7-ci Beynəlxalq Sosial Elmlər Konqresinin iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Sosial həyat

7-ci Beynəlxalq Sosial Elmlər Konqresinin iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

ADA Universitetində Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə keçirilən 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə universitetlərinin rektorları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Bildirilib ki, nümayəndə heyəti Şəhidlər xiyabanını da ziyarət edib. Qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canından keçmiş şəhidlərin məzarlarını ziyarət edərək "Əbədi məşəl" abidəsinin önünə gül dəstəsi düzüblər.

Daha sonra nümayəndə heyəti şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk şəhidliyi" abidəsini ziyarət edərək şəhidlərin xatirəsini yad ediblər.

Xatırladaq ki, iyunun 2-də başlamış 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi Şuşada keçiriləcək bağlanış mərasimi ilə yekunlaşacaq.

AZƏRTAC