44 günlük tarixi salnamə
SİYASƏT

44 günlük tarixi salnamə

Müzəffər Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri də  canı-qanı bahasına düşmənin 30 il ərzində milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları yarıb keçdi, işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın etdi. İşğaldan azad olunmuş bütün torpaqlarımızda üçrəngli bayrağımızın əbədi olaraq dalğalandırılması, Ali Baş Komandanımızın böyük  sevinc hissi ilə xalqımıza verdiyi qələbə müjdələri, dünyanın nüfuzlu nəşrlərinə verdiyi məntiqli, dolğun müsahibələr də Azərbaycanın haqq savaşında qalib gəlməsi üçün böyük stimul oldu. Bizim apardığımız müharibə ədalətli və  müqəddəs Vətən müharibəsi idi. Azərbaycan ordusunun əks-hücum əməliyyatları  zamanı döyüş taktikası ilk gündən hərb tarixi üzrə tanınmış mütəxəssislərin və  ekspertlərin diqqətini cəlb etdi. Dünyanın 50 güclü silahlı qüvvəsi sırasında yer alan Azərbaycan Silahlı Qüvvələrinin döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi.

Ordumuzun qarşısında duruş gətirə bilməyən, sarsıdıcı zərbələr altında geri çəkilən Ermənistanın silahlı birləşmələri yenə də öz çirkin ənənələrinə sadiq qalaraq müharibə cinayətləri törətməkdən çəkinmədilər. İşğalçı erməni faşistləri beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, mülki əhalini və infrastrukturu hədəfə alıb qadağan edilmiş kütləvi qırğın silahlarından istifadə etdilər. Döyüş meydanından kənarda yerləşən Gəncə, Mingəçevir, Yevlax, Daşkəsən, Xızı və Siyəzəni, cəbhəyanı Tərtər, Bərdə, Goranboy, Beyləqan və Ağcabədini müxtəlif istiqamətlərdən atəşə tutması nəticəsində  azyaşlı uşaqlar, məktəbli yeniyetmələr daxil olmaqla  yüzdən çox dinc sakinimiz erməni terrorunun qurbanı oldular. Mənfur düşmənin bizə qarşı həyata keçirtdiyi hərbi cinayətlər və terror aktları Azərbaycan xalqının məğrurluğunu və iradəsini qıra bilmədi. Qəlbində Vətən sevgisi yaşadan igidlərimiz işğalçı Ermənistanın layiqli cavabını verdilər.

Azərbaycana qarşı törədilən terror aktlarının əsas məqsədi, riyakar və mənfur düşmənin ölkə rəhbərliyi döyüş meydanındakı məğlubiyyətini pərdələyərək mülki şəxsləri qətlə yetirməklə nüfuzunu yüksəltməyə çalışır. İşğalçı Ermənistan silahlı qüvvələrinin cəbhədən kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozması nəticəsində vətəndaşlarımızın həlak olması düşmənin açıq-aşkar beynəlxalq hüquq normalarını və prinsiplərini heçə sayması deməkdir. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində  21 nəfər həlak olub, 70 nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. 2020-ci il sentyabr ayının 21-dən etibarən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərinə məhəl qoymaması dünya ictimaiyyəti tərəfindən ümumbəşər dəyər və beynəlxalq hüquq prinsiplərinin pozulması kimi qəbul edilməli və hərbi cinayət aktları qəti şəkildə pislənməlidir!

Beynəlxalq səviyyədə, bu hücumlar Türkiyə tərəfindən qınandı və müharibə cinayəti adlandırıldı. Azərbaycandakı Qətər, İsveçrə, Malayziya və Britaniya sə-firləri hücuma görə təəssüf etdiklərini ifadə etdilər və başsağlığı verdilər. Avropa İttifaqı  hücumu qınamışdır və BMT-nin baş katibi Antonio Quterreş bunu qəbuledilməz adlandırdı. 16 oktyabr tarixində Birləşmiş Krallıqda yaşayan azər-baycanlılar, İran azərbaycanlıları və türklər Amnesty Internationalın Londondakı mərkəzi qarşısında toplaşaraq erməni silahlı qüvvələrinin Gəncə, Mingəçevir, Tərtər və digər mülki şəxslər yaşayan şəhərlərə raket hücumlarını qınayan etiraz yürüşü etdilər. Sonrakı gün ABŞ azərbaycanlıları Çikaqoda etiraz yürüşü edərək raket hücumlarını qınadılar. Daha sonra Britaniya azərbaycanlıları Londonda-kı Azərbaycan səfirliyinin qarşısında hücumlar zamanı həyatını itirənləri anarkən, Gürcüstan azərbaycanlıları Tiflisdəki parlament binasının qarşısında yürüş etdilər, Rusiya azərbaycanlıları Moskvadakı Azərbaycan səfirliyinin giriş qapısının bir hissəsini 17 oktyabr hücumunda həyatını itirən şəxslərin xatirəsinə həsr etdilər.

Bütün iqtisadi-siyasi uğurlarına görə regional gücə sahiblənən Azərbaycan istər siyasi, istərsə də sosial-iqtisadi sahələrdə dünya ölkələri ilə bütün istiqamətlərdə uğurlu əməkdaşlıq edən dövlətlər sırasındadır. İşğalçı Ermənistanın mülki əhalimizə qarşı cinayətkar terror hücumlarına Azərbaycan dövləti yalnız və yalnız döyüş meydanında layiqli şəkildə cavab verdi və həlak olan mülki şəxslərimiz və şəhidlərimizin qisasını aldı! Ali Baş Komandanın rəhbərliyi və liderliyi ilə ordumuz, hərbi güc və potensialımızın möhkəmlənməsi uğrunda həyata keçirilmiş dövlət siyasətinin nəticəsində ən yüksək resurs və təminata malikdir və bu uğurlar Azərbaycan ordusunun qələbəsinin təminatı oldu! Müzəffər ordumuz ən müasir silah və texnikalara sahibdir və döyüş meydanında heç bir kənar qüvvələrin təsiri olmadan zəfər çaldı! Mənfur düşmən isə terrorçu qruplaşmaları ilə birgə, havadarlarının dəstəyinin olmasına baxmayaraq döyüş meydanında məğlubiyyətə düçar oldu. Ölkəmiz nəinki öz ərazi bütövlüyü uğrunda döyüşür, eyni zamanda regionda daimi sülhün və sabitliyin təmin olunması üçün beynəlxalq terrorizmlə mübarizə aparır. Dünyaya Ermənistan dövlətinin terrorçu və işğalçı siyasəti məlumdur. Xocalı soyqırımın eyni adlı ssenarisi ilə Gəncə, Bərdə, Tərtər və digər rayon və şəhərlər atəşə tutulur. Azərbaycan məğlubedilməz və şanlı Azərbaycan ordusunun yüksək döyüş əzmi və ruhu ilə regionda sülhün və sabitliyin təmin olunmasına nail oldu.

Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə, daha sonra Bərdə, Tərtər və digər rayon və şəhərlərin mülki əhalisinin sıx yaşadığı ərazilərin xüsusi olaraq seçilməsi və davamlı atəşə tutulması mənfur düşmənin azğınlaşmış hərbi və siyasi rəhbərliyinin birbaşa göstərişi və tapşırığı ilə həyata keçirilir.

Tarixi faktlarda bütün dünyaya bəllidir ki, ermənilər havadarlarının gücü və dəstəyi ilə Rus-İran müharibəsindən sonra bizim tarixi torpaqlarımıza, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər. Onu da qeyd edək ki, 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidə ucaldılması dünyada yaymağa çalışdıqları yalan tarixi məlumatları tamamilə təkzib edir. Keçmişdə İrəvan xanlığına məxsus ərazilərin - İrəvan, Göyçə, Zəngəzur bölgələrinin Azərbaycanın tarixi torpaqları olduğunu sübut edən  faktların Ermənistanın riyakar və mənfur siyasətinin əsası olaraq saxtalaşdırılması cəhdləri işğalçılıq niyyətlərinin hələ də davam etməsinin təzahürüdür. Lakin Azərbaycan əzəli və əbədi torpaqlarından bir qarış belə güzəştə getməyəcək!   Azərbaycan xalqı olduqca məğrur dözümlü və bir qarış torpaqdan belə vaz keçməyəcək qədər  qətiyyətli və əzmlidir. Müzəffər Azərbaycan Ordusu cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı.

İkinci Qarabağ müharibəsində xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyin sarsılmazlığı faktoru idi. Vətən müharibəsi savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular. Təsadüfi deyildi ki, arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyalar siyasi baxışlarını bir kənara qoyaraq milli birlik nümayiş etdirdilər. Siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. 44 gün ərzində Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi.

2020-ci il noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Xarıbülbülün Vətəni, Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur. Həmçinin,  tam qələbəmizi  müjdələyən  zəfər oldu. Noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə Şəhidlər Xiyabanında Azərbaycan xalqına müraciətində demişdir ki, “Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik. 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə   köçürülübdür, hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlıda böyük sevinc və qürur hissləri yaratdı. Qazandığımız bu zəfər eyni zamanda Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. “Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir”,-deyən Prezidentimizə olan inamı, sevgini daha da artırdı.

Azərbaycan Respublikasının şanlı tarixinə parlaq, qürurverici 10 noyabr günü qızıl hərflərlə daxil oldu. Tarix boyu xalqımız bu tarixi ədalətin təntənəsini gözləyirdi. İkinci Qarabağ müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə təxminən 28 il idi ki, kağız üzərində qalmışdı. Ölkəmiz bu tarixi ədaləti özü bərpa etdi! Azərbaycan Respublikasının bir dövlət kimi potensialını nümayiş etdirdi. Ən önəmli məqam isə ondan ibarətdir ki, bunu düşmən də, onun havadarları da gördü. Bütün dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf etdi, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı. Azərbaycan təkcə döyüş meydanında deyil, həm də diplomatiya sahəsində qalib gəldi. Xalqımızın bu tarixi qələbəsi ilə erməni lobbisinin onilliklər boyu  formalaşdırdığı güclü anti-Azərbaycan informasiya məkanı darmadağın edildi.

 Şanlı Qələbəmiz Azərbaycan xalqının əzəli və tarixi, dədə-baba yurdlarının təxminən 30 ildən sonra azad edilməsini reallaşdırdı.  Eləcə də, 1 milyondan çox  Azərbaycan vətəndaşının uzunillik Vətən həsrətinə və nisgilinə son qoydu. İkinci Qarabağ müharibəsi xalqımızın həm hüquqi, həm də mənəvi haqqından doğan, beynəlxalq ədalətə söykənən  reallığı, eyni zamanda, nəinki ölkəmizin  vətəndaşlarının, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların Vətən sevgisinin, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu. İkinci Qarabağ müharibəsi həmvətənlərimizin qəlbinin, ruhunun dərinliklərində öz oyanış vaxtını gözləyən monolit birliyə yol açdı. Mənfur Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün İkinci Qarabağ müharibəsinə başladı. Bu yolda Azərbaycan xalqı səfərbər və həmrəy oldu. Hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Əsgər və zabitlərimiz addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Ölkəmizin hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, mənfur Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. Xalqımızın əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə döyüş meydanlarında böyük şücaət  göstərən igid əsgər və zabitlərimiz   orden və  medallara layiq  görülürlər. Ali Baş Komandanımız 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə də Ordumuzun gücündən geniş bəhs edərək  demişdir: “Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

Qarabağa qovuşan Azərbaycan tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı. Mənfur və işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu zəfəri, qələbəni bizlərə yaşadan isə ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir. 

Otuzillik həsrət artıq sona çatıb, illərdir, xəyallarını qurduğumuz an gerçəkləşib, Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşub. Çox böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq və hər bir Azərbaycan vətəndaşı  xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Xalqımıza tarixi qələbə sevincini  və bu möhtəşəm günləri bizlərə yaşadan hər kəsə, ilk növbədə Ali Baş Komandanın rəhbərliyi altında möcüzələri reallığa çevirən şanlı Azərbaycan Ordusuna borcluyuq. İşğaldan azad edilən torpaqlarımızda xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər. Bu şərəfli missiyanı yerinə yetirməkdə onlara uğurlar arzulayır, Vətən üçün canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!

 

                                                                 Fərid MUSTAFAYEV,

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun

Gənc Alim və Mütəxəssislər Şurasının sədri.