ADA Universitetində 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi keçirilir
Elm və təhsil

ADA Universitetində 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi keçirilir

İyunun 2-də ADA Universitetində Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konqresdə elm və təhsil sahəsi üzrə bir çox rəsmilər, türk dövlətlərinin aparıcı universitetlərinin rektorları, nüfuzlu alimlər və yüksəksəlahiyyətli yerli və xarici çıxışçılar iştirak edirlər.

Konqres çərçivəsində baş tutacaq panel müzakirələr çərçivəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə regionda yaranan yeni reallıqlar və çağırışlar, geosiyasi vəziyyət və sülh quruculuğu kimi mövzular ətrafında müzakirələr aparılacaq.

Tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Açılış mərasimində çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Konqres iştirakçılarını salamlayaraq tədbirin daha əvvəl İspaniya, Rumıniya, Türkiyə, Qüds, Özbəkistan və Makedoniyada keçirildiyini nəzərə çatdırıb. Rektor konqresdə iştirak etmək üçün 520-dən çox qonağın Bakıya, ADA Universitetinə gəldiyini və 1000-dən çox akademik məruzənin təqdim edildiyini bildirib. Səfir Hafiz Paşayev əlavə edib ki, ADA Universiteti Türkiyənin bir neçə aparıcı universiteti də daxil olmaqla dünyanın 100-dən çox ali təhsil ocağı ilə akademik əməkdaşlığı inkişaf etdirib.

Milli Məclisin sədri Sahibə Qafarova 7-ci Beynəlxalq Sosial Elmlər Konqresinin akademik dairələrimizin birgə fəaliyyətinin daha da gücləndirilməsindəki önəmindən bəhs edərək deyib ki, Konqresin Qarabağa həsr olunması, Qarabağ həqiqətlərinin akademik dairələr tərəfindən vurğulanması və elmi ədəbiyyatda əks etdirilərək gələcək nəsillərə ötürülməsi olduqca vacibdir.

Spiker bildirib ki, dövlətlərimiz arasında rəsmi münasibətlər 30 ili əhatə etsə də, xalqlarımızın ortaq tarix, dil, mənəvi-mədəni dəyərlərə əsaslanan birliyi və həmrəyliyi əsrlərdən bəri davam edir. Azərbaycan-Türkiyə əlaqələrinin bugünkü səviyyəsi isə birlik və həmrəyliyimizin yeni bir təzahürüdür.

Türkiyə Respublikası Böyük Millət Məclisinin sədri Mustafa Şentop konfransın əhəmiyyətini vurğulayaraq söyləyib ki, tədbir çərçivəsində təxminən 30 il davam edən işğal, verilən şəhidlər, ürək parçalayan Xocalı qətliamına alimlər tərəfindən diqqət çəkiləcək.

Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə eşidilməsinin Türkiyə üçün vacibliyini vurğulayan sədr 20 fərqli ölkədən 100-dən çox professorun konqresdə iştirak etdiyini və buradakı müzakirələrin nəticəsinin kitab şəklində çap olunacağını diqqətə çatdırıb.

Təhsil naziri Emin Əmrullayev Azərbaycan və Türkiyənin təhsil nazirlikləri arasında əməkdaşlığa diqqət çəkərək gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün nəzərdə tutulmuş Dövlət Proqramına toxunub.

Dövlət proqramları çərçivəsində gənc istedadların təhsil almaları üçün geniş imkanların təqdim edildiyini vurğulayan nazir Azərbaycandan 20 mindən çox tələbənin Türkiyədə təhsil aldığını və bu il Bakıda Azərbaycan-Türkiyə Universitetinin əsasının qoyulacağını nəzərə çatdırıb.

Sonda çıxış edən Beynəlxalq Balkan Universitetinin rektoru Erol Özvar Türkiyə universitetləri ilə Azərbaycan ali təhsil müəssisələri arasında əlaqələrin inkişafından və perspektivlərdən söhbət açıb.

İki gün davam edəcək Konqres çərçivəsində Bakıda panel müzakirələr baş tutacaq. Konqres Şuşada təşkil olunacaq tədbirlə başa çatacaq.

AZƏRTAC