Ad günü keçirməyən qəhrəman
Region

Ad günü keçirməyən qəhrəman

Vətəninin,torpağının bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan oğulların qəhrəmanlığı tariximizin ən şərəfli səhifələrindən biridir. Torpaq uğrunda canını fəda edən vətən övladı əslində ölmür, ölümü ilə əbədilik qazanır, şəhidlik məqamına yüksəlir. Dünyada bundan böyük hünər, bundan yüksək ucalıq ola bilərmi?! Vətən həmişə öz oğullarına əmanətdir, onu göz bəbəyi kimi qorumaq isə ən böyük şərəfdir, ən müqəddəs vəzifədir. Belə qəhrəman oğullardan biri də Tural Abdullayevdir.Turalın anadan olduğu il Qarabağda və Şərqi Zəngəzurda erməni işğalı, azərbaycanlılara qarşı silahlı hücumları tüğyan edirdi. Qısa, lakin şərəfli ömür yaşayan Tural 1990-cı il fevralın 26-da Laçın rayonunun Ərikli kəndində anadan olub. Elə həmin il ailəsi Xocalıya köçüb və burada tikilən yeni evlərin birində yaşayıblar. Silah, mərmi səsləri altında həyata göz açıb. İki yaşı tamam olan gün Ermənistan silahlı qüvvələri və onların havadarları Turalın yaşadığı şəhəri yerlə - yeksan edərək dinc əhaliyə qarşı soyqırımı törədiblər. Faciə baş verən gün ermənilər Turalın yaxın qohumlarından birinin ailəsini bütünlüklə məhv ediblər.

Xocalı qətliamı Turalın gözləri qarşısında baş verib, adamların üzləşdiyi faciə onun körpə qəlbinə dağ kimi basılıb, həlak olan xocalılıların, həmyaşıdlarının kədəri ilə böyüyüb. Fevralın 26-da doğulan Tural heç vaxt ad günü keçirməyib, həmin dəhşətli günü acı xatirələrlə, qan donduran hisslərlə yad edib,düşməndən qisas alacağına and içib. Öz həmyaşıdları arasında qorxmaz,vətənpərvər gənc kimi tanınıb. Hələ uşaq yaşlarında atasına tez-tez deyirmiş ki, Xocalının qisasını almaq lazımdır,böyüyüb düşməni məhv edəcəyəm.Tural Abdullayev 2008-2010-cu illərdə Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Cəsur, qorxmaz əsgər kimi komandirləri tərəfindən qarşıya qoyulan döyüş tapşırıqlarını uğurla yerinə yetirib. Tural xidmətini 2011-ci ildə Daxili qoşunlarda müddətdən artıq hərbi qulluqçu kimi davam etdirib. Dəfələrlə komandanlıq tərəfindən Fəxri Fərman və döş nişanları ilə təltif edilib.Xüsusi təlimlərdə yüksək peşəkarlıq və döyüş qabiliyyəti nümayiş etdirib.

Şəhidin atası Şakir kişi danışır ki, hərbi xidmətdən məzuniyyətə gəlmişdi. Arada onun telefonla danışdığını eşitdim, başa düşdüm ki, cəbhə xəttində vəziyyət yaxşı deyil, ermənilər sərhəd kəndlərinə hücum edirlər. Ata-anasının yalvarışlarına baxmayaraq məzuniyyətini yarıda qoyaraq xidmət etdiyi hərbi hissəyə qayıtdı.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu Tural Abdullayev 2020-ci il sentyabrın 27-də başlayan əks -- hücum əməliyyatlarında iştirak edib. Boz qurd ləqəbli Tural döyüşlərin ilk dəqiqəsindən hünər və şücaət göstərib, düşmənin canlı qüvvəsini məhv edib. Murovdağ istiqamətində gedən şiddətli döyüşlərdə igidlik nümayiş etdirib, düşmən mövqelərinin alınmasında fəal iştirak edib. Qeyd edək ki, Vətən müharibəsində ən ağır döyüşlər Murovdağ istiqamətində aparılıb. Otuz il  mövqelərini möhkəmlədən düşmən burada keçilməz sədlər qurmuş, yeraltı bunkerlər inşa etmiş, bir sözlə, buranı cəbbəxanaya çevirmişdi.Qəhrəman əsgər və zabitlərimizin qanı, canı bahasına addım-addım irəliləyən silahlı qüvvələrimizin bölmələri mənfur düşməni məhv edərək torpaqlarımızı azad ediblər. Belə döyüşlərin birində, sentyabrın 30- da cəsur döyüşçü Turalın qəlbi əbədi dayanıb, döyüşün ən ağır məqamında düşmən mərmisi onların yanına düşüb. Sinəsi ilə Vətən torpağına sipər olan Tural Abdullayev Xəzər rayonunun Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edilib.Şəhid Tural Abdullayevə məxsus əşyalar Azərbaycan Tarix Muzeyinin Vətən müharibəsi fonduna verilib.Şəhidin əziz xatirəsi xalqımızın qan yaddaşında əbədi yaşayacaq. Qəhrəman döyüşçünün ailəsi dövlətimiz tərəfindən himayə olunur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad edilməsi zamanı qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, hərbi qulluq vəzifəsini mərdlik və igidliklə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Tural Abdullayev ölümündən sonra “Qarabağ” ordeni ilə təltif edilib. “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları onun igidliyinə və şücaətinə verilən ən yüksək qiymətdir, şəhid ata-anasına bir təsəllidir.

                                                                                               Salman ALIOĞLU,

                                                                                                          “Respublika”.