ABŞ səfiri: Son 30 ildə Azərbaycanla bir çox sahələrdə mühüm işlər görmüşük
Siyasət

ABŞ səfiri: Son 30 ildə Azərbaycanla bir çox sahələrdə mühüm işlər görmüşük

Azərbaycandakı vəzifəm bu yay bitir. Burada səfir olmaq çox xoşdur. Gələcəkdə də ölkələrimiz arasındakı əlaqələr etibarlı əllərdə olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger iyunun 9-da jurnalistlərlə keçirilən dəyirmi masada söyləyib.

O, ABŞ-ın Cənubi Qafqazda suverenliyə dəstək göstərməyə hər zaman hazır olduğunu diqqətə çatdırıb.

"Son 30 ildə biz Azərbaycan ilə qanunun aliliyi, təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrində mühüm işlər görmüşük. ABŞ növbəti 30 ildə də sülhün təmin edilməsinə dəstək verəcək", - deyən diplomat, həmçinin Azərbaycanın terrorizmlə mübarizəsini təqdirəlayiq hesab edib.

O deyib: "Biz hazırda Avropa İttifaq

ının Azərbaycan və Ermənistan arasında vəziyyətin normallaşması proseslərində uğurlu olduğunu müşahidə edirik. ABŞ Avropa İttifaqının bu təşəbbüslərini dəstəkləyir. Liderlər, xarici işlər nazirləri və işçi qrupları səviyyəsində sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat yollarının açılması prosesləri barədə danışıqlar aparılır. Bütün bunlar regionun davamlı iqtisadi inkişafı üçün vacib məsələlərdir".

Səfir, həmçinin qeyd edib ki, ABŞ Azərbaycanda və Cənubi Qafqazda dinc və firavan gələcəyin təmin edilməsini öz öhdəliyinə götürüb. ABŞ ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə regionda uzun, davamlı sülhün təmin olunmasına kömək göstərməyə hazırdır. Regionun bütün ölkələri arasında kommunikasiyaların açılması çox vacibdir.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ABŞ-a vacib səfərinin baş tutduğunu qeyd edən diplomat səfər zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşdırılmasında ABŞ-ın oynadığı rolun müzakirə olunduğunu da diqqətə çatdırıb.

"Amerika Birləşmiş Ştatları işğaldan azad olunmuş ərazilərdə Azərbaycana humanitar minatəmizləmə sahəsində dəstək göstərdiyini bəyan edib. Ümid edirəm ki, ABŞ Azərbaycana daha çox yardım edə biləcək. Çünki buna çox böyük ehtiyac var. Münaqişənin başa çatmasından bu günədək 200-ə yaxın azərbaycanlı minaların qurbanı olub. İşğaldan azad olunmuş ərazilər minalardan tamamilə təmizlənmədən köçkünlərin öz torpaqlarına qayıdış prosesinin şahidi ola bilməyəcəyik", - deyə Örl Litzenberger bildirib.

Diplomat işğaldan azad olunmuş ərazilərdə bir neçə ABŞ şirkətinin spesifik layihələrdə iştirak etdiyini vurğulayaraq deyib: "Amerika şirkətləri xüsusilə bərpaolunan enerji sahəsində dünyanın ən yaxşı texnologiyasına sahibdir. İşğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerji ən vacib enerji mənbəyi hesab edilir. Azərbaycan Prezidenti İlham Əliyev bu ərazilərdə külək, günəş və hidroenerji üçün potensialın olduğunu qeyd edib. Bizim bu sahədə ən keyfiyyətli və ən yaxşı qiymətlərlə texnologiya təqdim edən şirkətlərimiz var".

Rusiya və Ukrayna arasında gedən müharibəyə də toxunan ABŞ səfiri bunun Avropa üçün əlavə qaz resurslarının tapılmasına ehtiyac yaratdığını diqqətə çatdırıb: "ABŞ da daxil olmaqla müxtəlif ölkə rəsmilərinin iştirak etdiyi Bakı Enerji Forumunda biz Azərbaycan qazının Avropaya ixracının artırılması ilə bağlı müzakirələr apardıq".

AZƏRTAC