ADA Universiteti ilə Qazaxıstanın Dövlət İdarəçilik Akademiyası arasında memorandum imzalanıb
Elm və təhsil

ADA Universiteti ilə Qazaxıstanın Dövlət İdarəçilik Akademiyası arasında memorandum imzalanıb

ADA Universitetində Qazaxıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Yerlan Abilin iştirakı ilə memorandum imzalanıb.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Bildirilib ki, sənədi ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və Dövlət İdarəçilik Akademiyasının rektoru Yerlan Abil imzalayıblar.

Memorandum çərçivəsində təhsil, tədqiqat sahəsində birgə əməkdaşlıq və hər iki ali təhsil qurumu arasında təcrübə mübadiləsi həyata keçiriləcək. Bu məqsədlə, tərəflər elmi sahədə mütəxəssislərin hazırlanması istiqamətində əlaqələri genişləndirəcək, birgə tədqiqat layihələri hazırlayacaq və əhəmiyyət kəsb edən mövzular üzrə forum, simpozium, konfrans və ekspert görüşləri keçirəcək.

İmzalanma mərasimində çıxış edən rektor Hafiz Paşayev Mərkəzi Asiya regionunda yerləşən ölkələrlə bağlı araşdırmaların aparılmasının vacibliyinə toxunaraq, istər tələbə, istərsə də ekspertlər səviyyəsində təşkil edilən mübadilə proqramlarının bu işdə öz faydasını verəcəyini bildirib. Əlavə edilib ki, doktorantura səviyyəsi üzrə təhsil alan gənclərin bu proqramlar vasitəsilə Azərbaycana və Qazaxıstana qarşılıqlı səfərləri hər iki ölkə arasında akademik əlaqələri genişləndirəcək.

Rektor Yerlan Abil vurğulayıb ki, ADA Universiteti ilə əməkdaşlıq xüsusilə də ictimai sektorda fəaliyyət göstərən qazaxıstanlı gənc peşəkarların inkişafını sürətləndirəcək.

ADA Universitetinin prorektoru və Universitetin nəzdində təsis edilən İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə diqqətə çatdırıb ki, bu gün imzalanan sənəd çərçivəsində Mərkəzi Asiya ölkələri üçün aktual sayılan mövzular üzrə tədqiqat layihələri də həyata keçiriləcək.

Qeyd edək ki, Qazaxıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ADA Universitetinin sözügedən ölkədə yerləşən sayca beşinci akademik tərəfdaşıdır. Hazırda ADA Universitetində Qazaxıstanı təmsil edən 30-dək tələbə təhsil alır.

AZƏRTAC