6 saylı Bakı “ASAN xidmət”in əməkdaşları Vətən müharibəsi qazisi, şəhid və qazi ailələrinin üzvlərindən ibarətdir
Sosial həyat

6 saylı Bakı “ASAN xidmət”in əməkdaşları Vətən müharibəsi qazisi, şəhid və qazi ailələrinin üzvlərindən ibarətdir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət  və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 6 saylı Bakı “ASAN xidmət” və 3 saylı “ASAN kommunal” mərkəzi fəaliyyətə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, 6 saylı Bakı “ASAN xidmət” mərkəzi sayca Bakı şəhərində 6-cı, ümumilikdə, ölkə üzrə 21-ci mərkəzdir.

6 saylı Bakı “ASAN xidmət” mərkəzi üçün ayrılan 0,74 hektar ərazidə mərkəzin 4 mərtəbəli inzibati binası inşa edilib. Mərkəzin ətrafı ağaclarla əhatə olunduğundan tikinti zamanı ərazi xüsusi nəzarətdə saxlanılıb, yaşıllığa zərər vurulmayıb, bir çox yeni dekorativ ağaclar əkilib, qazon salınıb. Vətəndaşların istirahəti üçün açıq zona hesab olunan istirahət meydançası, velosiped dayanacağı yaradılıb. Beləliklə, dizayna əsasən mərkəz və yaxınlığında yerləşən Heydər Əliyev adına park vəhdət təşkil edib.

Burada müxtəlif dövlət orqanları, özəl şirkətlər və kommunal xidmətlər göstərən qurumlar tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçiriləcək. Mərkəz qeydiyyatda olduğu yerdən asılı olmayaraq, bütün vətəndaşlara xidmət edəcək.

Mərkəzdə xidmət edən dövlət orqanları da daxil olmaqla, ümumilikdə, 230 əməkdaş və 85 könüllü fəaliyyət göstərəcək. “ASAN xidmət” mərkəzinin işçiləri Vətən müharibəsi qazisi, şəhid və ya qazi ailələrinin üzvlərindən ibarətdir.

6 saylı Bakı “ASAN xidmət” mərkəzində Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini əks etdirən guşə innovativ şəkildə yeni elektron formatda təşkil olunub və dinamik dəyişən foto-video faylları əks etdirir.

Mərkəzdə üzərində xüsusi QR kodlar əks olunan məlumat lövhələri yerləşdirilib. Vətəndaşlar həmin lövhələrdəki QR kodları mobil telefonlar vasitəsilə oxudaraq “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinin fəaliyyəti, xidmətlərlə bağlı tələb olunan sənədlər, ödənişlər, iş rejimi, habelə “YAŞAT” Fondunun fəaliyyəti barədə məlumat əldə edəcək.

Xidmətlərdən istifadə edən vətəndaşlar üçün Mərkəzdə Terras kafe yaradılıb.

Mərkəz paytaxtın Xətai rayonunun Vunq Tau küçəsində, Heydər Əliyev parkının yaxınlığında olan ərazidə inşa edilib.

3 saylı “ASAN kommunal” mərkəzi isə Bakı şəhərində sayca 3-cü mərkəzdir. “ASAN kommunal” mərkəzi olmayan bölgələrdə isə kommunal xidmət sahələri bütün regional “ASAN xidmət” mərkəzlərinin inzibati binalarında təşkil edilib.

Mərkəz Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov, 38 ünvanında inşa edilmiş çoxmərtəbəli binanın birinci və ikinci mərtəbələrində fəaliyyət göstərəcək. Zirzəmi ilə birlikdə 2115 kvadratmetr ərazini əhatə edir.

3 saylı “ASAN kommunal” mərkəzində “Azəriqaz” İB, “Azərişıq” ASC və  “Azərsu” ASC tərəfindən 52, ümumilikdə isə 110 növ xidmət həyata keçiriləcək.

Əsasən Nizami (201.800), Xətai (289.900) və Sabunçu (247.200)  rayonlarında qeydiyyatda olan ümumilikdə 738 min 900 vətəndaşı əhatə edən mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. Əməkdaşlarının sayının 90, könüllülərin sayının isə 15 nəfər olması nəzərdə tutulur.

Vətəndaşların istirahəti və rahatlığı üçün kafe və uşaq oyun guşəsi nəzərdə tutulub. Konsept təhlükəsizlik tədbirlərini nəzərdə tutan sistemlərin quraşdırılmasını da təmin edir.

AZƏRTAC