VIII Gün: Hadisələr, şərhlər
Siyasət

VIII Gün: Hadisələr, şərhlər

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın yeni - "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verən Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

10 sentyabr

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qondarma seçkiləri tanımadığını bildirib.
  • Avropa Şurasının Baş katibi qondarma "prezident seçkiləri"nin heç bir hüquqi əsasının olmadığını qeyd edib.
  • İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun prezidenti Azərbaycanda erməni separatçı rejiminin qondarma prezident seçkiləri keçirməsini rədd edib.

Dünya qondarma "seçkiləri" tanımır

Ermənistana qarşı artıq qütbləşmə prosesi başlayıb. Belə ki, bu günə qədər öz dəstəyini əsirgəməyən cənub qonşumuz İran belə artıq haylara qarşı öz məsafəsini qoruyur. Xüsusilə, Xankəndidəki xunta rejiminin keçirdiyi "seçki" məsələsindən sonra Ermənistana baxış bucağı tamamilə dəyişib. Hətta ABŞ belə xunta rejiminin fəaliyyətini tanımadığını bəyan edib. ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller mətbuat üçün brifinqdə deyib: "Biz ötən həftə də bəyan etdik ki, Qarabağı müstəqil və suveren ölkə kimi tanımırıq və eyni zamanda burada keçirilən qondarma "prezident seçkiləri"ni tanımırıq". Bundan əlavə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Böyük İyirmilik" (G20) sammitinin yekunlarına həsr olunan mətbuat konfransında deyib: "Biz buna müsbət baxmırıq, bunu qəbul etmək mümkün deyil. Onsuz da görüşdüyüm ölkə başçılarının heç biri bunu qəbul etmir". Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Ermənistanın baş naziri Paşinyanın Qarabağın Azərbaycan ərazisi olması fikrini növbəti dəfə dilə gətirib. Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auldda "X" sosial şəbəkəsində bu barədə paylaşım edib: "Böyük Britaniya sentyabrın 9-da Qarabağda keçirilən qondarma "prezident seçkiləri"ni tanımır. Biz beynəlxalq hüququn prinsip və normalarının əhəmiyyətini vurğulayaraq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik".

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç də sosial mediadan Xankəndidə keçirilən qondarma "prezident seçkiləri"nin heç bir hüquqi əsasının olmağını bildirib. Qeyd edilib ki, regionda humanitar vəziyyət və beynəlxalq standartlara hörmət əsasdır: "Avropa Şurası bütün tərəfləri gərginliyi azaltmağa, dialoqa getməyə və sülhü bərpa etməyə çağırır. Avropa Şurası dəstək verməyə hazırdır". Hətta əvvəllər Azərbaycan Ermənistana hücum edərsə, müdaxilə edəcəyini bildirən İran Xarici İşlər Nazirliyi də açıqlama verib ki, Tehranın Qarabağla bağlı mövqeyi sirr deyil, Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir. Avropa Birliyi ilə yanaşı, Gürcüstan və Özbəkistan da qondarma seçkiləri tanımadıqlarını açıqlayıblar.

11 sentyabr

  • Türkiyə Prezidentinin Ermənistanın baş naziri ilə telefon danışığı olub.
  • ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Qarabağdakı "seçkiləri" tanımadıqlarını bəyan edib.
  • Birinci Qarabağ müharibəsində itkin düşmüş Əli Hüseynovun nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb.
  • Macarıstanın Xarici İşlər Nazirliyi Qarabağdakı qondarma "prezident seçkiləri"ni qeyri-legitim adlandırıb.
  • İran XİN-in rəsmisi Qarabağın Azərbaycanın bir hissəsi olduğunu bəyan edib.

12 sentyabr

  • Prezident İlham Əliyev Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib.
  • Azərbaycanın xarici işlər naziri BQXK-nın prezidenti ilə regiondakı son vəziyyəti müzakirə edib.
  • Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstanın Baş naziri ilə görüşüb.
  • Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Qarabağ ermənilərinin inteqrasiyası prosesinin "yumşaq" keçməsində maraqlı olduğunu bildirib.
  • Rusiya Qırmızı Xaç Cəmiyyətinin göndərdiyi yük avtomobili Ağdamdan Xankəndiyə yola düşüb.

Növbəti diplomatik uğur

Sentyabrın 12-si səhər tezdən Rusiya Qırmızı Xaç Cəmiyyətinin humanitar yük TIR-ı Ağdamdan Xankəndiyə yola düşdü. Qeyd edək ki, sentyabrın 9-dan humanitar yardım Bərdədə gözləyirdi. Bu hadisəni Azərbaycanın növbəti uğuru adlandırmaq olar və Ağdam-Xankəndi marşrutu üzrə ilk yükün keçidi olaraq tarixə düşəcək. Eləcə də Ağdam-Xankəndi yolunun açılmasını reinteqrasiya prosesinin başlanğıcı hesab etmək olar. Bu hadisə bir daha onu göstərdi ki, dövlətimizin separatçı rejimə və reinteqrasiya prosesi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Ağdam-Xankəndi marşrutunun açılması Laçın yolunda hərəkətin bərpasına doğru atılan mühüm addımdır.

 ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim isə "X" hesabında bildirib ki, sentyabrın 12-də Rusiya Qırmızı Xaç Cəmiyyətinin yük maşını iyun ayından bəri ilk humanitar yardımı çatdırmaq üçün Azərbaycanın Qarabağ bölgəsinə daxil olub. Bu, əhəmiyyətli ilk addımdır. İndi Qarabağdakı gərgin vəziyyətə son qoymaq və davamlı siyasi dialoq üçün dərhal və eyni zamanda həm Laçın, həm də Ağdam marşrutlarını açmaq vaxtıdır.

13 sentyabr

  • Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb.
  • Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 54-cü sessiyasında çıxış edib.

14 sentyabr

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etmək üçün Tacikistana səfərə gəlib.
  • Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.

Türk dünyası əməkdaşlıq müstəvisində yeni mərhələyə qədəm qoyur

Ölkəmizin Mərkəzi Asiya respublikaları ilə münasibətlərini genişləndirməsi xüsusi diqqət çəkir. Dövlət başçımızın Tacikistana rəsmi səfəri də bu prosesin tərkib hissəsi kimi əhəmiyyət kəsb edir. Sentyabrın 14-də Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etməsi ölkə başçımıza yüksək ehtiramın göstəricisidir. İki ölkə arasındakı münasibətlərə nəzər salanda aydın şəkildə görünür ki, uğurla inkişaf edən siyasi, iqtisadi və mədəni əlaqələr mühüm əhəmiyyət daşıyır.

Respublikamızın Xəzər-Atlantik okeanı akvatoriyası üzrə Qərb istiqamətində və Xəzər-Sakit okean-Hind okeanı akvatoriyası üzrə Asiya istiqamətində əhəmiyyəti getdikcə artır ki, bu da müxtəlif amillərlə şərtlənir. Azərbaycanın geosiyasi mövqeyi həm Qərb, həm də Şərqlə əlaqələr üçün əlverişli şərait yaradır. Mərkəzi Asiyada yerləşən Özbəkistan, Qazaxıstan, Qırğızıstan həm də Türk Dövlətləri Təşkilatına daxildirlər. Bu məqam əlaqələrimizin inkişafında mühüm rol oynayır. Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursu bütün istiqamətlərdə olduğu kimi, Qərb və Şərqlə münasibətlərimizdə də özünü göstərir. Bu, təkcə iqtisadi, nəqliyyat-kommunikasiya, enerji sahəsinə deyil, həm də təhlükəsizlik və siyasi dialoqun inkişafına aiddir. Azərbaycan Qərblə Şərq arasında balanslaşdırılmış xarici siyasət yürüdən nadir dövlətlərdəndir.

  • Prezident İlham Əliyev Roş-ha-Şana bayramı münasibətilə İsrail Prezidentini və Azərbaycanın yəhudi icmasını təbrik edib.
  • Hikmət Hacıyevin "Politico" nəşrində "Qafqazda sülhün bərqərar edilməsi üçün hər iki tərəfə diqqət yetirin" sərlövhəli məqaləsi dərc edilib.

15 sentyabr

  • Prezident İlham Əliyev Liviya Dövləti Prezident Şurasının Sədrinə başsağlığı verib.
  • Ölkə başçımız "Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq" mövzusunda beynəlxalq elmi-praktiki konfransın və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin baş prokurorlarının 4-cü iclasının iştirakçılarına məktub ünvanlayıb.

16 sentyabr

  • Hikmət Hacıyev Bakı ilə İrəvan arasında sülh sazişi imzalanmasının perspektivləri, beynəlxalq vasitəçilik və Rusiya-Azərbaycan münasibətləri haqqında Rusiyanın TASS agentliyinə geniş müsahibə verib.
  • "Fitch Ratings" Azərbaycanın reytinqini "BB+" səviyyəsində təsdiqləyib.
  • ABŞ Dövlət Departamentinin müşaviri Ermənistanın son təxribatları barədə məlumatlandırılıb.

"Respublika".