Abdulla Şahid: Azərbaycanın bölgədə dayanıqlı sülh quruculuğu səyləri təqdirəlayiqdir
Siyasət

Abdulla Şahid: Azərbaycanın bölgədə dayanıqlı sülh quruculuğu səyləri təqdirəlayiqdir

İyunun 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahidlə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, beynəlxalq təşkilatın ixtisaslaşmış qurumları ilə əməkdaşlıq əlaqələri, gələcək fəaliyyət istiqamətləri və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov qonağı salamlayaraq BMT Baş Assambleyasının prezidentlərinin Azərbaycana səfərlərinin artıq bir ənənəyə çevrildiyini qeyd edib. O, cari səfərin Azərbaycanın BMT-yə üzvlüyünün 30-cu ildönümünə təsadüf etdiyini xüsusilə vurğulayıb. Nazir dünyanın çox mürəkkəb dövrdən keçdiyi bir vaxtda BMT Baş Assambleyasına rəhbərliyi uğurla apardığı üçün Abdulla Şahidi təbrik edib.

BMT Baş Assambleyasının prezidenti Abdulla Şahid Azərbaycanın BMT-nin ən fəal üzv ölkələrindən biri olduğunu qeyd edib və BMT üzvlüyünün 30 illiyi münasibətilə təbriklərini səsləndirib. O, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla icrasını təqdir edib. Abdulla Şahid çoxtərəflilik üzrə liderliyinə görə Azərbaycan Respublikasının Prezidentinə təşəkkürünü bildirib. O, Azərbaycan Prezidentinin COVID-19 pandemiyasına qarşı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirdiyini dilə gətirib. Abdulla Şahid Azərbaycanda, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində milli səviyyədə görülən işləri təqdir edib.

Tərəflər Baş Assambleyanın prioritet məsələləri, o cümlədən gənclərlə iş, iqlim dəyişikliyi, gender bərabərliyi və digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Baş Assambleyanın prezidentinə bölgədə mövcud olan cari vəziyyət, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, minaların təmizlənməsi, habelə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib. O, bölgədə sülh və sabitliyin təmin edilməsi üçün bütün vacib istiqamətlər üzrə, o cümlədən gələcək sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası, bütün kommunikasiyaların açılması və digər məsələlərdə Azərbaycanın səylərini davam etdirəcəyini söyləyib.

BMT Baş Assambleyasının prezidenti Abdulla Şahid Azərbaycanın bölgədə dayanıqlı sülh quruculuğu səylərinin və quruculuq işlərinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.

Görüşdə tərəflər, həmçinin BMT gündəliyində qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

AZƏRTAC