20 Yanvar şəhidlərinin xatirəsi Konstitusiya Məhkəməsində ehtiramla anılıb
Sosial həyat

20 Yanvar şəhidlərinin xatirəsi Konstitusiya Məhkəməsində ehtiramla anılıb

XX əsrdə insanlığa qarşı törədilmiş qırğınların ən dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsi xalqımızın qan yaddaşına əbədi həkk edilib. Bu hadisələr Azərbaycanın gələcək taleyinə, milli azadlıq hərəkatının daha da güclənməsinə, müstəqilliyimizin bərpasına mühüm təsir göstərib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qanlı Yanvar şəhidlərinin əziz xatirəsi hər il olduğu kimi, bu il də Konstitusiya Məhkəməsində ehtiramla yad edilib. Faciənin 32-ci ildönümü ilə əlaqədar Konstitusiya Məhkəməsinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib, 20 Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla anıb.

Sonra Konstitusiya Məhkəməsində anım tədbiri keçirilib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Qanlı Yanvar faciəsini müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal yolumuzun başlanğıcı kimi qiymətləndirib. Bildirilib ki, Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq məqsədilə sovet ordusunun Bakıya və respublikanın bir neçə rayonuna yeridilərək Azərbaycan xalqına qarşı misli görünməmiş qırğın törətməsi ilə SSRİ Konstitusiyasının, eləcə də insan hüquqları ilə bağlı beynəlxalq hüquq müqavilələrinin bir sıra normaları kobudcasına pozulub. Günahsız insanların qətlə yetirildiyi həmin gecədə çoxlu sayda dinc sakin öldürülüb, yüzlərlə insan yaralanıb və itkin düşüb. Dövlət əmlakına və özəl mülkiyyətə külli miqdarda ziyan dəyib.

Vurğulanıb ki, xalqını bu ağır günlərdə tək qoymayan ümummilli lider Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən tarixi bəyanatla çıxış etdi. Ulu Öndər özünün və ailə üzvlərinin həyatının təhlükə altında olmasına baxmayaraq, böyük cəsarət göstərərək 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verdi, ovaxtkı SSRİ və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş bu cinayətin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu göstərdi.

Diqqətə çatdırılıb ki, Ümummilli Liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atıldı.

Ulu Öndərin şəhid ailələrini və əlilləri dövlət qayğısı ilə əhatə etdiyini vurğulayan sədr bildirib ki, Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev şəhid ailələrinin və sağlamlıqlarını itirmiş şəxslərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya məqsəd qoyub. Dövlətimizin başçısının Sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələrinə Prezident təqaüdü təyin edilib və daim yardımlar göstərilir. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkəmizdə bir çox abidə kompleksləri yaradılıb. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva da şəhid ailələrinə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşır, onların sosial təminatı istiqamətində mühüm işlər görülür.

Sədr vurğulayıb ki, Qanlı Yanvar faciəsi şəhidlərinin qanı yerdə qalmadı. 20 Yanvar şəhidlərinin qəhrəmanlıq salnaməsini 44 günlük Vətən müharibəsinin qəhrəmanları davam etdirdilər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı böyük Qələbə dövlətçiliyimizin tarixində daim xüsusi yer tutacaq. İşğal altındakı torpaqlarımızın azad edilməsi və dövlətin ərazi bütövlüyünün təmin olunması həm də vətəndaşların Konstitusiyada təsbit olunmuş hüquqlarını bərpa, dövlətin əsasını bərqərar etdi.

Anım mərasiminə yekun vuran Fərhad Abdullayev qeyd edib ki, yaddaşımızdan heç vaxt silinməyəcək 20 Yanvar faciəsi Azərbaycanın tarixində milli qürur və iftixar günü kimi əbədi qalacaq.

AZƏRTAC