20 Sentyabr Neftçilər Günüdür
SİYASƏT

20 Sentyabr Neftçilər Günüdür

“Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq aləmdə yerini və rolunu möhkəmləndirir

Bakıda neft sənayesi bir neçə inkişaf məərhələsindən keçib. Doğrudur, bu mərhələlər barədə o qədər də dolğun məlumat yoxdur, ancaq bəzi mənbələrə görə   onu demək olar ki, 1825-ci ildə Abşeron yarımadasında beş yerdə--Balaxanı, Sabunçu, Binəqədi, Bibiheybət və Şubanıda əl quyularından neft çıxarılırdı. Pirallahı adasında da əl ilə işləyən dayaz neft quyuları qazılmağa başlanmışdı. 1848-ci ildə rus mühəndisi Semyonov Bakıda neft quyusu qazır. ABŞ-dan 11 il əvvəl qazılan bu quyu dünyada ilk neft quyusu idi. 1863-cü ildə Pirallahıda mexaniki üsulla quyu qazmağa cəhd göstərilsə də,  nəticəsiz qalır. 1869-cu ildə buna daha bir cəhd göstərilir, yalnız 1871-ci ildə  Balaxanıda mexaniki üsulla quyu gündə 45.000 pud  (700 ton) neft verirdi. 1863-cü ildə isə  Suraxanıda ağ neft zavodu  tikilib istismara verilir. Bundan sonra get-gedə qazılan quyuların sayı və dərinliyi xeyli artır.

Tanınmış yazıçı Manaf Süleymanov “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” adlı kitabında Bakıda neft sənayesinin inkişaf mərhələlərindən bəhs edərək yazırdı: “1872-ci ildə Bakı 1,5 milyon pud neft verdiyi halda, 1900-cü ildə 661 milyon pud neft verir, bu da ölkədə çıxarılan neftin 95 faizi, bütün dünyada hasil olunan neftin  yarısından  çox idi. Ağ neft emalı 1873-cü ildə 15.000 ton idisə, 1901-ci ildə bu rəqəm 2.500.000 tona çatdı... Yadelli kapitalistlər sərvət dalınca Bakıya  axışırdılar...

Əcnəbi iş adamları: amerikalı Con Rokfeller, ingilis  Henri Deterdinq, yəhudi mənşəli fransız Rotşild, isveçli Nobel qardaşları... Onlar neft sərvətinin gələcəyini geoloji əsaslar üzrə öyrənərək, neft çıxarma qaydalarını pis bilən bakılılardan torpaqlarını “baha” qiymətə alır, bununla da Abşeron yarımadasının tükənməz sərvətinə yiyələnirdilər.

Beləliklə, dünyada mexaniki üsulla ilk neft quyusunun qazılmasından 150 il ötür. Bu ilkə imza atan  Azərbaycan olur. Sonralar neft sənayesinin inkişafında ölkəmiz böyük uğurlar qazanır, öz qara qızılı ilə tanınır. Azərbaycan neftçiləri quruda və dənizdə möcüzələr yaradır. Ötən əsrin 50-ci illərində Xəzərin qoynunda   salınan Neft Daşları əsrin möcüzəsi idi.

Xəzər dənizindən ilk neft 1798-ci ildə alınsa da, sənaye istehsalı yalnız 1925-ci ildə başlamışdır. Neft Daşları dünyada ilk neft platformasıdır. Dünyanın VIII möcüzəsi adlanan Neft Daşlarının adı  Ginnesin Rekordlar Kitabına ən birinci dəniz platforması kimi düşüb.

1949-cu il noyabrın 7-də Neft Daşlarında 942 metr  dərinlikli 1 nömrəli quyu gündəlik 100 ton hasilatla istismara daxil olur və dənizdə neftçıxarmanın əsası qoyulur. Polad dirəklər üzərində qərar tutan bu şəhərdə insanlar məskən salıb dənizin ən dərin qatlarından  neft çıxarır, dünyanı heyrətə gətirirdilər. Doğrudur, sovet dönəmində bu uğurlar SSRİ dövlətinin adına yazılsa da, dünya yaxşı bilirdi ki, bu möcüzənin bir ünvanı var: Azərbaycan. O zaman SSRİ-yə gələn turistlərin ən çox görmək istədikləri yer, məhz möcüzələr adası Neft Daşları idi...

Yetmiş ilə yaxın müddətdə, İttifaqın  tərkibində olduğumuz vaxtlarda ölkənin digər təbii sərvətləri kimi, neftimizin ən böyük faydasını mərkəz görürdü. Min bir əziyyətlə istehsal olunan qara qızılın tam sahibi deyildik. İttifaqın çökməsi, respublikamızın müstəqillik qazanmasından sonra qara qızılın da “üzünə günəş doğdu...” 1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi” imzalandı. Neft sənayesinin yeni inkişaf mərhələsi başladı...

“Əsrin müqaviləsi”nin imzalanmasına nail olan Azərbaycan Respublikası MDB məkanında Qərbin iri neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət kimi Xəzər dənizində beynəlxaq  əməkdaşlığın bünövrəsini qoydu. Bu saziş təkcə ölkəmiz üçün  deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün strateji əhəmiyyətli sənədə çevrilərək Azərbaycanda demokratik inkişaf proseslərinin başlanmasına böyük təkan verdi. Azərbaycanın növbəti mərhələlərdə  qazandığı böyük uğurlarda neft strategiyasının müstəsna əhəmiyyətini Prezident İlham Əliyev Yeni  Azərbaycan Partiyasının III qurultayındakı nitqində belə ifadə etmişdi: “Heydər Əliyevin neft strategiyasının  icrası nəticəsində ölkəmizə milyardlarla  dollar xarici sərmayə  gətirilibdir. Əgər 1994-cü ildə, o çətin şəraitdə “Əsrin müqaviləsi” imzalanmasaydı, ondan sonrakı dövr ərzində bütün infrastruktur layihələri həyata  keçirilməsəydi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlanmasaydı bu gün Azərbaycanda iqtisadi inkişafdan, ümumiyyətlə söhbət gedə bilməzdi. Azərbaycanın bir çox sahəsi məhz “Əsrin müqaviləsi”ndən sonra inkişaf etməyə başladı. Bu müqavilə bir növ bütün iqtisadi inkişaf üçün möhkəm təkan verdi. Azərbaycanın qarşısında duran  sosial məsələlər daha da uğurla həll olunmağa başlandı”.

2021-ci ilin mayında Nizami Gəncəvi  Beynəlxalq Mərkəzində “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda—keçirilən  müzakirələrdə iştirak edən ABŞ təmsilçisi  Deyvid Merkel Prezident  İlham Əliyevə sual ünvanlayarkən demişdir: “Sizin və Azərbaycanın böyük heyranı olan mərhum Zbiqnev Bzejinski Azərbaycanı böyük şahmat lövhəsində mühüm strateji mərkəz  adlandırmışdı və müstəqil Azərbaycanın Xəzər dənizinin enerji resurslarını Qərbə gətirəcəyini demişdi...”

Kiçik bir məqam olsa da, özlüyündə böyük məna kəsb edir, yəni bu o deməkdir ki, Azərbaycan nefti həmişə dünya iş adamlarının da, siyasətçilərinin də diqqət mərkəzində olub. Əslində, illər öncə verilən bu proqnoz artıq gerçəklikdir. Azərbaycanın Xəzər dənizinin enerji resursları Avropaya çatdırılıb. Ölkə başçısının dediyi kimi: “İlk dəfə Azərbaycan qazı Avropaya çatıdırılmışdır. Bu, həqiqətən tarixi hadisə idi. Biz Avropanın enerji təhlükəsizliyinə həqiqətən də mühüm töhfə verdik”.

Məlumdur ki, müstəqillik illərində ilk olaraq Azərbaycandan Gürcüstana gedən Bakı-Supsa boru xətti çəkilmiş, bu kəmər 1990-cı illərin axırında istismara verilmiş, Azərbaycan neftinin beynəlxalq bazarlara ixracına başlamağa imkan yaratmışdır. 6-7 il sonra isə Bakı-Tbilisi-Ceyhan kəməri çəkilmişdir ki, bu da inkişafın bir mərhələsi idi. Bununla artıq Cənubi Qafqaz regionunda yeni vəziyyət yaranmışdı. Cənub Qaz Dəhlizi layihəsinin sonuncu hissəsi olan Trans-Adriatik boru xəttinin tamamlanmasından sonra Prezident İlham Əliyevin dediyi kimi: “... bütün bəndlər bir-birinə bağlanıb. Eyni zamanda, bir neçə il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun tamamlanması Xəzər regionu, Qafqaz və Türkiyə regionunda bütün bəndləri bir-birinə bağlayıb. Buna görə də biz yeni bəndlərin yaradılması baxımından gələcək planlar haqqında düşünə bilərik. Məsələn, hazırda üzərində işlədiyimiz layihələrdən biri Qərbi Balkan ölkələrinin infrastrukturuna qoşulmaqla, Avropanın enerji bazarında iştirakımızın genişləndirilməsindən ibarətdir... ”

Azərbaycanın müəllifi olduğu mühüm enerji layihələrindən biri kimi tarixə düşən Cənub Qaz Dəhlizinin qısa müddətdə istismara verilməsi böyük hadisədir. Bu onu göstərir ki, Azərbaycan öz ehtiyatlarından milli dövlətini və beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirmək üçün istifadə etməyi bacarır, regional və qlobal müstəvidə bir çoxlarının edə bilmədiyi uğurları qazanıb. Məsələn, Cənub Qaz Dəhlizi layihəsinə qədər Nabucco və digər adlarda bir çox bənzər layihələrin həyata keçirilməsi ideyaları olsa da, bunların heç biri baş tutmadı. Sadəcə, Azərbaycan öz tərəfdaşları ilə XXI əsrin layihəsi hesab edilən belə bir layihəni həyata keçirməyə müvəffəq oldu.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında da bu məsələlərə və layihənin gələcək perspektivləri ilə bağlı mühüm istiqamətlərə toxunulmuşdu. Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin realizə olunması və perspektiv haqqında danışarkən layihənin inşasının başa çatdırılması münasibətilə iştirakçıları təbrik edərək bildirmişdir ki: “Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir. Əminəm ki, bizim birgə fəaliyyətimiz davam edəcəkdir, çünki yeni plan və ideyalarımız var. Yeni plan və layihələr isə layihəni təmin edən mənbələrin və onu tərəfdaş ölkələrə çatdıran marşrutların şaxələndirilməsi və beləliklə tərəfdaş ölkələrin sayının daha da çoxalacağı haqqında idi. Bu istiqamətdə İonik-Adriatik, yaxud Qərbi Balkan istiqamətində görüləcək işlərlə bağlı qəbul ediləcək qərarlar idi. Nəzərə alsaq ki, Qərbi Balkanlar artıq Mərkəzi Avropa ilə kəsişir, o zaman layihənin Cənubi Avropadan Mərkəzi Avropaya qədər uzana biləcəyi qənaətini də ifadə edə bilərik. Bütün bunlar isə layihənin əhəmiyyətinin və tərəfdaş ölkələrin sayının gələcəkdə daha da artması deməkdir”.

Təbii ki, neft və qaz yataqlarının işlənməsi mürəkkəb, çoxsahəli, geoloji və elmi-texniki-texnoloji bir prosesdir. Bu prosesin həyata keçirilməsi və idarə olunması müəyyən qanunauyğunluqlarla elmi sistem üzrə aparılır. Burada aparıcı qüvvə neftçilərdir və Azərbaycanın neft sənayesinin öz ənənələri var. Respublikada neft sənayesinin inkişafı tarixində möcüzələr yaratmış dəniz fatehlərinin, dalğaların qoynunda, estakadalar üzərində Neft Daşları adlı əfsanəvi şəhəri salanların zəhməti, sonrakı illərdə cığıraçanların yolunu davam etdirənlərin titanik əməyi bu gün Azəri, Çıraq, Günəşli, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və s. layihələrin həyata keçirilməsində öz bəhrəsini verir.

Bəli, Azərbaycan yeni əsrə yeni neft strategiyası ilə qədəım qoydu. Bu strategiyanın nəticəsində indi Azərbaycan neftinin, qazının sorağı dünyanın çox yerindən gəlir, yeni-yeni layihələr üçün zəmin yaranır. Daha yeni və fərqli perspektivlər isə gələcəkdə aydın görünəcək.

Zümrüd QURBANQIZI,

“Respublika”.