ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Digər xəbərlər

ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə ABŞ arasında təsdiq olunmuş “Ştatla tərəfdaşlıq” proqramı əsasında Azərbaycan Ordusunun və Oklahoma ştatının Milli Qvardiyasının müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığının yeni istiqamətləri müəyyən olunub, birgə layihələr müzakirə edilib.

Tərəflər Azərbaycan Ordusu ilə Oklahoma ştatının Milli Qvardiyası arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Sonra nümayəndə heyətinin “N” hərbi hissəsinə ziyarəti təşkil olunub.

Qırx dörd günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış hərbi qulluqçuların xatirəsinə salınmış guşə ziyarət olunub. General-mayor M.Tompson Fəxri ziyarətçi və qonaqlar kitabına ürək sözlərini yazıb.

Hərbi hissənin iclas zalında brifinq təqdim olunduqdan sonra nümayəndə heyəti “N” hərbi hissəsinin Əməliyyat İmkanları Konsepsiyasına (ƏİK) bəyan edilmiş bölmələrinin fəaliyyəti və onlar üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olub.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.

AZƏRTAC