Abidələrdə yaşayan şəhidlər
Region

Abidələrdə yaşayan şəhidlər

Vətən müharibəsində qələbəni əldə etmək çox çətin idi.  İgid oğullarımızın qanı və canı bahasına tarixi ədalət qələbə çaldı və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Cəsarətlə demək olar ki,  öz tarixində ilk dəfə olaraq odlar yurdu  bütün dünyaya hərbi gücünü göstərdi,  xalqımızın iradəsini nümayiş etdirdi.  

Ötən il sentyabrın 27-də xalqımız Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi və, bu birlik,  həmrəylik cəbhədə döyüşən oğulların gücünə güc qatdı.  Düşmən qəhrəman döyüşçülərimizin hünəri qarşısında tab gətirə bilmədi, işğalçılar məhv edildi.

Vətən müharibəsində yüzlərlə ağcabədili gənc döyüşlərdə  iştirak edib,   42 nəfər şəhid olub,  onlarla  gənc yaralanıb. Şəhid və qazi ailələri bildirirlər ki,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti,  hərb meydanında məqsədyönlü və  yorulmaz fəaliyyəti bizə Qələbə sevinci yaşatdı, şəhidlərin qanı yerdə qalmadı.   

Vətənə sipər olan,  onun uğrunda qanını və canını əsirgəməyən oğullardan biri də Mirəli Hüseynovdur. O, Ağcabədi rayonunda anadan olub,  vətənpərvər bir gənc kimi tanınıb. Mirəli Vətənini sevən,  onun uğrunda ölməyi şərəf bilən cəsur bir oğul idi. Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanıb, döyüşlərdə iştirak edib. Füzulinin və Qubadlının işğaldan azad edilməsində cəsarət və igidlik nümayiş etdirib. İgid döyüşçü 2020-ci il oktyabr ayının 28-də Qubadlı rayonunda gedən döyüşlərdə həlak olub. Şəhid Ağcabədi şəhərindəki Qəhrəmanlar parkında dəfn edilib.

Rayonda heç bir şəhid ailəsi və qazi diqqətdən kənarda qalmayıb, onlar dövlət qayğısı ilə əhatə olunub. Şəhidlərə həsr olunan anım tədbirləri keçirilir, onların qəhrəmanlığı haqqında ətraflı söz açılır, əziz xatirələri minnətdarlıqla yad olunur. Şəhid Mirəlinin yaşadığı evin qarşısında igid döyüşçünün xatirəsi bulaq kompleksi ilə əbədiləşdirilib. Artıq bu ünvan tez-tez ziyarət olunur, şəhidin adını daşıyan bulaq abidənin qarşısına gül-çiçək dəstələri düzülür, xatirəsi yad olunur.

Qalib Ali Baş Komandan,  Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlığa  görə Azərbaycan Ordusunun əsgəri Mirəli Hüseynov ölümündən sonra “Vətən uğrunda”,  “Füzulinin azad  olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

                                     Salman ALIOĞLU,

                                           “Respublika”.