8 Noyabr – Zəfər Günü ilə bağlı tədbir
Region

 8 Noyabr – Zəfər Günü ilə bağlı tədbir

Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına əsasən bu günlərdə Heydər Əliyev Mərkəzində 8 Noyabr – Zəfər Günü ərəfəsində “Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini icra edən Natiq Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi  ziyarət edilib.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının vəzifəsini icra edən Natiq Nağıyev  keçirilən tədbir barədə ətraflı məlumat verib. Qeyd edib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilmişdir. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən medallarla təltif olunan Vətən müharibəsi iştirakçılarına və şəhidlərin ailə üzvlərinə medallar təqdim edilib. Eyni zamanda tədbirdə  “Vətən Müharibəsi” mövzusunda məktəblilərin rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə Gədəbəy Uşaq İncəsənət Məktəbinin, Uşaq Gənclər İnkişaf Mərkəzinin və 1 saylı şəhər tam orta məktəbinin şagirdlərinin rəsm işləri tədbir iştirakçıları tərəfindən dəyərləndirilib.

Vəli VƏLİYEV,

“Respublika”.