18 Oktyabr Dövlət Müstəqilliyi Günüdür
Siyasət

18 Oktyabr Dövlət Müstəqilliyi Günüdür

Müstəqilliyimiz əbədidir və dönməzdir!

Müstəqillik xalqımızın böyük tarixi  nailiyyəti və milli  sərvətidir.  İstiqlaliyyət günümüzün ölkəmizdə hər il  təntənəli şəkildə  bayram edilməsi Azərbaycanın dövlət  müstəqilliyinin möhkəm təməllər üzərində  qurulduğunu və əbədi  olduğunu bir daha sübut  edir. Tarix dəfələrlə sübut edib ki,  müstəqilliyi qoruyub saxlamaq  onu qazanmaqdan qat-qat  çətindir.  Azərbaycan bir əsrdə iki dəfə  müstəqillik əldə etmək, özünün  suveren dövlətini  yaratmaq imkanı qazandı. Təəssüf ki,  birinci imkan  xarici müdaxilə, daxili  çəkişmələr və beynəlxalq  təminatın olmaması  səbəblərindən  itirildi.  1918-ci ildə  qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı.  İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet İmperiyasının  dağılması azərbaycan xalqına öz milli  müstəqilliyini bərpa etmək imkanı verdi.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən  Azərbaycanın istiqlaliyyəti  barədə qəbul edilmiş  Konstutusiya Aktına  əsasən  həmin tarixdən başlayaraq  30 ildir ki,  18 oktyabr -- Müstəqillik Günü kimi qeyd edilir.

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi   cəmiyyətimiz tərəfindən nə qədər  böyük sevinc hissi ilə  qarşılansa da, sonrakı dövrdə baş verən  neqativ siyasi proseslər  xalqımızın azadlıq  ideyalarını şübhə altına  almışdı. 1991-1993-cü illərdə  hakimiyyətdə olan iqtidarlar Azərbaycanı dünyada gedən proseslərdən uzaq salaraq  təklənməsinə,  təcrid olunmasına  imkan yaratdılar.  Hakimiyyət çəkişmələrinin  məntiqi nəticəsi kimi, cəbhədəki   uğursuzluqlar və  daxildə separatçı meyillərin  güclənməsi dövlətçiliyimizin  və müstəqilliyimizin  itirilməsini qaçılmaz edirdi.

Belə bir ağır və mürəkkəb dövrdə  xalqın təkidli tələbi  ilə böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin  ölkə rəhbərliyinə qayıdışı  Azərbaycanın dövlət müstəqilliyinin  qorunub saxlanmasına və  möhkəmləndirilməsinə xidmət  edən  başlıca amil oldu.  Xalqımızın dahi  rəhbərinin  hakimiyyətə dönüşü ilə  respublikamızın 1920-ci ildəki aqibətinin  təkrarlanması təhlükəsi sovuşdu.

1993-cü ilin  iyununda parlamentin sədri,  oktyabrında isə  ölkə Prezidenti seçilən Heydər Əliyev tezliklə ölkədə yaranmış  siyasi böhranın və hakimiyyət boşluğunun  aradan qaldırılmasına nail oldu.  Hərc-mərclik,  özbaşınalıq hallarına, zorakılıq, silah  işlətmək yolu ilə hakimiyyətə gəlmək  praktikasına son qoyuldu, ictimai-siyasi sabitlik  bərqərar edildi.

Heydər Əliyev ölkəmizi təhlükə və  çətinliklərdən  qurtararaq ardıcıl inkişaf yoluna çıxardı. Ulu öndərin respublikaya  rəhbərlik etdiyi  dövr ərzində  dövlət idarəçiliyi  mexanizmi  yenidən yaradıldı, nizami ordu quruldu,  genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni  islahatlar həyata  keçirildi.  İqtisadiyyatın dinamik  inkişafı təmin edildi. Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən  yeni neft strategiyası  hazırlanaraq uğurla  gerçəkləşdirilməyə  başlanıldı.  Nəticə etibarilə  Azərbaycanda hüquqi,  demokratik və dünyəvi dövlət quruldu,  vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində  ciddi addımlar atıldı, dövlətimiz dünya birliyində layiqli yer tutdu,  bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək yüksək beynəlxalq nüfuz qazandı, xalqımızın milli  birliyi və  həmrəyliyi təmin edildi.  Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi.  Beləliklə, “Azərbaycan Respublikasınım  dövlət müstəqilliyi haqqında  Konstitusiya Aktı”nda nəzərdə tutulan bütün müddəalar məhz ulu öndər Heydər  Əliyevin müdrik və uzaqgörən  siyasəti sayəsində real həyata vəsiqə aldı, xalqımız çoxdan arzusunda olduğu əsl müstəqilliyinə qovuşdu. Bu mənada  Azərbaycanın həqiqi müstəqilliyi 1993-cü ildən  başlayır. Heydər Əliyevin  qətiyyəti sayəsində Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas oldu,  hakimiyyətsizliyə son qoyuldu,  dövlət aparatının iflic olmuş fəaliyyəti  bərpa edildi,  bütün sahələrdə inkişafın əsası qoyuldu, hüquqi və sosial-iqtisadi islahatların  həyata keçirilməsinə  başlanıldı,  cəmiyyətimizdə demokratik dəyərlər  bərqərar edildi. Heydər Əliyev ölkəmizin müstəqilliyi barədə  deyirdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli  gələcək Azərbaycanı  daha da yüksəklərə  qaldıracaqdır”.

Ötən illər ümummilli liderin  bu sözlərinin real həyatda öz  təsdiqini tapdığını sübut etdi. Ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində  müstəqilliyimizin siyasi və  iqtisadi sütunları daha da  möhkəmləndi.  Azərbaycanın bütün sahələrdə yüksək sürətlə inkişaf etməsi, dünya  dövlətləri arasında  öz yerini daha da  möhkəmləndirməsi, siyasi, iqtisadi cəhətdən  regionun  aparıcı dövlətlərindən birinə  çevrilməsi inkarolunmaz reallıqdır.

 Fəxrlə qeyd etməliyik ki, Azərbaycanın bu gün qüdrətli dövlətə çevrilməsinin fonunda  müstəqilliyimizin  möhkəm olması daha aydın görünür.  Bu qüdrətin göstəriciləri Azərbaycanın tam müstəqil  siyasət yürütməsi, beynəlxalq  enerji təhlükəsizliyi, terrorizmlə mübarizə və digər qlobal məsələlərdə öz sözünü deməsi kimi amillərdir. Dövlət başçısı, Prezident İlham Əliyevin qətiyyəti sayəsində ulu öndərin neft strategiyasının uğurla reallaşması,  iri enerji layihələrinin işə düşməsi və yeni iqtisadi layihələrə  start verilməsi Azərbaycanın müstəqilliyinin daha da  möhkəmlənməsinə,  dövlətimizin daha da qüdrətlənməsinə xidmət edir.

 Ulu öndərin siyasətini bütün sahələrdə inamla davam etdirən  Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Ölkə rəhbəri Azərbyacanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də  konkret addımlar atır. Dövlət başçısının təsdiq etdiyi proqramlar, iqtisadi islahatlar bunun bariz nümunəsidir. Hazırda Azərbaycan yeni inkişaf  mərhələsinə qədəm qoyub. Əsas hədəf çoxşaxəli, səmərəli və innovasiyayönümlü  iqtisadiyyatın, ən əsası qeyri-neft sektorunun inkişafı, əhalinin  rifahının layiqli, qabaqcıl  beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması,  habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində  yeni nailiyyətlərin əldə olunmasıdır.

Qürur hissi ilə vurğulamaq lazımdır ki,  Prezident, Ali Baş Komandan İlham Əliyevin  qətiyyəti, məqsədyönlü fəaliyyəti sayəsində 30 ilə yaxın erməni  daşnaklarının işğalı altında olan  torpaqlarımız müzəffər Azərbaycan ordusu tərəfindən geri qaytarılmış, düşmənə döyüşlərdə sarsıdıcı  zərbələr endirilmişdir.

Bu gün Şuşada, Zəngilanda, Füzulidə və digər işğaldan azad olunmuş ərazilərdə geniş bərpa və quruculuq işləri aparılır.

Ağacan ABİYEV,

Əməkdar Elm xadimi, professor.