ADA Universitetində “Huma quşu
Elm və təhsil

ADA Universitetində “Huma quşu" Təhsilə Yardım Fondunun təqdimatı keçirilib

Noyabrın 17-də ADA Universitetində "Huma quşu" Təhsilə Yardım Fondunun təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Fond Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşı, Komitənin xətti ilə Kolumbiyanın Medeyin şəhərində çalışdığı zaman faciəli şəkildə həyatını itirən, yazıçı və xeyriyyəçi Humay Vilayət qızı Quliyevanın xatirəsini yaşatmaq və humanitar fəaliyyətini davam etdirmək məqsədilə yaradılıb.

Tədbirdə ADA Universitetinin Dövlət, xarici və tələbə işləri üzrə prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva Fondun və ADA Universitetinin təhsil və xeyriyyəçilik sahəsində hədəflərinin kəsişmə nöqtələrindən danışıb. Bildirib ki, təhsilə yardım fondları vasitəsilə ehtiyacı olan gənclər nəinki maliyyə dəstəyi alır, eyni zamanda, ümumilikdə Azərbaycan təhsil sisteminə böyük töhfə vermiş olurlar.

Aygün Hacıyeva çıxışında təhsilə yardım göstərən ictimai institut və xeyriyyə fondlarının fəaliyyətini gələcəyə investisiya kimi dəyərləndirib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Draqana Koyiç təmsil etdiyi qurumun işinin məsuliyyət və çatinliklərindən danışıb.

"Biz xəstəlikdən əziyyət çəkən insanlara onların sağlamlığını geri qaytarmağa çalışırıq. Tez-tez təhlükəli yerlərdə oluruq. Humay bizim hər zaman can atdığı insanlıq nümunəsi idi. O Ukraynada, Kolumbiyada Qırmızı Xaç Cəmiyyətinin əməkdaşı kimi özünü təhlükəyə ataraq, işini ləyaqətlə görürdü. O qəlbinin gözəlliyi ilə ətrafdakılara təsir edirdi", - deyə Draqana Koyiç bildirib.

BQXK-nın Azərbaycan nümayəndəliyinin Müdafiə üzrə koordinator müavini Samir Hacımustafiç ilk dəfə Humay Quliyeva ilə Kiyevdə rastlaşdığını deyib. Bildirib ki, sonradan o, Humayın əməkdaş deyil, ailəvi dostuna çevrilib. Humayın şəxsi keyfiyyətlərindən danışan S.Hacımustafiç bildirib ki, o, çox cəsur, həm də yumor hissi olan bir dost idi.

Fondun yardımı ilə IT kurslarında təhsil alan İkinci Qarabağ müharibəsi iştirakçısı qazi Arif Hacıyev Fondun dəstəyinin onun həyatına göstərdiyi müsbət təsirdən danışıb.

Fondun prezidenti Humayın anası Şəhla Vəzirova "Huma quşu" Təhsilə Yardım Fondunun kommersiya məqsədi güdməyən, qeyri-hökumət təşkilatı olduğunu bildirib. Onun sözlərinə görə, əsas məqsəd imkansız və az təminatlı ailələrin istedad və bacarığı ilə seçilən övladlarının ölkəmizdə və Azərbaycanın hüdudlarından xaricdə keyfiyyətli bakalavr və magistr təhsil almasına və cəmiyyət üçün faydalı insanlar, Humay kimi xeyirxah, vətənpərvər gənclərin yetişməsinə maliyyə yardımı göstərməkdir.

"Bundan başqa Fond Qarabağ müharibəsi qazilərinin müxtəlif kurslarda müasir texnologiyalar sahəsində təhsil almalarına, ixtisaslarını artırmağa və yeni ixtisaslara yiyələnmələrinə maliyyə dəstəyi göstərir. Xeyriyyəçilik fəaliyyəti üçün təhsilə yardım sahəsinin seçilməsi ilk növbədə Humayın biliyə, təhsilə, kitaba, oxuyub-öyrənməyə olan sonsuz məhəbbəti ilə bağlıdır. Fondun maliyyə əsasını Humayın 10 ilə yaxın beynəlxalq təşkilatlarda fəaliyyəti zamanı şəxsi hesabında toplanmış vəsait təşkil edir. Fond işini genişləndirmək və imkansız gənclərin təhsilinə maliyyə dəstəyini daha böyük miqyasda təmin etmək üçün gələcəkdə müxtəlif qurumlardan və vətəndaşlardan xeyriyyə məqsədilə könüllü ianələrin, habelə birdəfəlik yardımların qəbul olunmasını da məqsədəuyğun sayır. Fondun fəaliyyətinin həyata keçirilməsində Humayın qohumları, yaxın dostları və rəfiqələri könüllülük prinsipi əsasında təmənnasız şəkildə iştirak edirlər. Qərarlar kollegiallıq, dürüstlük və Nizamnamədə əksini tapan digər prinsip və meyarlara arxalanmaqla qəbul edilir. Bu zaman yalnız maddi imkansızlıq yox, həm də istedad, zəhmətsevərlik, intizam, ictimai fəallıq, vətənpərvərlik, məqsədyönlülük, milli-mənəvi dəyərlərə bağlılıq kimi amillər də əsas götürülür",- deyə Şəhla Vəzirova diqqətə çatdırıb.

Fondun Himayəçilik Şurasının üzvü Leyla Tağızadə Fondun təhsilə dəstək və təqaüd proqramları, fəaliyyət göstərdiyi müddət ərzində qazilərə və maliyyə imkanı məhdud tələbələrə təhsilə yardım istiqamətində verilmiş dəstək və gələcək planlardan, o cümlədən 2023-cü ilin magistr təqaüd proqramından bəhs edib.

Sonra Humay haqqında çəkilmiş, dostlarının və həmkarlarının xatirələrinin yer aldığı sənədli film nümayiş etdirilib. Filmdə Humayla birlikdə təhsil almış və ya çalışmış dostları və həmkarları xatirə və təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, Fondun fəaliyyəti barədə ətraflı məlumat və proqramlarda iştirak üçün ərizə forması fondun feysbuk səhifəsində və humagushu.az saytında yerləşdirilib.

AZƏRTAC