27 Sentyabr Tarixdə unudulmayan gün
Siyasət

27 Sentyabr Tarixdə unudulmayan gün

"Azərbaycan güclü ölkədir. Azərbaycanın güclü Ordusu var. Bütün silahlı qüvvələrimiz istənilən halda və zamanda işğal edilmiş ərazilərimizi düşməndən azad edə bilər. Məsələni sülh yolu ilə həll etməkdə məqsədimiz qan tökülməsinin qarşısını almaqdır. Lakin onu da unutmamalıyıq ki, Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Biz bu məsələni həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bu məsələni həll etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Hamımıza məlumdur ki, xalqımıza qarşı ermənilərin düşmənçilik siyasətinin ən azı 200 illik tarixi var. Ermənilər Qarabağ bölgəsində məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlayıb, münbit əraziləri ələ keçirməyə çalışıb, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırıblar. Azərbaycanın qonşuluğunda baş verən inqilabların yaratdığı şəraitdən sui-istifadə edərək qəsbkarlar 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetiriblər. 1918-1920-ci illər isə erməni silahlı quldur dəstələri xalqımızın yaddaşında xüsusi qəddarlığı ilə yadda qalıb. Həmin illərdə İrəvan, Dərələyəz, Zəngəzur, Göyçə, Tiflis, Naxçıvan, Bakı, Gəncə, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Muğan və Göyçayda on minlərlə dinc azərbaycanlı əhali erməni soyqırımına məruz qalıb, yaşadıqları yerlərdən qovulub, onlara işgəncələr verilib, yüzlərlə yaşayış məntəqəsi dağıdılaraq yerlə yeksan edilib.

Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də həyata keçirilib. Belə ki, 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. Həmçinin, 1988-ci ildə daha 250 min azərbaycanlı öz doğma yurdundan qovulub, bununla da Ermənistan monoetnik dövlətə çevrilib. Onu da qeyd edək ki, 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının "Dənizdən-dənizə Ermənistan" adlı sərsəm ideyasını reallaşdırmaq cəhdləri kənd və şəhərlərimizin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib.

Birinci Qarabağ müharibəsi zamanı xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazilərinin 20 faizini işğal edib. İşğal zamanı yaşayış məntəqələri dağıdılaraq, əhalisi amansızcasına qətlə yetirilib. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilən vəhşiliklər erməni faşizminin əsl simasını göstərib. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar sırasında xüsusi qəddarlığı ilə seçilən Xocalı soyqırımı öz ağlasığmaz və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

Münaqişənin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunan ATƏT-in Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışıb və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalıb. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal altındakı Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il icra olunmayıb.

Bütün bu illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirib ərazilərimizdə təxribatlar törədib, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açaraq onların rahat yaşamasına imkan verməyib.

Ordumuz 27 sentyabr 2020-ci ildə işğalçı Ermənistanın silahlı qüvvələrinə qarşı başladığı 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi böyük zəfərimizlə başa çatdı. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızın, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Azərbaycan son iki əsrlik tarixində ilk dəfə olaraq müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək adını tarixə qızıl hərflərlə yazdırdı. Orta məktəb gündəliklərində qara hərflərlə "Qanlı Yaddaşımız, UNUTMA!" başlığı altında yazılan Vətənimizin dilbər guşələrinin erməni qəsbkarları tərəfindən işğal olunma tarixləri artıq dəyişdirilərək torpaqlarımızın azad olunması tarixləri ilə bərabər "ŞANLI ZƏFƏR TARİXİMİZ" olaraq qeyd olunmağa başlanıldı.

Böyüməkdə olan gənc nəsildə bu qələbənin yaratdığı milli düşüncə, milli mənlik şüuru, milli ideologiya Vətən sevgisinin formalaşmasında böyük rol oynayır. Gənc nəsil ata-babalarımızın dilindən eşitdiyi qəhrəmanlıq dastanlarının canlı şahidi olmaqla yanaşı, onların psixologiyasında vətənə, torpağa məhəbbət hissi aşılandı. Həmçinin, bu tarixi zəfər dövlət və xalqımızın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə, Azərbaycan xalqının özünə olan güvənini geri qaytardı, xalqın öz ordusunun gücünə inamını və ona olan etibarını daha da möhkəmləndirdi. 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı qələbə Azərbaycanın hərb tarixində şanlı bir səhifə açdı. Bu müddət ərzində Ermənistan ordusu haqqında ermənilərin özlərinin yaratdıqları "məğlubedilməz ordu" mifi darmadağın oldu. Düşmən ordusunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi məhv edildi. Düşmənlərimizin illərlə qurduğu, qürurla öyündükləri "yarılmaz istehkam"lar, "keçilməz sədd"lər Azərbaycan ordusunun qarşısında aciz qaldı. İşğal altında olan torpaqlarımız - Cəbrayıl, Füzuli, Zəngilan, Ağdam, Qubadlı, Kəlbəcər, Laçın rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi, digər qəsəbələr, yüzlərlə kənd, strateji yüksəkliklər işğaldan azad edildi. Nəinki ermənilərin özləri, hətta onlara bu müharibədə havadarlıq edən, silahlandıran qüvvələr də belə tez bir vaxtda igid hərbçilərimizin ağır texnikasız, bıçaqla, süngü ilə Şuşaya qalxmasını və üçrəngli bayrağımızı Şuşada dalğalandırmasını güman belə edə bilməmişdi.

Bəli, biz bu gün çox qürurluyuq. Ona görə ki, Ordu-Xalq-Dövlət olaraq tarixin böyük sınağından, imtahanından üzüağ çıxdıq. 30 ildir böyük salonlardan, kürsülərdən Qarabağ məsələsinin hərbi yolla həlli yoxdur deyənlərə layiqli cavab verdik. Sübut etdik ki, bu məsələnin həlli elə hərbi yolla mümkündür. Biz 44 gün ərzində təkcə Ermənistana qarşı vuruşmadıq. Bu qələbəni təkcə Ermənistan üzərində qazanmadıq, həm də ona havadarlıq edən təxribatçı qüvvələr, ikili siyasət aparanlar üzərində qazandıq. Ermənistanı öz əlində alət edən mütəşəkkil dairələr isə məqsədlərinə nail ola bilmədilər. Haqq-ədalət gec-tez öz yerini tapdı. Azərbaycan bu mübarizədə layiqli qələbə qazanaraq həmin mütəşəkkil dairələrə həm də öz mesajını vermiş oldu. Qarabağ zəfəri müstəqil Azərbaycanın əldə etdiyi ən böyük qələbə kimi şanlı tariximizə yazıldı. Bu, həm öz torpaqlarını işğaldan azad edən yenilməz dövlətin qüdrətinin, həm də xalqımızın böyük mübarizə əzminin bütün dünyaya nümayiş etdirilməsi idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində demişdir: "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq". Deyə bilərik ki, bu zəfərin başlanğıcı cənab Prezidentin qətiyyətində, xalqa sevgisində, dövlətçiliyə sədaqətində, xalqın orduya dəstəyindədir. Bu zəfərin başlanğıcı isə 27 sentyabrdır.

Bu gün Azəbaycan kənardan heç bir kömək almadan Qarabağın əvvəlki həyatını özünə qaytarır. Düşməndən təmizlənən ərazilərin bərpası və yenidən qurulması ilə bağlı genişmiqyaslı layihələr reallaşdırılır. Dövlətimizin başçısı tərəfindən mühüm strateji obyektlərin, müəssisələrin təməli qoyulur, tikinti işləri getdikcə geniş vüsət alır, yüksək texnologiyaların tətbiqinə start verilir.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın şəxsi diqqəti və nəzarəti ilə işğaldan azad olunan ərazilərdə yerli və xarici mütəxəssislərin iştirakı ilə bütün tarixi, mədəni, dini abidələrimiz, eləcə də digər xalqlara məxsus inanc yerləri bərpa olunaraq əvvəlki görkəminə qaytarılır, Azərbaycanın zəngin xəzinəsi kimi gələcək nəsillərə ötürülür.

Qarabağa Böyük Qayıdış uğurla həyata keçirilir. Doğma torpaqlarından, dədə-baba yurdundan qovulan məcburi köçkünlərimiz mərhələli şəkildə Zəngilan rayonunun Ağalı kəndinə köçürülür. İşğaldan azad olunan ərazilərimizin hər birində bərpa-quruculuq işləri durmadan davam edir.

Bəli, vətən naminə misilsiz rəşadət göstərən şəhidlərimiz, qazilərimiz tarixi Zəfərimizi cavan canlarına qıyaraq, qızıl qanları ilə qazandılar. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, rəşadətli ordumuzun fədakarlığı, xalqımızın qeyrəti sayəsində buna nail olduq. Xalqımız bu möhtəşəm qələbəni bizə qazandıran qəhrəman oğullarını heç vaxt unutmayacaq. Şəhidlərimizə Ulu Tanrıdan rəhmət diləyir, ruhları qarşısında baş əyirik.

Rəşad RƏHİMZADƏ,

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası

Mərkəzinin əməkdaşı.