ABŞ-ın Marşal İrsi İnstitutunun nümayəndələri ANAMA-nın Füzuli rayonundakı minaaxtaran itlərin təlim mərkəzini ziyarət ediblər
Digər xəbərlər

ABŞ-ın Marşal İrsi İnstitutunun nümayəndələri ANAMA-nın Füzuli rayonundakı minaaxtaran itlərin təlim mərkəzini ziyarət ediblər

ABŞ-ın Marşal İrsi İnstitutunun nümayəndələri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindəki (ANAMA) görüşdən sonra Agentliyin Füzuli rayonundakı minaaxtaran itlərin təlim mərkəzini ziyarət ediblər.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, burada onlar avqustun 23-də gətirilən 10 baş minaaxtaran itə baş çəkiblər. Dördayaqlı köməkçilərin saxlanması, qidalanması və akkreditasiya prosedurları barədə Marşal İrsi İnstitutu nümayəndələrinə ətraflı məlumat verilib.

Agentliyin minaaxtaran itlərin təlim mərkəzinə gətirilən itlərdən ikisinin ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyi ilə “PAŞA Bank” və “Kapital Bank” tərəfindən maliyyələşməsi vurğulanıb. Tərəfdaşlar itlərin adlarını da seçiblər. Belə ki, itlərdən birinə “Hünər”, digərinə “Bir İnci” adı verilib. Bu itlərə xüsusi hazırlanmış və üzərində adları qeyd olunan boyunluqlar bağışlanıb.

ABŞ-ın Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimor qeyd edib ki, 2023-cü ilin iyulunadək Azərbaycana 30 minaaxtaran itin verilməsi nəzərdə tutulub. Yerdə qalan 20 minaaxtaran itin öncədən razılaşdırılmış tarixlərdə ANAMA-ya çatdırılacağı diqqətə çatdırılıb. Müvafiq anlaşma memorandumu və müqavilə sənədinin avqustun 26-da ANAMA-nın idarə heyətinin sədri Vüqar Süleymanov və ABŞ-ın Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimor tərəfindən imzalanması planlaşdırılır.

Qeyd edək ki, 10 xüsusi təlim keçmiş it avqustun 23-də “Silk Way West Airlines” şirkəti tərəfindən təmənnasız olaraq Azərbaycana çatdırılıb.

AZƏRTAC