Abadlıq işləri geniş vüsət alır
Region

Abadlıq işləri geniş vüsət alır

Şirvan şəhərində "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən su təchizatının və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri davam etdirilir, şəhərin küçə və prospektlərində müxtəlif diametrli köhnəlmiş su və kanalizasiya xətləri yenisi ilə əvəz olunur, əhaliyə göstərilən xidmətin keyfiyyəti yaxşılaşdırılır.

2019-2022-ci illər ərzində Hacı Zeynalabdin Tağıyev, Mübariz İbrahimov, Vidadi, Xaqani, Səməd Vurğun, Heydər Əliyev, Nəriman Nərimanov, Energetik küçələrində, həmçinin çoxmənzilli yaşayış binalarında 32066 metr magistral, 11440 metr binadaxili, ümumilikdə 43506 metr müxtəlif diametrli polietilen borularla yeni su xətləri çəkilib istismara verilmiş, su xətlərinin üzərinə 4517 ədəd mexaniki su sayğacları quraşdırılmışdır. Eyni zamanda, şəhərin küçələrində ümumilkdə 20700 metr müxtəlif diametrli yeni kanalizasiya xətləri çəkilmiş, 741 ədəd yeni baxış quyusu inşa edilmişdir. Şirvan Şəhər İcra Hakimiyyətinin müəssisələri və Sukanal İdarəsi tərəfindən çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki antisanitar vəziyyətin aradan qaldırılması istiqamətində zirzəmilərdən çirkab suların çəkilməsi və kanalizasiya xətlərinin yenilənməsi işlərinə başlanılmış, artıq nəzərdə tutulmuş 76 çoxmənzilli yaşayış binasının 69-da işlər başa çatdırılmış, digər ünvanlarda işlər mərhələli şəkildə davam etdirilir.

Tofiq HÜSEYN,

"Respublika".