600-dən yüksək bal toplayan 7 abituriyent AzMİU-nu seçib
Elm və təhsil

600-dən yüksək bal toplayan 7 abituriyent AzMİU-nu seçib

Qəbul imtahanında yüksək bal toplayan abituriyentlərin Azərbaycan Memarlıq və İnşaat Universitetinə maraq səviyyəsi yüksəlib. Belə ki, 2022-2023-cü tədris ilində 600-dən yüksək bal toplayan 7 abituriyent AzMİU-nu seçib. AzMİU-dan verilən məlumata görə, 600-dən yüksək bal toplayan tələbə sayına görə universitetin builki göstəricisi universitet  tarixində ən yüksək nəticədir.

Planlaşdırılan tələbə qəbulu üzrə də universitetdə ötən illərlə müqayisədə rekord göstərici qeydə alınıb. 2022-2023-cü tədris ili üzrə AzMİU-ya 2218 tələbə qəbul olunub ki, bu da ümumi planlaşdırılan qəbul yerlərinin 97,52 faizi  deməkdir.

Qeyd edək ki, abituriyentlərin AzMİU-ya marağının artmasına universitetdə həyata keçirilən islahatlar, tədris səviyyəsinin yüksəldilməsi və kadr potensialının gücləndirilməsi ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə aparılan sürətli tikinti-quruculuq işləri də böyük təsir göstərib. Azərbaycanın memarlıq və inşaat sahəsi üzrə yüzillik tədris ənənəsini özündə birləşdirən AzMİU-da təhsil alan 10000-dən çox tələbənin yaxın gələcəkdə yüksəkixtisaslı kadr kimi ölkəmizdə aparılan quruculuq işlərinin sürətini, eləcə də kefiyyətini artıracağı gözlənilir.

M.MİRZƏ,

"Respublika".