Mükəmməl Mürəkkəb Memarlıq
Maraqlı

Mükəmməl Mürəkkəb Memarlıq

"Kolomenski" Sarayı

Dövlət Muzey-Qoruğunun memarlıq və landşaft kompleksinin əsas tarixi binası olan "Kolomenski" Sarayı Moskvanın cənub hissəsində inşa olunub. XVII əsrin əvvəllərində ucaldılan möhtəşəm muzey imperator I Pyotrun atası çar Aleksey Mixayloviçin iqamətgahı olub. 1993-cü ildə muzey yenidən təmir edilib. Restavrasiya işləri zamanı kompleksin interyer dizaynında müasir elementlərlə yanaşı, XVII-XVIII əsrlərə aid orijinal əsərlərdən, qədim ikonalardan, gümüş fincan və saxsı qablardan, həmçinin o dövrün məişət əşyalarından istifadə edilib.

Ümumi sahəsi 1775 kvadratmetr olan saray kompleksinin daşıyıcı konstruksiyaları və tavanları dəmir-betondan, fasadı isə taxta panellərdən ibarətdir. 23 sərgi salonu olan muzeydə dünyaca məşhur rəssamların sənət əsərləri, çar Aleksey Mixayloviçin hakimiyyəti dövrünə aid orijinal əşyalar, qobelenlər, silahlar, zərgərlik məmulatları, kitablar və döş nişanları sərgilənir. Yüzlərlə LED lampalarla bəzədilmiş heyrətamiz saray axşam saatlarında rus nağıllarını xatırladır. Moskvanın antik ruhunu əks etdirən Sarayın həyətində tez-tez festival, bayram şənlikləri, yarmarkalar və ustad dərsləri keçirilir.

Pekin Milli Stadionu

2008-ci ildə keçirilən Yay Olimpiya Oyunları üçün nəzərdə tutulan Pekin Milli Stadionu Pekin şəhərinin Çaoyang rayonunun Olimpiya Yaşıl kəndində inşa olunub. "Quş yuvası" kimi tanınan qeyri-adi stadion 2003-cü ildə isveçrəli rəssamlar J.Hersoq, P.Meron və çinli memar Li Xinqanq tərəfindən layihələndirilib. 91 min insan tutumuna malik dünyanın ən böyük polad konstruksiyasının tikintisi təxminən 423 milyon dollara başa gəlib. 2022-ci il Pekin Qış Olimpiya Oyunlarının açılış və bağlanış mərasimləri də bu stadionda keçirilib.

Memarlığın möcüzəsi hesab edilən stadion 20,4 hektar ərazidə tikilib və ümumi sahəsi 258 min kvadratmetrdir. Bir-birinə bağlı 24 polad sütundan ibarət nəhəng ellips formalı konstruksiya ağac budaqlarından düzəldilmiş quş yuvasını xatırladır. Mürəkkəb mühəndislik strukturu kimi tanınan çoxfunksiyalı idman kompleksinin hündürlüyü təxminən 70, uzunluğu 330, eni isə 220 metrdir. Həmin dövrlər dünyada polad qıtlığı olduğu üçün layihə rəhbərləri arenanın damında həm günəşdən, həm də yağışdan qoruyan xüsusi polimer membran yaratmaqla 50 milyon dollara qənaət ediblər.

"Fashion Show Mall"

Dünyanın ən böyük ticarət mərkəzlərindən biri olan "Fashion Show Mall" ABŞ-ın qərb hissəsində Las-Veqas şəhərində inşa olunub. Unikal və qeyri-adi arxitekturaya malik mərkəz "Brookfield Properties" şirkətinin sifarişi ilə "Summa" korporasiyası və baş podratçı Ernest V.Hahn tərəfindən hazırlanıb. 14 fevral 1981-ci ildə açılışı olan mərkəz o vaxtlar cəmi 6 min kvadratmetr ərazidə yerləşsə də bir müddət sonra yenidən tikinti işlərinə başlayan şirkət 175,415 kvadratmetr ərazini əhatə edən iki nəhəng qüllə inşa edib. Kompleksin damı isə uçan boşqabı xatırladan oval formada dizayn edilib.

"Fashion Show Mall" Las-Veqasdakı yeganə ticarət mərkəzidir ki, burada məşhur brendlərin yer aldığı 250-dən çox mağaza fəaliyyət göstərir. Burada, həmçinin moda nümayişlərinin keçirildiyi böyük salon yerləşir. Ziyarətçilərin marağına səbəb olan daha bir məkan isə "Centavr" İncəsənət Qalereyasıdır. Burada XVI əsrdən bu günə qədər olan dünyaşöhrətli rəssamların şah əsərləri nümayiş olunur.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".