ABŞ Dövlət Departamenti: Qarabağ müharibəsindən sonra Ermənistanda antisemitizm artıb
Siyasət

ABŞ Dövlət Departamenti: Qarabağ müharibəsindən sonra Ermənistanda antisemitizm artıb

Azərbaycanın 2020-ci ilin payızında Qarabağ müharibəsində İsrail silahlarından istifadə etməsindən sonra Ermənistanda antisemitizm, o cümlədən ictimaiyyətin bəzi nümayəndələri tərəfindən edilən nifrət çıxışları və törədilən vandalizm aktları artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin 2021-ci il üzrə Beynəlxalq Din Azadlığı Hesabatında bildirilib.

Qeyd olunub ki, bunu Ermənistandakı yəhudi icmasının bəzi üzvləri və vətəndaş cəmiyyəti təmsilçiləri təsdiqləyiblər.

Vurğulanıb ki, iyun ayında Ermənistanda parlament seçkiləri zamanı müxalifət nümayəndəsi "Yehovanın şahidləri" təşkilatını və "Word of Life" kilsəsini tənqid edərək, onları "sekta" adlandırıb. Halbuki həmin dini qruplar özlərini heç vaxt "sekta" adlandırmayıb və ümumiyyətlə, bu termin adətən mənfi mənalarda işlədilir.

Hesabatda, eyni zamanda, bildirilib ki, fevralın 12-də Holokost və Soyqırımı memorialı 2020-ci ildə baş vermiş müharibədən sonra üçüncü dəfə vandalizmə məruz qalıb. Dini azlıqların nümayəndələri vurğulayıblar ki, ailədaxili və cəmiyyətdaxili təzyiqlər etnik ermənilərin erməni apostol inancından başqa dinə etiqad etmələri üçün əsas maneə olaraq qalır.

Dövlət Departamentinin Azərbaycanla bağlı hesabatında isə qeyd olunub ki, minalar səbəbindən azərbaycanlılar işğaldan azad edilmiş ərazilərdə bir çox məscid və dini ibadət yerlərini hələ də ziyarət edə bilmirlər.

AZƏRTAC