ABŞ-ın Oklahoma ştatı ilə əməkdaşlığın 20 illiyi
Digər xəbərlər

ABŞ-ın Oklahoma ştatı ilə əməkdaşlığın 20 illiyi

ABŞ-ın Oklahoma ştatı ilə "Ştatla Tərəfdaşlıq Proqramı" çərçivəsində qurulmuş əlaqələrin 20 illiyi münasibətilə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim ştata səfər edib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Oklahoma ştatının qubernatoru Con Kevin Stitt, Oklahoma Milli Qvardiyasının briqada generalı Tomas Mançino, kənd təsərrüfatı katibi Bleyn Artur və ticarət katibi Skot Müller ilə görüş keçirilib. Görüşdə Azərbaycanla Oklahoma ştatı arasında əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilib. Qubernator Stitt 2021-ci ildə Azərbaycana səfərinin və həmin səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşünün çox məhsuldar olduğunu qeyd edib. Ştatla Azərbaycan arasında hərbi əməkdaşlıqla yanaşı, iqtisadi və humanitar sahədə əməkdaşlığın önəmi vurğulanıb.

Görüşdən sonra səfir Xəzər İbrahim qubernatorla birgə ştatın yerli "KWTV 9" və "KOCO Channel 5" kanallarına müsahibə verib.

Xəzər İbrahim, həmçinin Oklahoma Dövlət Universitetinə (ODU) baş çəkib. Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Oklahoma Dövlət Universiteti arasında birgə akademik proqramların hazırlanması və tələbə mübadiləsi sahəsində əməkdaşlıq əlaqələri mövcuddur. 2019-cu il noyabrın 7-də ADAU və ODU arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün anlaşma memorandumu və 2021-ci il iyulun 30-da ADAU ilə ODU arasında magistratura səviyyəsində ikili diplom proqramı üzrə əməkdaşlıq memorandumu imzalanıb. Universitetlər arasında tərəfdaşlıq çərçivəsində ODU-nun iki tələbəsi sentyabr ayında ADAU-ya göndəriləcək. Universiteti ziyarət zamanı ODU-nun vitse-prezidenti, müəllim heyəti və tələbələri ilə görüş keçirilib, onları maraqlandıran suallar cavanlandırılıb.

Keçirilmiş görüşlər zamanı qarşı tərəf kənd təsərrüfatı ilə yanaşı, turizm və biznes sahələrində də Azərbaycanın ali təhsil ocaqları ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirməyi təklif edib.

Xatırladaq ki, martın 28-dən aprelin 2-dək "Ştatla Tərəfdaşlıq Proqramı" çərçivəsində Oklahoma ştatında keçirilmiş "Yaralıların toplama məntəqəsindən tibbi təxliyəsi" adlı tədbirdə Müdafiə Nazirliyinin 5 zabiti iştirak edib.

AZƏRTAC