“2018-2023: Sosial islahatlar və əldə olunan nailiyyətlər”
Sosial həyat

“2018-2023: Sosial islahatlar və əldə olunan nailiyyətlər”

DOST Agentliyində “2018-2023: sosial islahatlar və əldə olunan nailiyyətlər” mövzusunda mətbuat konfransı keçirilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş amili, vətəndaş rifahının təminatı dayanır. Dövlət başçısının tapşırıqları əsasında son beş ildə 4 sosial islahat paketi icra olunub. 4 milyondan çox vətəndaşı əhatə edib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və həmin vaxtdan 6 DOST Mərkəzi, habelə Zəngilanın Ağalı kəndində ölkə üzrə ilk  “Smart DOST” məntəqəsi açılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan,  154 növdə sosial xidmətin “bir pəncərə”dən, çevik, tam şəffaf şəkildə təqdim edildiyi DOST mərkəzlərində ötən dövrdə 1 milyon 561 min vətəndaşa xidmət göstərilib, bu xidmətlərdən vətəndaş məmnunluğu 98,5 faiz təşkil edib. Bildirilib ki, 2018-2023-cü illərdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara postmüharibə dövründə 4760, bu il 260, ümumilikdə ötən dövrdə  13,6 minə qədər mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 324, ümumilikdə ötən dövrdə 7500-dən çox avtomobil verilib. 

Qeyd  olunan dövrdə  Nazirliyin müəssisələrində 104 min şəxsə reabilitasiya xidmətləri göstərilib, əlilliyi olan şəxslərə 246 min reabilitasiya vasitəsi,  o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan 416 şəxsə 433 son nəsil yüksək texnologiyalı protez verilib,  sosial xidmətlər, günərzi, icma əsaslı reabilitasiya mərkəzləri şəbəkəsi genişləndirilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında aparılan sosial islahatların uğurları beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları 2022-ci ildə və 2023-cü ilin ilk rübündə 33 beynəlxalq mükafat və sertifikatla təltif olunub.

Mətbuat konfransında sosial sahənin digər istiqamətləri üzrə görülən işlər və əldə olunan nailiyyətlər diqqətə çatdırılıb, jurnalistlərin sualları cavablandırılıb.

Mustafa KAMAL,

“Respublika”.