30 İLLİK ŞANLI TARİX
Region

30 İLLİK ŞANLI TARİX

Masallıda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəl xalqımızın ümummilli lideri, partiyanın qurucusu və banisi Heydər Əliyevin əzəmətli abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Masallı şəhərinin Qəhrəmanlar parkında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

Yubiley tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu öndərin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü yolunda şəhidlik zirvəsinə ucalmış igidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yolu əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı şəhər 1 saylı tam orta məktəbin ərazi partiya təşkilatının sədri, şəhid anası Mehriban Sultanova, YAP Masallı rayon təşkilatının veteranlarından biri,  Masallı Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, gənc fəal İradə İmanbəyli, Milli Məclisin deputatları Anar İsgəndərov, Məşhur Məmmədov çıxış ediblər.

Partiyanın 30 il ərzində keçdiyi tarixi yol haqqında danışmışlar. Məruzəçilər YAP-ın Heydər Əliyev ideyalarına sədaqətlə xidmət etdiyini, zəfər qazanmış bir ölkənin hakim partiyası olduğunu söyləmişlər. Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində dövlətimizin regionun liderinə çevrildiyini və onun rəhbərliyi ilə Azərbaycanın çağdaş tariximizə möhtəşəm qələbə səhifəsini yazdığını xüsusi qeyd etmişlər.   

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov yubiley tədbirində çıxış edərək YAP-ın qələbələr partiyası olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin edildiyini, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulduğunu bildirib. İcra başçısı müstəqil Azərbaycanın bundan sonra da ardıcıl, davamlı şəkildə uğurlar qazanacağını, qüdrətli ölkə olaraq beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənəcəyini əminliklə qeyd edib.

Sonra partiyanın fəal üzvlərindən bir qrupuna Fəxri fərmanlar,  partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.