8 Noyabr - Zəfər Günü münasibətilə Baş Prokurorluqda tədbir keçirilib
Sosial həyat

8 Noyabr - Zəfər Günü münasibətilə Baş Prokurorluqda tədbir keçirilib

8 Noyabr - Zəfər Günü münasibətilə noyabrın 5-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda tədbir keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Baş Prokurorluğun kollektivi Birinci və İkinci Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını ifadə edib, məzarları üzərinə gül dəstələri qoyub, "Əbədi məşəl" abidəsini ziyarət ediblər.

Sonra Baş Prokurorluqda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

İlk öncə şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarının bütün əməkdaşlarını və xalqımızı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

Tədbirdə çıxış edən Kamran Əliyev bildirib ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də təcavüzkar təxribatlara yenidən başlamasına cavab olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi, Ermənistanın sülhə məcbur edilməsi, məcburi köçkünlərin doğma torpaqlarına qayıtmaları və ədalətin bərpası üçün Vətən müharibəsinə başlayıb. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.

Kamran Əliyev qeyd edib ki, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu işğal altındakı ərazilərimizi azad etməklə yanaşı, Ermənistanı öz məğlubiyyətini etiraf etməyə və kapitulyasiya aktını imzalamağa məcbur edib.

Tədbirdə, həmçinin 44 günlük Vətən müharibəsi zamanı xidməti vəzifəsini yerinə yetirərkən Ermənistan silahlı qüvvələri tərəfindən atılan raket zərbələri nəticəsində xəsarət alan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 30 dekabr tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Ozal Həsənovun, eləcə də müharibə zamanı dinc mülki əhalimizə qarşı törədilən cinayətlərin istintaqının aparılmasında fəal iştirak etmiş Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqi Orxan Rzayevin çıxışları dinlənilib.

Sonda 44 günlük Vətən müharibəsinə həsr olunmuş, Bakı Media Mərkəzi tərəfindən hazırlanan "Zəfər Meydanı" adlı sənədli film nümayiş etdirilib.

AZƏRTAC