər şeirləri olduqca maraqlıdır. Mikayıl Müşfiq uşaq şeirləri ilə yanaşı, lirik janrda da gözəl nümunələr yaratmışdır. Onun bu janrda olan şeirləri öz bədii zənginliyi ilə bərabər, insan həyatının bir çox incə tərəflərini inandırıcı şəkildə canlandırmışdır. Şairin lirik şeirlərində bir şirinlik, ahəngdarlıq obrazlılıq vardı. Mikayıl Müşfiq özünün "Duyğu yarpaqları" şeirində həmkarlarına müraciətlə deyir:

Dağıdın dünyanı saran sisləri,

Bu müxənnəsləri, bu iblisləri.

Vuruşub, döyüşmək zamanıdır bu,

Ey insan qəlbinin mühəndisləri!.

Bəli, Mikayıl Müşfiq əbəs yerə şair yazıçıları insan qəlbinin mühəndisi adlandırmırdı. Onun təbirincə desək, həqiqətən bu, belədir. Şair yaradıcılığı, qələmə aldığı hər əsəri, şeiri, sözü ilə insan qəlbini ovsunlayır. Onun hisslərinə, duyğularına hakim kəsilir. Bu, əlbəttə ki, hər qələm adamına, şairə müyəssər olmur. Mikayıl Müşfiq söz sərrafı, söz aşiqi kimi oxucu qəlbində köksünə sığmayan bir məhəbbət, həyat qalası ucaldırdı. Pəncərələri işıqlı, gözəl sabahlara açılan məhəbbət qalası. Bu idi Mikayıl Müşfiq poeziyasının, yaradıcılığının fövqündə dayanan gücü, qüdrəti. Müşfiq eşqdən doğulmuş bir zərrə, işıq idi. Onun qəlb çırpıntıları, çılğınlığı, qaynar yaradıcılığı taleyinə, ömür yoluna da yansımışdır. Şair poeziyada, şeiriyyatda qədər çılğın idisə, həyatda da bir o qədər narahat insan idi. Onun üçün sərhəd, hədd yox idi. Yalnız yalnız inkişaf yüksəliş vardı. Elə bütün bunların nəticəsində şairin qısa həyatı təlatümlərdə keçdi. Öz fikir düşüncələri, ülvi hissləri ilə olduğu cəmiyyətə, mühitə sığmayan Mikayıl Müşfiq nəhayətdə elə o cəmiyyətin, xain toplumun da qurbanı oldu.

Ah, mən gündən-günə bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim?

Bu yerlə çarpışan, göylə əlləşən

Dostdan, aşinadan necə əl çəkim?

Ramidə YAQUBQIZI,

"Respublika".