44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİNDƏ ƏDLİYYƏ İŞÇİLƏRİ BÖYÜK FƏDAKARLIQ NÜMAYİŞ ETDİRİBLƏR
Siyasət

44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİNDƏ ƏDLİYYƏ İŞÇİLƏRİ BÖYÜK FƏDAKARLIQ NÜMAYİŞ ETDİRİBLƏR

Sentyabrın 27-də səhər saatlarından başlayaraq, mənfur qonşularımızın işğalçı hərbi-siyasi rəhbərliyinin əmrilə təcavüzkar erməni silahlı qüvvələri Azərbaycan Ordusunun cəbhə xəttində yerləşən mövqelərini, eləcə də bir çox yaşayış məntəqələrini ballistik raketlərlə, kasetli bombalarla, klaster silahlarla atəşə tutaraq mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətmişdir. Hətta ərazisinə minlərlə mərmi düşən Tərtər şəhəri İkinci Dünya müharibəsi dövründə dağılmış Stalinqrad şəhəri ilə müqayisə edilirdi.

Erməni silahlılarının hücumları Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusunu əks-hücum əməliyyatına başlamağa vadar etdi. Prezident, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi "Dəmir yumruq" əməliyyatının ilk günlərində Füzuli və Tərtər rayonları istiqamətində, o cümlədən Murovdağda bir çox strateji məntəqələr azad edildi. Oktyabrın 3-də xüsusi əhəmiyyətə malik Tərtərin Madagiz kəndində Azərbaycan bayrağı qaldırıldı. Elə həmin gün kəndin tarixi adı olan Suqovuşan da Prezident İlham Əliyev tərəfindən bərpa edildi. Cəbhəboyu irəliləyərək oktyabrın 4-də Cəbrayıl şəhərini, 9-da isə Hadrut qəsəbəsini düşməndən təmizləyən Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun ərazisində əlverişli mövqeləri ələ keçirdi. Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Moskva şəhərində 9-10 oktyabr görüşündə atəşkəslə bağlı razılıq əldə etməsinə baxmayaraq, bir neçə saatdan sonra Ermənistan tərəfi yenidən öz xislətini nümayiş etdirdi. Əks-hücuma keçən Azərbaycan Silahlı Qüvvələri oktyabrın 17-də Füzuli şəhərini işğalçılardan azad etdi, 18-də Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırdı, həmin ayın 20-də isə Zəngilan şəhəri düşmən tapdağından azad olundu. Oktyabrın 24-də ABŞ Dövlət katibinin müavininin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra tərəflər arasında 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq humanitar atəşkəs haqqında razılıq əldə olundu. Lakin ertəsi gün səhər saatlarında düşmənin silahlı birləşmələri yenidən Azərbaycanın mövqeləri istiqamətində hücuma keçdi. Ordumuzun bu hücuma cavabı da özünü çox gecikdirmədi, oktyabrın 25-də Qubadlı rayonu işğaldan azad edildi.

Əminliklə söyləmək olar ki, Şuşa şəhərinin azad olunması tarixin hərb yaddaşında xüsusi iz buraxmış hadisələrdən biridir. Şuşa təbii istehkam olduğundan şəhərə ağır texnikayla girmək mümkün deyildi. Şəhərin bombardman edilməsi isə böyük dağıntılara səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz dərin, qalın meşələrdən keçərək, qayalar, dağlar aşaraq Qarabağın döyünən ürəyi Şuşaya çatdı və düşməni üzbəüz döyüşdə məhv etdi. Şuşa zəfəri müharibənin gedişatında son nöqtəni qoydu. Növbəti gün onlarla kəndin azad olunması xəbəri də xalqa çatdırıldı.

44 günlük müharibədə Ermənistan tərəfi "Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair" 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq Gəncə, Bərdə, Tərtər, Goranboy, Naftalan, Xızı, Ağcabədi və digər rayonlarımıza, eyni zamanda mülki əhaliyə qarşı raketlər ataraq çoxsaylı təxribatlar həyata keçirmişdir. Ermənistan bu yolla Azərbaycan ordusunu Ermənistan ərazisinə keçməyə təhrik etməyə çalışsa da, buna müvəffəq ola bilmədi. Erməni faşizmi Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni ballistik raketlərlə atəşə tutaraq 30-a yaxın, daha sonra Bərdəyə "Smerç" raketi ilə atəş edərək 28 insanın həlak olmasında və 70 insanın yaralanmasında özünün barbar xislətini bir daha göstərdi. Dövlətimizə və xalqımıza qarşı törədilən bu təcavüzlər nəticəsində 98 mülki şəxs həlak oldu, 414 nəfər isə yaralandı, 3410 ev, 512 mülki obyekt, 120 çoxmənzilli yaşayış binaları isə yararsız vəziyyətə düşdü.

Belə bir şəraitdə yaşamaq və fəaliyyət göstərmək təhlükəli olsa da, fədakarlıq və məğrurluq sayəsində düşmənin təhdidləri xalqımızı qorxutmurdu. Cəbhədən gələn qələbə xəbərləri bizi qalibiyyətə ruhlandırırdı. 44 günlük müharibənin sonunda dövlətimizin başçısının Müzəffər Ali Baş Komandan kimi Ermənistanı məğlubiyyət aktı imzalamağa məcbur etməsi, əldə olunan qələbə isə bizim üçün daha da möhtəşəm oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu hərbi siyasəti və rəşadətli Azərbaycan ordusunun qəhrəman əsgər və zabitlərinin peşəkarlığı nəticəsində Ermənistan məğlubiyyəti qəbul edərək noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Beləliklə, Ağdam, Laçın və Kəlbəcər rayonları diplomatik danışıqlar əsasında bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Ali Baş Komandan İlham Əliyevin çıxışlarından birində qeyd etdiyi kimi, "Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi, göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur". İndi bizdən sonrakı nəsillər də bu qələbədən ağızdolusu danışacaq, fəxarət hissi keçirəcəklər.

Hər kəs bilməlidir ki, artıq Qarabağımıza heç bir status verilməyəcək. Əvvəllər olduğu kimi, "Dağlıq Qarabağ Muxtar Vilayəti" adlı ərazi yoxdur, tamamilə süquta uğrayıb. Bütöv bir Qarabağ var ki, o da digər rayonlarımız kimi Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Laçının tam azad edilməsindən sonra ümumi uzunluğu 3360 kilometr olan bütün su və quru sərhədində əsgərlərimiz keşik çəkir. Ermənistan özünün məğlub və darmadağın olmuş silahlı qüvvələrinin qalıqlarını çıxarmaq öhdəliyini tam yerinə yetirmədiyinə görə bir neçə dəfə Silahlı Qüvvələrimiz tərəfindən sarsıdıcı zərbələr alıb.

Bəzi Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul edərək, Qarabağda yaşamağa hazırdırlar. Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi açılması böyük strateji əhəmiyyətə malikdir. Qısa müddət ərzində Azərbaycan dövləti işğaldan azad olunmuş bölgələrimizin inkişafı istiqamətində kifayət qədər nəhəng layihələrin icrasına başlayıb, kommunikasiya və s. imkanlar genişləndiriləcək. Bundan sonra işğaldan azad edilmiş hər tarixi torpağımızda azan səsləri eşidiləcək. Hazırda Ermənistanda idarəçilikdə naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması ölkəni bir-birinin ardınca böhranlara və fəlakətə sürükləyir. 2020-ci il sentyabrın 27-dən başlamış və noyabrın 10-da başa çatmış hərbi mərhələ sübut etdi ki, Ermənistan hakimiyyəti məntiqli, rasional düşüncəyə malik deyil, onlar erməni xalqının yox, sırf xarici qüvvələrin maraqlarına xidmət edirlər. Ermənistan hazırda vətəndaş müharibəsi ərəfəsindədir. Hərbi fiaskodan sonra Ermənistanda yüksək çinli məmurların varidatını tələsik ölkədən çıxarması, xarici ölkələrə qaçması, yaxud buna hazırlaşması barədə məlumatlar artıb. Belə çıxır ki, xaricə üz tutan ermənilərin sırasına artıq fəal şəkildə məmurlar da qoşulur. Ermənistanda demoqrafik böhran daha da dərinləşib. Minlərlə erməni gəncinin işğal edilmiş ərazilərdə ölməsi, şikəst olması, xaricə miqrasiya axınının daha da artması qarşıdakı illərdə Ermənistanda əhalinin təbii artımını kəskin aşağı salacaq, ölkə insan resurslarını bərpa etmək üçün uzun müddət gözləməli olacaq. Ermənistan iqtisadiyyatı tam çöküb, ölkənin xarici borcu artıb, əhalinin sosial təminatı sahəsində fəlakətli durum yaranıb. Erməni diasporu tərəfindən göndərilən vəsaitlərin və yardımın mənimsənilməsi, əhaliyə və orduya çatmaması geniş müzakirə olunur. Ermənistan ordusu darmadağın olub, əksər hərbi texnika məhv edilib. Orduya çağırılacaq canlı qüvvə yoxdur. Ermənistanda az-çox normal ordu yaratmaq və onu təchiz etmək üçün onilliklər lazımdır.

44 günlük Vətən müharibəsində Ədliyyə Nazirliyi də qələbəmizin əldə olunması üçün bütün şəxsi heyəti ilə qüvvələrini səfərbər etmişdir. Müharibə başlanan andan ədliyyə işçiləri döyüşlərdə iştirak üçün gözlərini qırpmadan cəbhəyə yollanmış, həmçinin, könüllü iştirak edərək böyük fədakarlıqlar nümayiş etdirmiş, müharibə dövründə də, müharibədən sonra da döyüşçülərimizə, şəhid ailələrinə dəstəklərini əsirgəməmişlər. Eyni zamanda bir çox ədliyyə işçisi könüllü olaraq Silahlı Qüvvələrə Yardım Fonduna və "YAŞAT" Fonduna əmək haqlarından vəsaitlər köçürüblər. Nazirliyin tibb xidmətinin həkimləri də Vətən müharibəsi dövründə zərərçəkənlərə lazımi tibbi yardım göstərib, ədliyyə orqanlarında mütəmadi olaraq qanvermə aksiyaları keçirilib. Ədliyyə Nazirliyinin əməkdaşları döyüşlərdə yaralanaraq hərbi hospitallarda müalicə alan hərbçilərimizə tez-tez baş çəkib, sovqatlar aparıblar.

Bu gün haqq savaşı iştirakçılarının sosial müdafiəsinin və rifahının yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər göz önündədir, şəhid ailələri və yaralı hərbçilərimiz dövlət qayğısı ilə hərtərəfli əhatə olunmuşdur. Ədliyyə Nazirliyi döyüşlərdə iştirak etmiş əməkdaşlarının, o cümlədən şəhid ailələrinin qayğıları ilə davamlı maraqlanır, onların problemlərini daim diqqətdə saxlayaraq zəruri köməklikləri göstərir. Biz şəhidlərimizin xatirəsini ehtiramla yad etməyə borcluyuq. Torpaqlarımızın azad olunması məhz onların qanı hesabına mümkün olmuşdur. Hər bir azərbaycanlının müqəddəs vəzifəsi şəhidlərin adını uca tutmaq, qazilərimizə qayğı göstərməkdir.

44 gün davam edən şanlı Vətən müharibəsi nəticəsində ölkəmizin hərbi-siyasi uğuru, ordumuzun qəhrəmanlığı sayəsində, şəhidlərimizin qanı və canı bahasına 30 il düşmən əsarətində qalan torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz təmin olunub. Vətən müharibəsindəki misilsiz qələbəmizdən sonra da ədliyyə naziri cənab Fikrət Məmmədov dəfələrlə xarici həmkarlarını və beynəlxalq insan hüquqları təşkilatlarını insan həyatlarının xilası və yeni qurbanların qarşısının alınması, məcburi köçkünlərin öz dədə-baba yurdlarına təhlükəsiz qayıtması, bölgədə sülh və əmin-amanlığın bərqərar olunması naminə səslərini ucaldaraq Ermənistan tərəfini beynəlxalq öhdəliklərini yerinə yetirməyə təsir etməyə çağırıb.

Ədliyyə işçiləri öz vəzifə borclarını bundan sonra da layiqincə yerinə yetirəcək, dövlət müstəqilliyimizə qarşı yönəlmiş bütün təhlükələrin aradan qaldırılmasında əvəzsiz rol oynayacaqlar.

Vüsal QURBANOV,

Bakı şəhəri,

Nərimanov Rayon Məhkəməsinin

sədri vəzifəsini müvəqqəti icra edən.