Digər xəbərlər

"ABAD" və "PMD Hospitality" ailə təsərrüfatlarının inkişafına dəstək göstərəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ABAD" publik hüquqi şəxs və Azərbaycanda sağlamlıq və istirahət seqmentlərində hotellərin idarəetməsi ilə məşğul olan "PMD Hospitality" MMC arasında əməkdaşlığa dair Sazişin imzalanması mərasimi baş tutub. Saziş ailə təsərrüfatlarının, mikro, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi layihələrinə dəstək göstərilməsi istiqamətində birgə fəaliyyəti əhatə edir.

Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, mərasimdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, "PMD Hospitality" MMC-nin İdarə heyətinin sədri Samir Qurbanov, "ABAD" publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev və digər qonaqlar iştirak ediblər.

Ülvi Mehdiyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş genişmiqyaslı sosial-iqtisadi islahatlardan söz açaraq diqqətə çatdırılıb ki, bu inkişafın gücləndirilməsi və innovativ yanaşmalar əsasında təkmilləşdirilməsi məqsədilə təsis edilən "ABAD" iri şirkətlərin və donor təşkilatların korporativ sosial təşəbbüslərinin icrası üçün alternativ vasitəyə çevrilib.

Sazişə əsasən "PMD Hospitality"ə məxsus obyektlərin tədarük ehtiyaclarının "ABAD"çıların istehsalı olan məhsullarla ödənilməsinə üstünlük veriləcək.

Kamil İSMAYIL,

"Respublika".