ADA Universitetində
Elm və təhsil

ADA Universitetində "Davamlı sabah üçün qadınlar" mövzusunda konfrans keçirilib

Noyabrın 22-də ADA Universitetində "Davamlı sabah üçün qadınlar" mövzusunda yüksək səviyyəli konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Latviyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Vija Busa çıxış edib. O deyib ki, bu konfransda qadınların münaqişədən sonrakı sülh və yenidənqurma prosesində rolu müzakirə ediləcək. "Latviya bu istiqamətdə öz təcrübəsini bölüşməyə hazırdır. Biz münaqişədən sonrakı dövrdə Cənubi Qafqazda normallaşma üçün töhfə verməyə şadıq", - deyə diplomat deyib.

Daha sonra Ailə, Qadın və Uşaq Komitəsinin sədrinin müavini Sədaqət Qəhrəmanova çıxış edib. O deyib ki, qadınların müxtəlif sahələrdə təmsilçiliyinin təşviqi vacibdir və Azərbaycan hökuməti bunu öz gündəliyində də prioritet hesab edir. Sədr müavini bildirib ki, Azərbaycan 30 illik münaqişədə böyük itkilər verib, münaqişə dövründə azərbaycanlı qadınların hüquqları pozulub. Son 44 günlük müharibədə də qadınlar və uşaqlar zərər görüb.

S.Qəhrəmanova deyib ki, Azərbaycan beynəlxalq tərəfdaşlarla əməkdaşlıq şəraitində birgə layihələr həyata keçirib, müharibədən zərər çəkən şəxslərlə sosial psixoloji iş aparılıb. "Müharibə şəhidlərinin ailələrinə, qazilərə, ümumilikdə 10 minədək şəxsə sosial psixoloji dəstək göstərmişik", - deyən sədr müavini qeyd edib ki, BMT və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə birgə münaqişədən əziyyət çəkmiş 3 regionla bağlı layihə həyata keçirilir.

Qeyd edilib ki, Azərbaycanda fəaliyyət göstərən Qadın Resurs mərkəzləri qadınlara dəstək verilməsi istiqamətində zəruri işlər görür. Bu mərkəzlər müharibədən zərər çəkən həssas qrupların ehtiyaclarını müəyyənləşdirməyə kömək edir.

Konfransa videoformatda qoşulan NATO Baş katibinin ictimai diplomatiya üzrə müşaviri Baiba Braze Azərbaycan-NATO münasibətlərinə toxunaraq, əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb və Azərbaycanın qlobal təhlükəsizliyə verdiyi töhfəni təqdir edib.

NATO rəsmisi çıxışında cəmiyyətin dayanıqlı strukturunun formalaşmasında qadınların rolunu vurğulayıb. O deyib ki, münaqişə və böhranlarda qadınlar yalnız qurban deyil, onlar, həmçinin bu böhranların həllində aparıcı rol oynaya bilərlər. Hökumətlər qadınların bu rolunu təşviq etməlidir.

"Qadınların sülhyaratma prosesində iştirakı qaçılmazdır. Qadınlar liderliyi ələ almalıdır və münaqişədən sonrakı prosesdə qərarvermədə fəal iştirak etməlidir", - deyə Baiba Braze qeyd edib. O bildirib ki, qadınların özəl sektorda iştirakı, eyni zamanda, ehtiyacları olan bilik və bacarıqlara çıxışı təmin edilməlidir.

Konfransa videoformatda qoşulan Latviya Müdafiə Nazirliyinin parlament katibi Baiba Blodniece Ukraynadakı müharibənin qadınlara təsirindən danışıb. O, həmçinin qeyd edib ki, bu gün Ukrayna silahlı qüvvələrinin 12 faizini qadınlar təşkil edir. Onlar həm ön xətdə kişilərlə çiyin-çiyinə savaşır, eyni zamanda, onlara psixoloji və tibbi dəstək verir.

Baiba Blodniece deyib ki, bu gün müharibə nəticəsində Ukraynanı tərk edən mülki şəxslərin 90 faizini qadın və uşaqlar təşkil edir. Ukraynanın ağrılı təcrübəsi Latviya üçün nəticələr çıxarmağa kömək edib.

BMT-nin Azərbaycandakı rezident nümayəndəsi Vladanka Andreyeva çıxışında deyib ki, Ukrayna müharibəsinə qədər Azərbaycan bu regionda ən çox məcburi köçkünü olan ölkə idi. Qadınlar münaqişənin ağır nəticələrinə məruz qalıblar.

BMT-nin rezident nümayəndəsi qadınların sosial, iqtisadi, siyasi sahələrdə fəal təmsilçiliyinin və qərarvermə proseslərində iştirakının vacibliyini vurğulayıb. O deyib ki, gender bərabərliyi və qadınların cəmiyyətdə fəal iştirakı istiqamətində BMT nümayəndəliyi Azərbaycan hökuməti ilə fəal işləməyə hər zaman hazırdır.

Konfransda, həmçinin Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə çıxış edib. O, NATO ilə Azərbaycan arasında əməkdaşlıq barədə danışıb. Cəfər Hüseynzadə bildirib ki, Azərbaycan qadınlara səsvermə hüququ verən ilk ölkələrdən biridir və müsəlman aləmində bunu edən ilk ölkədir. Gender bərabərliyi və qadınların fəal təmsilçiliyi bizim səylərimizin mərkəzində olub.

Konfransda çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Ould deyib ki, gender bərabərliyi, qadınların rolunun gücləndirilməsi və sülh prosesində iştirakı Britaniya üçün prioritetdir. O vurğulayıb ki, Böyük Britaniya öz təcrübəsini bölüşməyə hər zaman hazırdır. Britaniyalı diplomat deyib ki, yaxın gələcəkdə Azərbaycanın bu sahədə Milli Fəaliyyət Planının təsdiqlənəcəyinə inanır.

Konfrans panel müzakirələrlə davam edib. Müzakirələrdə Latviya, Gürcüstan, Britaniyadan olan ekspertlər və rəsmi nümayəndələr iştirak ediblər.

AZƏRTAC